Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Portuqaliya televiziyası müxbirinə müsahibəsi - Lissabon, 3 dekabr 1996-cı il

Sual: Cənab prezident, Dağlıq Qarabağ münaqişəsindən danışa bilərsinizmi?

Cavab: Bəli, danışa bilərəm. Doğrudan da, onun haqqında Portuqaliyada az məlumata malikdirlər. İndi, Lissabon sammitindən sonra Portuqaliya ictimaiyyəti müəyyən dərəcədə təsəvvürə malik olacaqdır. Bu gün mən Portuqaliyanın baş naziri ilə xüsusi olaraq görüşdüm. Biz bu mövzuda söhbət etdik. Başa düşdüm ki, baş nazir artıq bu məsələni yaxşı bilir.

Bu münaqişə 1988-ci ildə Ermənistanın təqsiri üzündən başlanmışdır. Azərbaycanda Dağlıq Qarabağ adlı kiçik bir region var. Bir vaxtlar o, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı. O vaxtlar bütün bunlar Sovet İttifaqının tərkibinə daxil idi. Sahəsi dörd min kvadratkilometr olan bu regionda təxminən 130 min əhali yaşayırdı. Onların 70 faizi erməni millətindən, 30 faizi Azərbaycan millətindən olan sakinlər idi. Bu region Azərbaycanın mərkəzində yerləşir və hər tərəfdən ancaq azərbaycanlıların yaşadıqları məntəqələrlə əhatə olunmuşdur.

Beləliklə, Ermənistan Dağlıq Qarabağı ilhaq etmək məqsədilə bu münaqişəni törətmişdir. Münaqişə qan tökülməsinə, sonra da müharibəyə gətirib çıxarmışdır. Hərbi əməliyyatlar elə genişlənmişdir ki, nəticədə çoxlu adam öldürülmüş və yaralanmışdır. Lakin müxtəlif obyektiv və subyektiv səbəblər üzündən və açığını deyək, Ermənistan və Azərbaycan hələ Sovet İttifaqının tərkibində olarkən erməni tərəfi Sovet İttifaqının rəhbərliyi, digər ölkələrin müəyyən dairələri tərəfindən dəstəklənmişdir, Azərbaycanda isə vəziyyət sabit deyildi. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağ ərazisindən bütün azərbaycanlıları qovmuş, sonra da öz təcavüzünü Dağlıq Qarabağın hüdudlarından kənarda genişləndirmişlər. Bütün bunlar isə nəticə etibarı ilə Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə gətirib çıxarmışdır. Buraya Dağlıq Qarabağ və onun ətrafında yerləşən yaşayış məntəqələri, şəhər və rayonlar daxildir.

Sual: Sizə elə gəlirmi ki, Rusiya bu münaqişənin qarşısını ala bilmədiyi üçün təqsirin müəyyən hissəsi onun üzərinə düşür?

Cavab: Əlbəttə, Sovet İttifaqının rəhbərliyi üçqat təqsirkardır və bunun üçün bilavasitə məsuliyyət daşıyır. O vaxtlar ölkə Rusiya deyil, Sovet İttifaqı adlanırdı.

Müxbir: İndi isə Rusiya məsuliyyət daşıyır.

Heydər Əliyev: İndi nə Ermənistan, nə də Azərbaycan sözün əsl mənasında Rusiyaya tabe deyildir. Lakin Rusiya regionumuzda, şübhəsiz, təsirə malikdir. Onun Ermənistanda xüsusilə daha böyük təsiri var, Ermənistanla Rusiyanın bir çox əlaqələri olduqca fəaldır. Buna görə də Rusiya bu münaqişənin qarşısını ala bilərdi, bu qırğına yol verməyə bilərdi. Yeri gəlmişkən, Sovet İttifaqının, sonra isə Rusiyanın rəhbərliyi öz səhvlərinin altını çəkir. Bu, Sovet İttifaqının ərazisində ilk münaqişə və bəlkə də Avropa qitəsində ilk münaqişə idi. Əgər vaxtında bu münaqişənin qarşısı alınsaydı, ola bilsin, sonralar gürcü - abxaz, gürcü - osetin, osetin - inquş, Pridnestrovye - Moldova, nəhayət, çeçen münaqişələri də meydana gəlməzdi. Bir baxın, nə qədər münaqişə var, hamısı da bir-birinin yaxınlığında. Bunların hamısı Dağlıq Qarabağdan başlamışdır. Hamısı da ona görə ki, o vaxtlar Sovet İttifaqının rəhbərliyindəki ayrı-ayrı adamlar erməni separatçılara, millətçilərə havadarlıq edərək düşünürdülər ki, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, onu Ermənistana birləşdirmək və buna görə yaxşı qazanc götürmək olar. Amma bu niyyət baş tutmadı. Müharibəyə başladılar, ərazini ilhaq etmək mümkün olmadı. Budur, artıq səkkiz ildir ki, bu münaqişə gedir.

Sual: Siz düşünürsünüzmü ki, münaqişə sona yetir?

Cavab: O, hələ sona yetmir, amma düşünürəm ki, sona yetəcəkdir. Münaqişə uzun sürə bilməz. Bu gün ATƏT-in fəaliyyət göstərən sədrinin, Ermənistan istisna olmaqla, bütün ATƏT üzvləri adından prinsipləri - münaqişənin aradan qaldırılmasının əsasını təşkil etməli olan prinsipləri elan etməsi ona sübutdur ki, ATƏT, ona daxil olan ölkələr bu münaqişəni məhz həmin prinsiplər əsasında aradan qaldırmaq qərarını dəstəkləyirlər. Münaqişə ona görə həll olunmur ki, Ermənistan bu prinsiplərə əməl etmək istəmir, onları tanımır. Lakin indi, ATƏT-ə daxil olan bütün ölkələr həmin prinsiplərə sadiq olduqlarını elan etdiyi bir vaxtda, zənnimcə, Ermənistan tərəfi düşünməlidir.

Sual: Yəni səkkiz ildən sonra!

Cavab: Nə etmək olar, bundan da çox davam edən münaqişələr olur.