Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyanın NTV Telekanalının müxbirinə müsahibəsi - London, 19 may 1999-cu il

Sual: Cənab prezident, özünüzü necə hiss edirsiniz?

Cavab: Normal, indi özümü yaxşı hiss edirəm.

Sual: Əməliyyat uğurla keçdi?

Cavab: Əməliyyat çox uğurla keçdi. Əgər mənim üzərimdə cərrahiyyə əməliyyatının aprelin 29-da aparıldığını, bu gün isə mayın 19-u olduğunu nəzərə alsaq, onda hesab edirəm ki hər şey normal keçmişdir.

Sual: Siz Rusiyadakı son dəyişiklikləri, Yevgeni Primakovun istefasını necə qiymətləndirərdiniz? Bu, rusiyalılar üçün ağrılı məsələdir.

Cavab: Bilirsiniz, nə isə demək mənə çətindir. əvvəla ona görə ki, bütün bunlar baş verən vaxtda mən xəstəxanada idim və çox şeyi bilmirdim. Hökumətin istefaya göndərildiyini, yeni hökumətdən söhbət getdiyini eşitdikdə mənə məlum oldu ki, Sergey Stepaşinin namizədliyi ortaya çıxmışdır, indi isə deyirlər ki, onun namizədliyini Dumada təsdiq etmişlər. Nə demək olar, Rusiyada nə edilirsə, görünür, Rusiya onları öz milli mənafeləri naminə edir.

Sual: Bu, ölkələrimiz arasında münasibətlərə hansı şəkildəsə təsir göstərəcəkmi?

Cavab: Deməzdim ki, təsir göstərəcəkdir, çünki xarici siyasət xəttini əsasən prezident müəyyənləşdirir. Doğrudur, bu məsələdə hökumətin sədri, xarici işlər nazirliyi də iştirak edirlər. Bir sözlə, Rusiyadakı son dəyişikliklər bizim münasibətlərimizə təsir göstərməyəcəkdir.

Sual: Cənab Prezident, Qafqaza bələd olan bir insan kimi Siz bu regionda indiki vəziyyəti necə qiymətləndirərdiniz? Necə bilirsiniz, Rusiyaya yeni baş nazir gəldikdən sonra vəziyyət dəyişəcəkmi?

Cavab: Əlbəttə, ümid etmək olar ki, nə isə yaxşı olacaqdır. Hər şeyin birdən-birə dəyişəcəyini söyləmək çətindir, ona görə ki, Qafqazda vəziyyət çox mürəkkəbdir, Sergey Vadimoviç Stepaşin Qafqazla - Çeçenistanla, Dağıstanla və digər Qafqaz respublikaları ilə artıq neçə illərdir bağlıdır. Fikir vermişəm, təxminən son iki-üç ildə o, nəinki Çeçenistanda, həm də Dağıstanda tez-tez olmuşdur. Dağıstanda vəziyyət çox mürəkkəb idi, bu, bizi də narahat edir. O, vəziyyətə bələdir, onu tanıyırlar, hiss olunur ki, orada adamlar ona meyllidirlər. Onun xüsusən Dağıstanda gördüyü tədbirlər müəyyən nəticələr vermişdir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bunun yaxşılığa doğru əhəmiyyəti olacaqdır.

Sual: Bəs bu regiondakı indiki vəziyyəti necə görürsünüz?

Cavab: Bilirsiniz, bu regionda vəziyyət həmişə mürəkkəbdir. Mən Bakıdan yola düşən vaxtda, yəni təxminən bir ay bundan əvvəl vəziyyət nisbətən sakit idi.

Sual: Cənab prezident, Balkan böhranına münasibətiniz necədir? Hesab edirsinizmi ki, bu böhran danışıqlar stolu arxasında həll olunmalıdır? Siz Birləşmiş Ştatlarda oldunuz, orada kimlərlə görüşdünüz, kimlərlə danışıqlar aparıldı? Belqradda yaranmış vəziyyətə Sizin və dövlətinizin münasibəti necədir?

Cavab: Vaşinqtonda görüşlərim çox oldu. Prezident Bill Klintonla, dövlət katibi Olbraytla, Konqresdə, Senatda bir çox digər adamlarla, nazirlərlə görüşdüm. Biz bu məsələni xüsusi olaraq müzakirə etmədik, bu, NATO-nun 50 illiyini qeyd etməyə gəmiş ölkələrin yubiley görüşünün müəyyən bir mövzusu idi.

Prinsipcə isə, harada olmağından asılı olmayaraq, münasibətim belədir: biz dünyada hər bir ölkənin ərazi bütövlüyünə tərəfdarıq. Bununla bərabər, biz etnik təmizləmənin əleyhinəyik. Miloşeviç isə orada əslində etnik təmizləmə aparır və neçə illərdir soyqırım törədir. Əlbəttə, buna əsla biganə qalmaq olmaz. Mənim münasibətim bax, belədir.

Sual: Rusiyada dəyişikliklərə qayıdıram. Necə bilirsiniz, indi, bütün bu yerdəyişmələrdən, dəyişikliklərdən sonra Balkan böhranı Rusiyanın köməyi ilə həll edilə bilərmi?

Cavab: Bilirsiniz, - mən bunu Vaşinqtonda da hiss etmişdim, - NATO ilə Rusiya arasında əməkdaşlıq getdikcə inkişaf edir. Mən bunu belə hiss etdim. Hər halda, NATO bu cür əməkdaşlığı çox istəyir. Zənnimcə, onlar ümumi səylərlə bunu həll edəcəklər.

Sual: Siz hesab edirsiniz ki, məsələ əvvəl-axır danışıqlar stolu arxasında həll olunacaqdır?

Cavab: Sözsüz ki, hər hansı münaqişə, hər hansı yollarla inkişaf etsə də, nəticə etibarı ilə danışıqlar stolu arxasında həll olunur. Hesab edirəm ki, nəticə etibarı ilə belə də olacaqdır.

Sual: Siz Amerikadakı görüşləriniz barədə daha ətraflı danışa bilərsinizmi, kimlərlə görüşdünüz?

Cavab: Görüşlər lap çox oldu. Mən öz səfərimdən, öz görüşlərimdən çox məmnunam. Səfərin məqsədi aydın idi - digər ölkələrin prezidentləri kimi, biz də NATO-nun 50 illiyinə dəvət edilmişdik. Mən oraya bu tədbirlərdən bir neçə gün əvvəl getmişdim və onlardan sonra da bir neçə gün işlərlə məşğul oldum. Prezident Bill Klintonla görüşdüm, onunla söhbət etdim. Dövlət katibi xanım Olbraytla görüşdüm, onunla çox görüşümüz oldu. İkitərəfli münasibətlərimizin problemləri, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi haqqında təkbətək görüşümüz oldu. Sonra o, Qafqaz respublikalarının - mən Cənubi Qafqazı nəzərdə tuturam, - Gürcüstan, Ermənistan, Azərbaycan prezidentlərinin, zənnimcə faydalı görüşünü təşkil etdi. Görüşdə onunla yanaşı, Almaniya, Fransa, İtaliya, Norveç, Türkiyə və məncə, daha bəzi ölkələrin xarici işlər nazirləri də iştirak edirdilər. Biz regionumuzda sülhün və sakitliyin bərpası naminə Cənubi Qafqazda əməkdaşlığın inkişafı üçün nə kimi işlər görülməli olduğu barədə fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu, çox faydalı görüş idi. Görüşdə hamı - prezidentlər də, bütün nazirlər də çıxış etdilər, öz fikirlərini söylədilər. Belə düşünürəm ki, bu, öz nəticələrini verəcəkdir. Sonra xanım Olbrayt Ermənistan prezidenti ilə görüşümüzü təşkil etdi. Biz əvvəlcə üçlükdə görüşdük - xanım Olbrayt, Ermənistan prezidenti və mən. Sonra o, bizi tərk etdi və biz ikilikdə görüşüb çox ətraflı söhbət etdik. Hər halda, Ermənistanla Azərbaycan arasında münaqişənin dincliklə tənzimlənməsi üçün hər iki tərəfdən yollar axtarılır.

Beş il bundan əvvəl biz atəşkəs haqqında saziş imzalamışıq - bu, mayın 12-də olmuşdur. Bu beş il qəti sülhə gəlmək üçün hər halda, kifayətedici müddətdir. Əlbəttə, bundan ötrü əsas prinsiplər var, - onlar xanım Olbraytın çıxışında təsdiqləndi, - Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlar, - onlar isə ərazimizin 20 faizi qədərdir, - azad olunmalı, bu torpaqlardan məcburi köçkün düşmüş, yəni işğal edilmiş rayonların sakinləri öz yaşayış yerlərinə qayıtmalıdırlar və Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək özünüidarə statusu verilməlidir. Bu prinsiplər ATƏT-in 1996-cı ilin dekabrında keçirilmiş Lissabon zirvə görüşünün sənədlərində öz əksini tapmışdır. Xanım Olbrayt bu prinsiplər əsasında daha da irəliləməyi təklif etdi. Biz bu təklifi dəstəkləyirik, hesab edirik ki, bu yolla irəliləyə bilərik və nəticələrə nail ola bilərik.

Sual: Cənab prezident, axırıncı sual. Başa düşürəm ki, Londona səfəriniz qısamüddətlidir. Siz burada görüşlər planlaşdırırdınızmı, keçirdinizmi və görüşlər kimlərlə, hansı məsələlər barəsində oldu?

Cavab: Xeyr, mən burada görüşlər keçirməyi planlaşdırmamışam. Mən sadəcə olaraq yolüstü burada dayandım, axı uçuş məsafəsi hər halda, uzun idi. Sabah Türkiyəyə yola düşürəm. Türkiyə prezidenti, mənim dostum Süleyman Dəmirəl Amerikada müalicəmə çox böyük diqqət və qayğı göstərirdi. Məni müalicədən sonra istirahətə dəvət etdi.

Yeri gəlmişkən, deməliyəm ki, Amerikada mənə son dərəcə böyük diqqət göstərirdilər. Prezident cənab Bill Klintonun özü mənə həm telefonla zəng etdi, həm də məktub göndərdi. Mən orada çox böyük qayğı ilə əhatə olunmuşdum, buna görə onlara çox minnətdaram. Üzərimdə cərrahiyyə əməliyyatı apardıqları və məni müalicə etdikləri klinika çox yüksək səviyyədədir. Cərrah Brüs Laytl son dərəcə istedadlıdır. Hesab edirəm ki, o, cərrahiyyə əməliyyatını uğurla apardı. Orada mənimlə kardioloq Murat Tuzçu məşğul olurdu. Yeri gəlmişkən, bu cavan adam Türkiyədəndir və orada böyük nüfuz qazanmışdır. Bir sözlə, bütün bunlar mənim mümkün qədər tezliklə ayağa qalxmağıma olduqca müsbət təsir göstərirdi.

Müxbir: Çox sağ olun.

Heydər Əliyev: Siz sağ olun ki, televiziyanız mənə belə böyük diqqət yetirir.

***

Müxbir: Cənab prezident, biz Sizə həmişə böyük hörmət bəsləyirik. Sizə ona görə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Prezident Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşməyi özüm üçün böyük şərəf sayıram, NTV telekanalı Sizin fəaliyyətinizə həmişə böyük diqqət yetirir.

Müsahibəni Rusiyanın NTV telekanalının müxbiri Andrey Çerkasov aparmışdır.