Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəhid, qaçqın və köçkün uşaqları, habelə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il yolka şənliyində çıxışı - Bakı Əyləncə Mərkəzi, 31 dekabr 1998-ci il

Əziz balalar, sevimli uşaqlar!

Siz öz varlığınızla, istedadınızla məni hər dəfə sevindirirsiniz. Uşaq hər insan üçün, hər ailə üçün, cəmiyyət üçün xoşbəxtlikdir. Uşaq həyata, cəmiyyətə, insanlara sevinc gətirir. Uşaq hər bir insanı yaşamağa, yaratmağa həvəsləndirir. Hər bir valideyn həyatda yaşayaraq, işləyərək, çalışaraq ilk növbədə qəlbində öz uşaqlarını, öz övladlarını düşünür, onları nəzərə alır və təsadüfi deyil ki, valideynlərin çoxu həmişə belə bir söz işlədirlər ki, mən uşaqlarım üçün yaşayıram. Uşaqlar üçün yaşamaq sözü hər bir valideynin öz uşaqlarına aiddirsə, eyni zamanda hər bir uşağa aiddir. Cəmiyyəti sizin nə qədər sevindirməyiniz, ona nə qədər ruh verməyiniz hədsiz-hüdudsuzdur.

Siz cəmiyyətin, ölkənin, millətin gülüsüz, çiçəyisiniz. İnsan cəmiyyəti daim inkişafdadır. Bu inkişafı təmin edən yeni-yeni nəsillərdir. Əziz balalar, əziz övladlar, siz XXI əsrin qurucularısınız, yaradıcılarısınız. Sizin üzərinizə gələcəkdə çox böyük məsuliyyət düşəcəkdir.

Ancaq bu gün mən sizi müşahidə edərək, sizin istedadınızı görərək, sizin yaşamaq, oynamaq, oxumaq, çalmaq, rəqs etmək istəyinizi, arzunuzu görərək inanıram ki, gələcəkdə siz öz üzərinizə düşəcək məsuliyyəti layiqincə yerinə yetirə bilə-cəksiniz.

Bu gün siz məni bir daha sevindirdiniz. Sizinlə hər dəfə görüş mənə ilham verir, mənə güc verir, mənə qüvvət verir, mənə yaşamaq-yaratmaq arzusu verir. Mən həyatda öz övladlarımı, öz nəvələrimi həmişə çox sevmişəm, indi də çox sevirəm. Elə buraya, sizin yanınıza nəvəm Leyla ilə gəlmişəm. Ancaq Azərbaycanın dövlət başçısı kimi, Azərbaycana on illərlə rəhbərlik etmiş bir şəxs kimi, mənim üçün Azərbaycanın hər bir uşağı mənim öz övladımdır, mənim uşağımdır, mənim nəvəmdir.

Bu gün mən sizi daha da istedadlı gördüm. Uşaq evində yaşamağın, oxumağın da öz xüsusiyyətləri var. Bəlkə də bu, ayrıca bir ailədə yaşamaqdan daha da qiymətlidir. Mən çox məmnunam ki, indi Azərbaycanda uşaq evlərində uşaqlara diqqət və qayğı artıbdır. Biz öz tərəfimizdən çalışmışiq ki, bu qayğını artıraq. Ancaq bu, təkcə bizdən asılı deyildir. Uşaq evlərində çalışan tərbiyəçilərdən, müəllimlərdən, xidmət göstərən insanlardan da asılıdır. Görürəm ki, onlar sədaqətlə xidmət edirlər. Əgər uşaqları sevməsən, bu xidməti etmək mümkün deyil. Bu bayram günü mən arzu edirəm ki, onlar uşaqları daim sevsinlər və uşaqlara daha da diqqətli olsunlar, uşaqlara daha da yaxşı baxsınlar, onları sağlam böyütsünlər.

Sizə isə, əziz uşaqlar, mənim arzum bundan ibarətdir ki, 1999-cu il sizin üçün daha da şən il olsun, daha da sevinclər gətirən il olsun, daha da arzularınızı yerinə yetirən il olsun. 1999-cu ildə sizin bir yaşınız da artacaqdır, siz daha da böyüyəcəksiniz. Həyata atılmaq üçün, sərbəst yaşamaq üçün bir addım da atacaqsınız. Arzu edirəm ki, sizin bu addımlarınız uğurlu olsun. Hamınıza cansağlığı arzu edirəm. Hamınıza bugünkü kimi xoş əhval-ruhiyyə, şən ovqat arzulayıram. Mən istayirəm ki, həmişə belə sevinc içərisində olasınız. Həmişə belə şən olasınız, həmişə belə oxuyan, oynayan olasınız. Eyni zamanda dərslərinizi də yaxşı oxuyasınız, təhsilinizə də diqqət verəsiniz, gələcəyə daha da yaxşı hazırlaşasınız.

Mən sizi sevirəm, sizin hamınızı bağrıma basıram, sizi öpürəm, sizə gələcək sağlam, xoşbəxt, firavan həyat arzulayıram.

Yeni iliniz mübarək olsun, əziz balalar! Sağ olun!