Bakı Beynəlxalq hava limanı layihəsinin təqdimetmə mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - \"Azərbaycan Hava Yolları\" Dövlət Konserninin yeni ofisi, 19 oktyabr 1997-ci il

Biz Bakı beynəlxalq hava limanı kompleksinin tikintisinə 1981-ci ildə başlamışdıq. O vaxt lazımi layihələr hazırlanmışdı. Mən 1982-ci ildə bu layihələrə bir neçə dəfə baxmışam. Ancaq indi 1997-ci ildir. O vaxtdan 15 il keçir və Bakı beynəlxalq hava limanı beləcə tikilməmiş qalıbdır. Görünür, 15 il bundan əvvəl başladığım işi axıra çatdırmalıyam. Ona görə də mən bu işə çox ciddi və diqqətlə yanaşıram. Çünki bu tikinti dövlətə məxsusdur. Ötən 15 ildə bu işə laqeyd yanaşıblar, yaxud ona ciddi fikir verməyiblər. Amma bundan sonra belə hala yol vermək olmaz.

Mən lazım olan sərəncamı imzalayacağam. Baş nazirə verdiyim göstərişlər həyata keçiriləcəkdir. Gərək konsorsium da bizim qarşımızda öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirsin. Keyfiyyət məsələsinə ciddi diqqət yetirmək istəyrəm. Hər bir tikinti keyfiyyətli olmalıdır. Ancaq aviasiya ilə əlaqədar olan tikinti xüsusilə keyfiyyətli olmalıdır.

Bir daha qeyd edirəm, bu məsələyə mən ona görə xüsusi diqqət yetirirəm ki, tikinti və modernləşdirmə işləri vaxtilə inşa olunmuş binaların üzərində aparılacaqdır. Ona görə də gərək bu işdə heç bir səhvə yol verilməsin.

Cihazlar gətiriləcək, qurulacaq - bunlar hamısı yeni işdir. Bildirdiniz ki, bu işləri \"Simens Plessi\" Şirkəti görəcəkdir. Şübhəm yoxdur ki, onların keyfiyyəti gərək lazımi səviyyədə olsun. Ancaq tikinti, inşaat işləri köhnə tikintilərin üzərində getdiyinə görə bunlara xüsusi diqqət yetirmək lazımdır.

Mən bu vəzifələri konsorsiumun, tikinti şirkətlərinin qarşısında qoyuram. Hesab edirəm ki, \"Azərbaycan Hava Yolları\" Dövlət Konserni, Respublika Nazirlər Kabineti və həmin işə məsul olan Abid Şərifov bu məsələyə çox ciddi nəzarət etməlidirlər.

Sərəncam verməyimlə bağlı məsələni mən dərhal həll edəcəyəm, siz tezliklə işə başlayın.

Cənab Erenin, siz Bakı beynəlxalq hava limanının tikintisində görüləcək işləri Azərbaycanın memarlıq sənətinə, milli dizayna uyğun aparmalısınız. Yəni burada Azərbaycan üçün yabançı bir iş görmək olmaz.

Tikinti kompleksində aparılacaq işlərin Azərbaycanın memarlıq, rəsm, dizayn sənətinə, tarixi ənənələrimizə uyğun olmasının vacibliyini bir daha nəzərə çarpdırıram. Siz Azərbaycan memarlarını, rəssamlarını, dizaynçılarımızı bu işə cəlb edin, qoy onlar öz məsləhətlərini versinlər.

Siz bu kompleksin tikintisində keyfiyyətə, bir də Azərbaycanın milli memarlıq ənənələrinin orada öz əksini tapmasına xüsusi fikir verməlisiniz. Qoy bu, Azərbaycandakı tarixi binalara uyğun olsun. Yəni azərbaycanlı olsun, nə amerikalı, ingiltərəli, fransalı, aşqabadlı, daşkəndli, nə də istanbullu olsun. Bu, azərbaycanlı olsun.

\"Azərbaycan\" qəzeti, 20 oktyabr 1997-ci il.