Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Bakıdakı səfiri Nikolay Ryabov ilə görüşü - Prezident sarayı, 27 mart 2002-ci il

Görüşdə səfir Nikolay Ryabov Azərbaycan Prezidenti Heydər Əliyevin bu ilin yanvarında Rusiya Federasiyasına etdiyi dövlət səfərinin əhəmiyyətindən danışaraq vurğuladı ki, həmin səfər müstəqil Azərbaycanın və yeni, müstəqil Rusiyanın münasibətləri tarixində silinməz iz qoymuşdur. Səfir dedi ki, səfər başa çatdıqdan sonra onun yekunları hələ xeyli müddət həm Azərbaycan, həm də Rusiya mətbuatının mövzusu olmuşdur.

Moskvada əldə edilmiş razılaşmaya uyğun olaraq, bu ilin iyununda Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçiriləcəkdir.

Nikolay Ryabov vurğuladı ki, böyük rus şairi Aleksandr Puşkinin Azərbaycan paytaxtında abidəsinin açılışı kimi, bu hadisə də mədəniyyət sahəsində dövlətlərarası əməkdaşlığın inkişafında eyni dərəcədə əhəmiyyətlidir.

Səfir təhsil sahəsində normativ-hüquqi bazanı tənzimləyəcək dövlətlərarası sazişi qarşıdakı səfər zamanı imzalamağa hazırlamaq təklifini irəli sürdü. O xatırlatdı ki, Rusiya Federasiyasının Təhsil naziri Vladimir Filippov bu ilin əvvəllərində Azərbaycanda səfərdə olmuş və onun yekunlarına əsasən iki sənəd – təhsil sahəsində əməkdaşlıq haqqında və təhsilə dair sənədlərin qarşılıqlı surətdə tanınması haqqında protokollar imzalanmışdır. Səfirin fikrincə, dövlətlərarası sazişin imzalanması ilk növbədə ona görə zəruridir ki, təhsil müəssisələri təkcə Təhsil Nazirliyinin deyil, həm də başqa idarələrin tabeliyindədir.

Görüşdə səfir Rusiya–Azərbaycan birgə universiteti yaradılması təklifini irəli sürdü və dedi ki, əgər belə bir təhsil ocağı olarsa, müəllimlərin əmək haqqının ödənilməsini, metodiki təminatı Rusiya tərəfi, bina ayrılmasını və kommunal xidmətləri isə Azərbaycan tərəfi öz üzərinə götürər. Belə bir layihə Azərbaycan hökumətinə təqdim edilmişdir, lakin ikitərəfli münasibətlərin inkişafı üçün həmin layihənin böyük əhəmiyyəti olduğunu nəzərə alaraq, Azərbaycan dövləti başçısının mötəbər sözünə ehtiyac var.

Azərbaycan Prezidenti Heydər Əliyev Rusiyaya dövlət səfərinin əhəmiyyətindən danışaraq dedi ki, o, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin 2001-ci ilin yanvar ayında Azərbaycana ilk səfərinin bir növ davamı oldu.

Hər iki səfər çox uğurla keçdi, tərəflər üçün çox faydalı olan danışıqlar, söhbətlər aparıldı, çox mühüm sənədlər imzalandı.

Prezident Heydər Əliyev hər iki səfəri ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 10 illik dövrü ərzində ən mühüm hadisələr kimi qiymətləndirdi.

Azərbaycan prezidenti iyun ayında Sankt-Peterburqa səfəri zamanı təhsil sahəsində dövlətlərarası sazişin, habelə Xəzər dənizinin dibinin bölüşdürülməsi barədə sazişin imzalanmağa hazırlanması haqqında Rusiya səfirinin məlumatından məmnun qaldığını bildirdi.

Nikolay Ryabov dedi ki, iki ölkə arasında diplomatik münasibətlər qurulmasının 10 illiyi ilə əlaqədar Rusiya səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi ilə birgə toplu hazırlamışdır. Topluya bu müddət ərzində imzalanmış bütün dövlətlərarası sənədlər daxil edilmişdir. Səfir Azərbaycan pzezidentini bu əlamətdar hadisə ilə əlaqədar təşkil olunacaq rəsmi qəbula dəvət etmişdir. Nikolay Ryabov bildirdi ki, səfirlik humanitar xarakterli tədbirlər – bir sıra məktəblərə, uşaq bağçalarına rus və əcnəbi klassiklərin kitablarını paylamaq və s. – keçirməyi də nəzərdə tutmuşdur.

Səfirin sözlərinə görə, iqtisadi əməkdaşlıq sahəsində imzalanmış mühüm dövlətlərarası sazişlər hər iki ölkənin işgüzar dairələrinin qarşılıqlı əlaqələrinin genişlənməsinə yol açmışdır.

Aprel ayının əvvəlində Bakıda hökumətlərarası komissiyanın 6-cı iclası keçiriləcəkdir. Bu komissiyanın fəaliyyətinin əsasını isə 2010-cu ilədək dövrdə uzunmüddətli iqtisadi əməkdaşlığa dair imzalanmış proqram təşkil edəcəkdir. Rusiyanın məşhur banklarından birinin Bakıda şöbəsinin açılması da hökumətlərarası komissiyanın planlarına daxil edilmişdir. Bu bank firmaların və birgə müəssisələrin fəaliyyətinin maliyyə təminatı və sığortası ilə məşğul olacaqdır. İki ölkə arasında humanitar əməkdaşlığın inkişafının mühüm mərhələsi kimi, aprel ayında Azərbaycanda Rusiya mədəniyyəti günləri keçiriləcəkdir.

Azərbaycan Prezidenti Heydər Əliyev imzalanmış dövlətlərarası sənədlərin Rusiya parlamenti tərəfindən ratifikasiya edilməsinin sürətləndirilməsinin zəruriliyi barədə fikrini bildirdi. Səfir Nikolay Ryabov bu iradla razılaşaraq dedi ki, məsələnin həllini sürətləndirmək üçün öz tərəfindən əlindən gələni edəcəkdir.