Azərbaycan Prezidenti Heydər Əliyevin \"Ekonomiçeskaya Jizn\" qəzetinin müxbirinə müsahibəsi - 2 yanvar 2000-ci il

Heydər Əliyeviç, Bakıda yeniliklər çoxdur. Şəhərin tarixi hissəsinin necə bərpa edildiyi görünür, çoxlu müasir binalar var, yeni hava limanı tikilib...

Respublikanın rəhbəri kimi, mən hava limanını hələ 1983-ci ildə tikdirməyə başlamışdım, sonra Moskvaya işləməyə getdim və tikintini dayandırdılar. 1993-cü ildə mən respublikaya rəhbərliyə qayıtdım və gördüm ki, burada hər şey dağıdılır. Biz işləyib ilk vəsaiti qazandıqdan sonra aerovağzalın inşasına başladıq və indi o, beynəlxalq dərəcəyə layiqdir.

Bakıda az qala bir-birinə yapışmış çoxlu köhnə evlər var. Baş tikinti planına uyğun olaraq onlar uçurulur və yerlərində yeni, müasir evlər və inzibati binalar ucaldılır. Bu, bazar iqtisadiyyatı dovründə mümkün olmuşdur, hərçənd SSRİ dövründə də biz respublikamıza buraxılan maliyyə vəsaitindən səmərəli istifadə edirdik. İndi bizdə tikintini özəl strukturlar aparır. Biz şəhərdə sərmayədarların planlarına uyğun olaraq tikinti aparılmasına imkan vermişik. Məsələn, Milli Bank pulu özü qazanır və dövlətdən bir qəpik almadan tikinti ilə də özü məşğul olur. Bilirsiniz ki, ərazimizin 20 faizi Emrənistan silahlı birləşmələri tərəfindən işğal edilib və bu torpaqlardan qovulmuş bir milyon qaçqın çadırlarda, ictimai binalarda və məktəb binalarında yaşayır. Bu adamların çoxu işləmir və dövlət onları dolandırmağa məcburdur.

Aydındır ki, respublikada problemlər çoxdur, amma Bakının küçələrində geyinib-gecinmiş adamlar çoxdur, xarici markalı maşınların əlindən tərpənmək mümkün deyil, bazar yerli məhsullarla doludur, o qədər də baha olmayan yaxşı kafelər var, teatrlar işləyir, fərəhli haldır ki, onlardan biri də rus teatrıdır. Yəni, həyat qaydasına düşür.

Məsələ hər şeydən əvvəl iqtisadi islahatların səmərəli və planlı şəkildə aparılmasındadır. Biz Azərbaycanda torpaqları kəndlilərə vermişik və kənd təsərrüfatı məhsullarının 98 faizini özəl sektorun hesabına əldə edirik. 1999-cu ilə istehsalı altı dəfə artmışdır, halbuki 1990-cı ildən 1994-cü ilədək respublikanın iqtisadiyyatında tənəzzül hər il 20-25 faiz təşkil edirdi. Çörək almaq mümkün deyil, çox boyük növbələr yaranırdı. İndi bizdə ət çox ucuzdur. Ümumi məhsulun 60 faizi, sənaye məhsulunun 30 faizi, tikintinin 60-70 faizi, yük daşınmalarının 40-45 faizi özəl sektorun payına düşür.

Lakin başlıcası neftdir. Azərbaycan müstəqil olduqdan sonra öz iqtisadiyyatının inkişafını təmin etməli idi və təbii ki, biz ilk növbədə öz sərvətlərimizdən istifadə etməyi qərara aldıq. Bizim neftçilərin - dənizdə \"qara qızıl\" hasilatı sahəsində ən təcrübəli olan neftçilərimizin nə vəsaiti, nə də Şimal dənizində cəmi 25 il neft çıxaran ingiltərə və Norveç kimi inkişaf etmiş ölkələrin bu gün malik olduğu texnologiyaları yox idi.

Lakin biz Yaponyadan tutmuş ABŞ-dək 15 ölkənin 33 şirkətinə Azərbaycanda işləməyə imkan verərək vəziyyəti düzəltdik. Onlar bizim sənayemizə öz kapitallarını qoyur, 500-700 metrə qədər dərinliklərdə işləmək üçün müasir texnikadan və platformalardan istifadə edirlər. Biz onların təcrübəsini fəal surətdə öyrənir və eyni zamanda Xəzər dənizinin şelfınə yaxşı bələd olan neftçilərimizin təcrübəsini onlarla bölüşürük. Son dörd ildə respublikanın iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulmuşdur, özü də ancaq neft sektoruna yox.

1995-ci ildə biz tənəzzülün qarşısını aldıq və sonrakı illər iqtisadiyyatımızın inkişaf illəri oldu. Faktlar və statistika məlumatı bunu sübut edir. Bunlar beynəlxalq maliyyə mərkəzlərinin-Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa Birliyi İqtisadi Komissiyasının daimi nəzarəti altındadır. Biz insanlara sərbəstlik, sahibkarlıq üçün geniş imkanlar vermişik, xarici ticarəti liberallaşdırmışıq.

Heydər Əliyeviç, siz necə işləyirsiniz? Yeni Azərbaycan Partiyasının qurultayında təxminən 2,5 saatlıq emosional və \"sinədəftər\" çıxışınızdan hiss edilir ki, Siz yaxşı formadasınız.

Necə lazımdırsa, elə də işləyirəm, vəssalam. Mən çıxışlarımın mətnini heç vaxt əvvəlcədən yazmıram, baxmayaraq ki, həmişə çoxlu rəqəm göstərirəm. Sadəcə, bir gün əvvəl məlumat və arayışlarla tanış oluram, mənim yaxşı yaddaşım var. Öz işinə bağlı olanda, öz işinə yaxşı bələd olanda, nə deyəcəyini həmişə bilirsən. O ki qaldı mənim fomrada olmağıma, neçə yaşım olduğunu bilirsiniz. Mən yaşca MDB ölkələrinin, necə deyərlər, ən ahıl prezidentiyəm... Mən həmişə çox işləmişəm və bu cür işləməyi də davam etdirirəm. Respublikamızda təxirəsalınmaz işlər çoxdur.

Gennadi Poqov \"Ekonomiçeskaya jizn\" qəzeti, nömrə 2, yanvar 2000-ci il.