Əziz əsgərlər, zabitlər, Azərbaycan Respublikası Milli Ordusunun döyüşçüləri!
Mən sizi səmimi qəlbdən salamlayıram. Sizin simanızda, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən Azərbaycan ordusunun bütün hərbi hissələrini, hər bir əsgəri, hər bir zabiti salamlayıram. Sizin simanızda Azərbaycan Milli Ordusunun bütün əsgərlərini, zabitlərini, döyüşçülərini salamlayıram. Hamınıza cansağlığı, səadət və bu şərəfli işinizdə uğurlar arzulayıram.
Azərbaycan Milli Ordusu özünün yaranmasının beşinci ilini bu ay qeyd etdi. Bu beş ildə Azərbaycan Milli Ordusu böyük, şərəfli, eyni zamanda çox əzab-əziyyətli yol keçmişdir. Milli ordunun yaranması prosesi nə qədər çətin, mürəkkəb olmuşdusa, onun yaranması haqqında qanun qəbul edildikdən sonra ordunun həqiqətən yaradılması, təşkili, ordu şəklinə salınması bir o qədər çətin olmuşdur. O illərdə Azərbaycanın milli ordusunu yaratmaq üçün lazımı səylər qoyulmamasının nəticəsində olmuş, eyni zamanda Azərbaycana rəhbərlik edənlərin müstəqillikdən imtina etmək, yaxud ona xor baxmaq, Ümumittifaq asılılığından ayrılmamaq əhval-ruhiyyəsindən irəli gəlmişdir. Məhz bunlara görə də Azərbaycanın milli ordusu onun haqqında qanun qəbul olunandan sonra xeyli müddət təşkil edilməmiş, bu da o dövrdə Azərbaycana qarşı hərbi təcavüz edən və çox güclü əməliyyatlar aparan Ermənistan silahlı qüvvələrinin qarşısının alınmasını təmin etməmişdir.
Bunlar o illərin həqiqətidir. İndi isə biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, torpaqlarını, dövlətçiliyini müdafiə etmək üçün yararlı ordusu var. Bu ordu gündən-günə güclənir, öz hərbi peşə səviyyəsini artırır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi artıq tarixi həqiqətə çevrilibdir, əbədidir, dönməzdir, yenilməzdir. Müstəqil Azərbaycan Respublikasını, Azərbaycan dövlətini qoruyub saxlamaq üçün bizim güclü silahlı qüvvələrimiz, güclü milli ordumuz olmalıdır. Bu, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Əmin ola bilərsiniz ki, bu sahədə lazımı işlər görülür, lazımı tədbirlər həyata keçirilir və Azərbaycan Ordusu öz gücünü, qudrətini, əsgəri məharətini gündən-günə təkmilləşdirir.
Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlanmış təcavüzünə cavab vermək, onun qarşısını almaq üçün, bu təcavüzə cavab olaraq Azərbaycanın torpaqlarını qorumaq, müdafiə etmək üçün burada, Naxçıvanda da ordunun, silahlı qüvvələrin yaranması o dövrün zərurəti idi.
Məlumdur ki, Ermənistan qondarma "Dağlıq Qarabağ problemi" ilə əlaqədar Azərbaycana qarşı hərbi təcavüzə başlayarkən Ermənistan ilə Azərbaycanın sərhədlərində vaxtaşırı hərbi münaqişələr baş verirdi. Belə hərbi münaqişələr burada, Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində də olurdu. Məhz bu münaqişələr nəticəsində, xüsusən Ermənistanın hərbi təcavüzü nəticəsində 1990-cı ildə sərhədlərin bir qismi pozulmuş, döyüşlər getmiş, atışmalar olmuş və təəssüflər olsun ki, Azərbaycan Respublikasının, Naxçıvanın böyük bir kəndi - Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Burada Ermənistan - Azərbaycan sərhədinin başqa yerlərində də faciəli hallar olmuş, Azərbaycanın, Naxçıvan Muxtar Respublikasının igid, mərd oğulları torpaqlarımızı müdafiə edərkən özlərini qurban vermişiər, şəhid olmuşlar. Naxçıvanlılar öz torpağını qorumaq üçün ayağa qalxmış və böyük qəhrəmanlıq nümunələri göstərmişlər.
Bunlar xalqın iradəsindən, vətənpərvərlik hislərindən irəli gələn hallar idi. Ancaq o vaxt, hələ 1988 - 1990-cı illərdə Ermənistanda böyük silahlı qüvvələr yaranan zaman, təəssüf ki, bunun müqabilində Azərbaycanda lazımı tədbiriər görülməmişdir. Bu da Ermənistan silahlı qüvvələrinə üstünlük vermis, o dövrdə Azərbaycan Respublikası ərazisinin bir qisminin işğal edilməsinə səbəb olmuşdur.
1990-1991-ci illərdə burada çox gərgin vəziyyət vardı. Bir tərəfdən Ermənistan ərazisindən Naxçıvana, Azərbaycana vaxtaşırı hücumlar baş verir, ikinci tərəfdən də Naxçıvanda daxili ictimai-siyasi vəziyyət həddən artıq gərgin idi. O illərdə naxçıvanlılar çox gərgin bir dövr yaşadılar.
O zaman Naxçıvanın torpaqlarını qorumaq, Ermənistanın hərbi təcavüzünə cavab vermək üçün sentyabrın əvvəlində, artıq Sovetlər İttifaqının dağılması ilə əlaqədar Naxçıvan müstəqil hərəkət edərək, - bilirsiniz ki, bu proseslər Naxçıvanda Azərbaycanın paytaxtından da və başqa bölgələrindən də qabaq inkişaf etdi, - hakimiyyəti özü idarə etdi. Bizim ilk addımlarımızdan biri Naxçıvanda Müdafiə Komitəsi yaratmaq oldu. Bununla da biz Naxçıvanda mütəşəkkil silahlı qüvvələr yaratmaq prosesinə başladıq. O vaxt Azərbaycan Silahlı Qüvvələrinin bir hissəsi olan Naxçıvan silahlı qüvvələri yaranmağa başladı.
Amma xatirinizdədir ki, o vaxt burada, dayandığımız bu yerdə - bu meydanda, bu binalarda, ətrafda, Naxçıvanın ərazisində keçmiş Sovetlər İttifaqının böyük hərbi hissələri, o cümlədən böyük bir diviziyası - 75-ci motoatıcı diviziya yerləşirdi. O illər biz çox gərgin iş apardıq və bütün bunların nəticəsində nəhayət, sonra Rusiyanın sərəncamına keçmiş həmin diviziyanın buradan köçməsinə nail olduq. Ola bilər, Azərbaycanın ərazisində yeganə yerdir ki, biz burada keçmiş Sovetlər İttifaqının ordusuna məxsus olan bütün əmlakı, silah-sursatı sağ-salamat təhvil aldıq və Rusiya diviziyasını sakitcə, xoşluqla yola saldıq. Bu, keçmiş ittifaqdan Azərbaycanın payına düşən silah-sursatın, əmlakın alınmasının ilk addımı idi. Bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, biz bu işi çox səriştəli gördük və burada nə vardısa, nə yaranmışdısa, onun Azərbaycana məxsus əmlak olduğunu sübut etdik və hamısını Azərbaycanın sərəncamına keçirdik. Təəssüflər olsun ki, Azərbaycanın başqa bölgələrində, o cümlədən paytaxtında keçmiş Sovetlər İttifaqına mənsub olan ordu hissələrinin əmlakının bir çoxu o vaxt çıxarıldı, bu da Azərbaycanı lazımı səviyyədə ordu yaratmaq üçün maddi-texniki bazadan çox məhrum etdi.
Beləliklə, biz burada Azərbaycanın milli ordusunu yaratdıq. Ancaq təəssüflər olsun ki, o vaxt Naxçıvanda bizə maneçilik göstərən qüvvələr çox idi. Sonra isə hakimiyyətə gələn səriştəsiz insanlar, o cümlədən Azərbaycanın o vaxtkı Müdafiə naziri Rəhim Qazıyev və onun nümayəndələri görülmüş bu işlərə çox qısqanclıqla yanaşaraq, gəlib bunları dağıtmağa çalışdılar. Biz burada nə qədər çətin proseslərlə üzləşdik. Bu binaları, bu varidatı ayrı-ayrı nadanların ixtiyarına verməyə çalışdılar və bəzən də buna nail oldular.
Təsəvvür edin, Naxçıvan Muxtar Respublikasında o vaxt Sovetlər İttifaqı miqyasında ən güclü diviziyalardan biri yerləşirdi. İş o yerə gəlib çatdı ki, bu diviziyaya 1993-cü ildə uzun müddət "KamAZ" sürücüsü olmuş, guya Xalq Cəbhəsinin fəallarından olan yaramaz bir adamın Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən komandir təyin edilməsi təhlükəsi qarşısında qaldıq. Mən bunların qarşısını almağa çalışdım, müəyyən qədər də aldım. Ancaq biz burada nə qədər çətinliklər çəkirdik. O adamlar, nadanlar, - hansılar ki, Azərbaycanın o vaxtkı rəhbərlərinin əmrləri, göstərişləri ilə bu əmlakı əllərinə keçirdilər, - burada olan şeyləri qoruyub saxlamaqla yox, yalnız dağıtmaqla məşğul olmuşlar.
1993-cü ildə Azərbaycanda baş vermis hadisələr - vətəndaş müharibəsi və başqa proseslər ağır, çətin oldu. Biz onların qarşısını aldıq. Eyni zamanda cəmiyyətimiz də bu yaramaz ünsürlərdən təmizləndi. Naxçıvan da təmizləndi.
Buraya, bu binaya, bu meydana mən dəfələrlə gəlmişəm. Rusiyanın diviziyası burada olanda da gəlmişəm - çox yüksək səviyyədə qayda-qanun vardı. Ancaq sonra, biz bunu Azərbaycanın əmlakı etsək də, ayrı-ayrı nadanlar gətirilib buraya qoyulandan sonra da gəldim və buraları bərbad vəziyyətdə gördüm. Ürəyim ağrıyırdı, əziyyət çəkirdik.
Belə çətin proseslərdən keçib, indi artıq Naxçıvan Muxtar Respublikasının ərazisini qorumaq üçün yararlı bir ordunun təşkilinə nail olmuşuq. Mən bu gün buranı, burada olan qanun-qaydanı, mühiti görürəm və deyə bilərəm ki, keçmiş sovet ordusunun vaxtındakından heç də əskik, ondan aşağı səviyyədə deyil, hesab edirəm ki, ondan da yuxarı səviyyədədir.
Beləliklə, burada - Naxçıvanda Azərbaycan Milli Ordusunun böyük bir hissəsi yaranıb və yaranır. Mən Azərbaycan Milli Ordusunun vəziyyəti ilə daim maraqlanır, ona qayğı göstərir, sizin işləriniz, vəziyyətiniz haqqında məlumat alıram. Məmnunam ki, burada işlər normal səviyyədə gedir, Naxçıvanın blokada şəraitində olmasına, Azərbaycanın əsas torpağından ayrı düşməsinə, bir çox çətinliklərin, problemlərin olmasına baxmayaraq, Naxçıvanda yerləşən hərbi hissələr çox yaxşı vəziyyətdədir. Bu, bizim borcumuzdur, bunu edirik və mən məmnunam ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, onun sədri və Naxçıvanda yerləşən bu hərbi hissəsinin komandanlığı bizim göstərdiyimiz qayğı və diqqətdən səmərəli istifadə edirlər və artıq burada lazımı qanun-qayda yaranır.
Əziz övladlarımız, Azərbaycan Ordusunun əsgərləri, zabitləri, siz şərəfli xidmətdəsiniz. Orduda xidmət etmək Azərbaycanın hər bir vətəndaşının şərəfli borcudur. Müstəqil Azərbaycan Respublikasının Milli Ordusuna xidmət etmək hər bir azərbaycanlı üçün böyük iftixardır, fəxr edə bilərsiniz. Fəxr etməlisiniz ki, xalqımız sizə bu şərəfli vəzifəni etibar edibdir. Xalqımız sizə ümid bəsləyir, arxalanır və sizə etibar edərək, ümid bəsləyərək rahat yaşaya bilir, respublikamızın işğal edilmiş torpaqlarının azad olunmasına böyük ümidlərlə yaşayır və Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına heç də şübhə etmir.
Azərbaycan Ordusu gəncdir. Siz əsgərlər də ilk günlərdən Azərbaycan Ordusunun əsasını qoyanlardansınız. Ona görə də öz məsuliyyətinizi dərk etməlisiniz, bunu daim düşünməlisiniz və Vətən, millət, müstəqil Azərbaycan qarşısında borcunuzu şərəflə yerinə yetirməyə çalışmalısınız. Heç şübhə yoxdur ki, Azərbaycan Ordusu gündən-günə güclənəcəkdir. Ona görə ki, müstəqil Azərbaycan dövləti özünə layiq güclü orduya malik olmalıdır. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzlə əlaqədar ordumuz daha da güclü olmalıdır.
Biz Ermənistan ilə Azərbaycan arasındakı hərbi münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz respublikamıza, xalqımıza böyük maddi-mənəvi zərbələr vurubdur. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal edilmiş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşmüşdür. Ermənistan - Azərbaycan münaqişəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası xüsusən ağır vəziyyətə düşüb, çünki Naxçıvanı Azərbaycanın paytaxtı və başqa bölgələri ilə bağlayan bütün xətlər - nəqliyyat, rabitə hamısı kəsilib, Naxçıvan blokada vəziyyətindədir. Bunlar da Azərbaycana vurulan maddi-mə'nəvi zərbələrdir.
Buna baxmayaraq, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Məhz buna görə də 1994-cü ilin mayında atəşkəs haqqında saziş əldə etmişik. Bu sazişə riayət edir, mütəmadi olaraq cürbəcür istiqamətlərdə fəaliyyət göstərir, danışıqlar aparır, beynəlxalq təşkilatların, böyük dövlətlərin imkanlarından istifadə edir, Ermənistanla biləvasitə danışıqlar aparırıq və bunların hamısını məsələnin sülh yolu ilə həll olunmasına yönəldirik. Mən inanıram ki, biz buna nail olacağıq. Çünki artıq hiss olunur ki, Ermənistanda da anlayıblar, başa düşüblər ki, onlar istədiklərinə zor ilə, güc ilə nail ola bilməyəcəkiər. Yəni Azərbaycan torpaqlarının bir hissəsini - Dağlıq Qarabağı əllərinə keçirə bilməyəcəklər. Biz heç vaxt Azərbaycan torpaqlarının bir qarışını, bir metrini də əlimizdən verməyəcəyik. Xalqımız buna əmin ola bilər. Yaranmış vəziyyət müvəqqətidir, biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, torpaqlarımızın etibarlı müdafiəsinə, sərhədlərimizin bərpa edilməsinə nail olacağıq.
Ermənistanın bəzi təcavüzkar qüvvələri güman edirlər ki, keçmişdə əldə etdikləri müəyyən hərbi üstünlüyə görə istədiklərinə nail ola bilərlər. Yox! Dəfələrlə elan etmişik ki, müharibəyə son qoyulmalıdır, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxmalı və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi bundan sonra da Azərbaycanda olmalıdır. Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilə bilər. Biz Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt yol verməyəcəyik. Dağlıq Qarabağın hər hansı bir şəkildə olur-olsun müstəqilliyinə yol verməyəcəyik.
Doğrudur, Dağlıq Qarabağda və Ermənistanda olan mürtəce, təcavüzkar, qəsbkar qüvvələr öz niyyətlərini həyata keçirməyə çalışırlar, hətta noyabrın axırında Dağlıq Qarabağda "parlament", "prezident" seçkiləri elan ediblər. Ancaq məlumdur ki, Rusiya, Amerika Birləşmiş Ştatları hökumətləri bəyanat veriblər ki, bu addımı pisləyirlər, sülh prosesinə vurulan zərbə kimi qiymətləndirirlər və Azərbaycanın ərazi bütövlüyünü daim tanıdıqları kimi, indi də tanıyırlar, bu seçkilərin yolverilməz olduğunu bildirirlər. Şübhəsiz ki, təkcə bu deyil, bütün beynəlxalq hüquq normaları belə hallara imkan vermir. Belə separatçı hərəkətlər heç vaxt bir nəticə verə bilməz.
Yenə də deyirəm, biz bütün beynəlxalq təşkilatların imkanlarından, beynəlxalq hüquq normalarından istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək və işğal olunmuş torpaqların azad edilməsinə nail olacağıq.
Məhz buna görə də bizim güclü ordumuz olmalıdır. Məhz buna görə də ordumuz öz qüdrəti ilə sülhə nail olmaq işinə kömək etməlidir. Bizim güclü ordumuz olmalıdır ki, Azərbaycana qarşı hər hansı bir yeni təcavüzün, hərbi əməliyyatın qarşısı alınsın. Əminəm ki, ordumuz indi belə qüdrətə malikdir. Biz atəşkəs rejiminin pozulmasına heç vaxt yol verməyəcəyik. Ancaq atəşkəs rejimi pozularsa, Azərbaycan Ordusu, Azərbaycan xalqı onun qarşısını almağa da və layiqli cavab verməyə də qadirdir. Buna görə də Naxçıvan Muxtar Respublikasının ərazisində olan hərbi hissələr döyüş qabiliyyətini gündən-günə artırmalı, siz əsgərlər və zabitlər hərbi peşəni daha çox mənimsəməli, fiziki hazırlığınızı, səriştənizi artırmalı, orduda nizam-intizamı möhkəmləndirməli, silahdan, sərəncamınızda olan bütün vasitələrdən istifadə etməyə qadir olmalı, biliyinizi, bacarığınızı, qabiliyyətinizi daha da yüksəltməlisiniz. Bu, sizin borcunuzdur və əmin olduğumu bildirmək istəyirəm ki, bunu layiqincə yerinə yetirəcəksiniz. Bir daha qeyd edirəm, Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti burada Azərbaycanın ərazisinin daha etibarlı qorunmasını tələb edir. Bu, sizdən daha yüksək sayıqlıq hər dəqiqə, hər saniyə hərbi əməliyyata başlamaq qabiliyyətində olmağı tələb edir. Əminəm ki, siz işinizi bu tələblərin hamısına uyğun quracaq və bunların hamısına cavab verməyə qabil olacaqsınız.
Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya da daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir. Mən əminəm ki, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvanın sakinləri, dövlət orqanları ilə burada olan ordu hissələri arasındakı sıx əlaqə bundan sonra da möhkəmlənəcək və siz hamınız birlikdə Azərbaycanın bu qədim diyarında, gözəl guşəsində respublikamızın dövlət müstəqilliyini bundan sonra da ləyaqətlə qoruyacaqsınız, Azərbaycan torpaqlarını müdafiə etməyə daim hazır olacaqsınız.
Eşq olsun Azərbaycan Ordusuna!
Yaşasın müstəqil Azərbaycan Respublikası!