Şirvanşahlar dövləti

\"\"VI yüzilin əvvəllərində alban arşakilər sülaləsinin Sasanilər tərəfindən ləğvi qədim Şirvan torpağında, Şabrançay və Gilgilçay hövzələri ərazisində \"şirvanşah\" titullu hakimlərin idarə etdiyi yeni qurumun təşəkkülü üçün zəmin yaratdı. Onun şimal sərhəddi Dərbənd idi. Tarixi ənənə bu dövlətin əsasının qoyulmasını Sasani hökmdarı I Ərdəşirin (224-241), digər mülahizəyə əsasən isə I Xosrov Ənuşirəvanın (531-579) adları ilə bağlayır. Mənbələrdə ilkin şirvanşahların adları haqqında məlumat yoxdur. Qeyd etmək lazımdır ki, şirvanşahlar tarix boyu istiqlal uğrunda mübarizə aparmış və ölkəni əsasən müstəqil surətdə idarə etmişlər. Lakin Şirvan işğalçıların hakimiyyəti altına düşdükdə, şirvanşahlar vassal asılılığında olmuş və öz süzerenlərinə vergi ödəmişlər. Ərəblər dövründə (X əsr və sonralar) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənubşərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx (Alazan) çayı, şərqdə Xəzər dənizi idi. Şirvanşahlar dövləti on əsr ərzində öz müstəqilliyi uğrunda qəhrəmancasına mübarizə aparmasına baxmayaraq, 1538-ci ildən sonra faktiki olaraq aradan çıxdı.O, tarix səhnəsinə çıxan güclü Azərbaycan Səfəvilər dövləti qoşunlarının zərbələri altında süqut etdi. Şirvan dövlətinin paytaxtı Şamaxı idi. XII əsrdən Bakı şəhəri iqamətgaha çevrildi və sonralar, XV əsrdə paytaxt tamamilə buraya köçürüldü.