"İslam memarlığı minilliklər ayrıcında" beynəlxalq seminarının iştirakçılarına - Bakı şəhəri, 21 sentyabr 1999-cu il

Hörmətli seminar iştirakçıları! Sizi - "İslam memarlığı minilliklər ayrıcında" mövzusunda paytaxtımız Bakı şəhərində keçirilən beynəlxalq seminarın iştirakçılarını müstəqil Azərbaycan torpağında səmimi-qəlbdən salamlayıram.

Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində islam elminin və mədəniyyətinin böyük rolu danılmazdır. Müxtəlif müsəlman xalqlarının birgə səyləri ilə təşəkkül tapmış islam mədəniyyətinin ən mühüm tərkilə hissələrindən biri isə memarlıqdır. Xalqlarımızın uzun əsrlər boyu yaratdıqları nadir memarlıq abidələri öz əzəmətli, orijinal üslubu və yüksək sənətkarlıq keyfiyyətləri ilə mütəxəssisləri bu gün də heyran edir. İslam memarlıq məktəbinin bəşəriyyətə bəxş etdiyi misilsiz sənət inciləri dinimizin humanist fəlsəfi dəyərlərinin parlaq ifadəsi, müsəlmanların daim qurub-yaratmaq eşqinin əyani maddi təcəssümüdür.

Bu mötəbər beynəlxalq forumun erkən islam mədəniyyəti mərkəzlərindən biri sayılan Bakı şəhərində keçirilməsini ölkəmizin dünya memarlığında tutduğu yerə verilən yüksək qiymət kimi dəyərləndirir və onu müstəqil Azərbaycan Respublikasının mədəni həyatında əlamətdar hadisə hesab edirəm. Avropa və Asiyanın qovşağında yerləşən ölkəmizdə dünya və islam memarlığının ən yaxşı ənənələri ilə milli xüsusiyyətlərin sintezini özündə əks etdirən güclü memarlıq məktəbi təşəkkül tapmışdır. Zənn edirəm ki, seminarın keçirildiyi günlərdə Azərbaycan memarlarının yaratdıqları bəzi sənət nümunələri ilə əyani şəkildə tanış olmağa imkan tapıb buna əmin olacaqsınız.

XXI əsrin astanasında öz müstəqilliyini bərpa etmiş Azərbaycanın qarşısında geniş inkişaf perspektivləri açılmışdır. Həyatın bütün sahələrində mühüm dəyişikliklər baş verir. Azərbaycan bütün postsovet məkanına xas olan mürəkkəb sosial-iqtisadi problemlərin həlli ilə yanaşı, cəmiyyətdə milli-mənəvi dəyərlərin bərpa və bərqərar edilməsi sahəsində ciddi iş aparır. İnanıram ki, islam memarlığının inkişafı məsələlərinə həsr olunmuş seminarınız da bu yolda atılmış mühüm addımlardan biri olacaq, xalqlarımızın mədəni və intellectual inkişafına yardım edəcəkdir.

Seminarmızın işinə böyük uğurlar arzulayır, hər birinizə cansağlığı, xoşbəxtlik və yeni nailiyyətlər diləyirəm.

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.