Əziz uşaqlar!
Əziz balalar!
Mən sizi Uşaqların Beynəlxalq televiziya və radio günü münasibətilə ürəkdən təbrik edirəm. Müstəqil Azərbaycanın bütün uşaqlarına xoşbəxt həyat, xoşbəxt gələcək arzulayıram. YUNİSEF beynəlxalq təşkilatı uşaqlara böyük qayğısını və diqqətini yarandığı vaxtdan nümayiş etdirir. Bu, eyni zamanda 1989-cu ildən sonra dünyada uşaqların hüquqlarının qorunması ilə əlaqədar aparılan işlərdən görünür.
Biz, müstəqil Azərbaycan dövləti YUNİSEF-in bu təşəbbüsünə qoşulmuşuq. Beləliklə, uşaqların hüquqlarının qorunması bizim dövlətimizin ən əsas vəzifələrin-dən biridir. Mən isə, dövlət başçısı kimi Azərbaycanda uşaqların hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edirəm.
Hər il bu gün biz sizinlə görüşürük. Təkcə mən yox, Azərbaycanın bütün sakinləri, vətəndaşları, bütün azərbaycanlılar. Bu, hər birimizə böyük sevinc hissi gətirir. Çünki, siz uşaqlar hər bir insanın ən əzizi, ən istəklisi, ən sevimlisisiniz.
Hər bir insan həyatda müəyyən dövr, uşaqlıq, gənclik dövrü yaşadıqdan sonra ailə qurur, valideyn olmaq istəyir, uşaq atası, anası olmaq istəyir. Bundan böyük xoşbəxtlik yoxdur.
Bu xoşbəxtliyi hər kəs keçirir və onunla da yaşayır. Ona görə də siz uşaqlar bizlərə, hər bir insana böyük fərəh hissi gətirirsiniz, böyük xoşbəxtlik verirsiniz. Biz də, valideynlər bunlardan bəhrələnərək çalışırıq, qarşımızdakı vəzifələri yerinə yetiririk. Sizin, uşaqların böyüməsi, təhsil alması, inkişaf etməsi üçün əlimizdən gələni edirik.
Müstəqil Azərbaycanda uşaqlara qayğı, diqqət, sevgi, məhəbbət hər şeydən üstündür və hər şeydən də irəlidədir. Bu, mənim üçün belədir. Hesab edirəm ki, vətənini, ölkəsini, dövlətini sevən hər bir insan uşaqlara belə münasibət göstərməlidir. Belə günlərdə biz bir daha görürük ki, Azərbaycan xalqı böyük istedadlara malik olan bir xalqdır. Bu istedadlar da Azərbaycan xalqının kökündən, soyundan gəlir, onun genetik xüsusiyyətləri ilə bağlıdır. Bunları sübut edən sizin bu gözəl çıxışlarınız, geniş istedadınız, çoxtərəfli bacarığınızdır.
Siz bu gün burada televiziya və radio qarşısında Azərbaycan vətəndaşlarına öz istedadınızı nümayiş etdirirsiniz. Amma bu istedadlar tək sizə məxsus deyildir. Güman edirəm ki, Azərbaycanın bütün uşaqları, onların tam əksəriyyəti sizin kimi istedadlıdırlar, bacarıqlıdırlar, sizin kimi gözəldirlər, hər kəsə sizin kimi sevinc gətirəndirlər.
Sizə böyük xoşbəxtlik nəsib olubdur ki, sizi seçib televiziya-ya gətiriblər, burada çıxış edirsiniz və Azərbaycan uşaqlarının nə qədər yüksək keyfiyyətlərə, nə qədər böyük istedada malik olduğunu bütün Azərbaycan vətəndaşlarına nümayiş etdirirsiniz. Bizim üçün, valideynlər üçün bundan artıq sevinc, bundan artıq xoşbəxtlik ola bilməz.
Mən hər il sizinlə görüşürəm. Hər dəfə sizinlə görüşər-kən heyran oluram. Hər dəfə siz öz istedadınızı daha da yüksək səviyyədə nümayiş etdirirsiniz. Balaca uşaqlar, 3-4 yaşında olan uşaqlar və indi mənim yanımda duran uşaqlar gələcək nəsillərin nümayəndələridir. Özü də hər biri istedadlıdır, gözəldir, hər biri insana sevinc gətirir. Bunlar onu göstərir ki, Azərbaycan xalqının çox gözəl gələcəyi var.
Bu gün biz xalqımızın, ölkəmizin mürəkkəb bir dövrünü yaşayırıq. Amma bu dövrü biz uğurla yaşayırıq, irəli gedirik. Bizim problemlərimiz çoxdur. Bu problemləri biz həll edirik və həll edəcəyik. Ancaq bu problemlərin içərisində ən böyük, ən mühüm problem xalqımızın gələcək nəslini hazırlamaq, onlara həyat vermək, onları inkişaf etdirmək və xalqımızın gələcəyini təmin etməkdir. Biz bunu edirik. Ancaq bunu edərkən sizin tərəfinizdən, uşaqlar tərə-findən nə qədər yüksək istedad görürük. Yəni bizim qayğımızın, diqqətimizin müqabilində sizdə olan istedad, sizin yüksək keyfiyyətləriniz onu göstərir ki, doğrudan da Azərbaycanın çox gözəl gələcəyi var. Bu gözəl gələcəyin də təminatçıları sizsiniz, əziz dostlar.
Bir neçə ildir ki, bu günlər mən sizinlə görüşürəm. Hər dəfə sizin yaşınızın artmasını görürəm və burada yeni uşaqları görürəm. Məsələn, Sevinclə Bəxtiyar neçə ildir ki, mənim gözümün qabağındadırlar, ilbəil böyüyürlər. Bəxtiyar bu gün dedi ki, artıq universitetə daxil olubdur. Sevinc də yəqin ki, 9-cu sinifdə oxuyur. Amma onların arxasınca gələn Həmiddir, Əminədir. Görürsünüz, demək heç bir şey qırılmır. Yəni bunlar, bu uşaqlar tək, vahid, nadir hadisə deyillər. Azərbaycanda belə istedadlar olduqca çoxdur. Bunların ardı gəlir. Güman edirəm ki, gələn il Həmidlə Əminədən sonra başqaları da buraya çıxacaqlar. Amma Sevinc də, Bəxtiyar da burada olacaqlar. Elə bu gözəl qızlar ki, indi bizim televiziyada işləyirlər, onlar da elə dünən, o biri gün uşaq idilər. Məsələn, dedilər ki, Həmidin, Əminənin 10 yaşı var. Azərbaycanın dövlət müstəqilliyinin yaşı ilə onların yaşı bərabərdir. Deməli, onlar Azərbaycan dövlət müstəqilliyini elan edəndə doğulublar, həyata gəliblər. 10 ildir ki, müstəqil Azərbaycanın həyatında böyümüş uşaqlardır. Onlar heç bir başqa quruluş, heç bir başqa sistem görməyiblər. Bizim isə vəzifəmiz ondan ibarət olubdur ki, bütün çətinliklərə baxmayaraq, bu on ili Azərbaycanın həyatı üçün, inkişafı üçün təmin edək və uşaqlar yaşasınlar, böyüsünlər, oxusunlar, təhsil alsınlar, sərbəst həyata hazırlaşsınlar.
Azərbaycanın dövlət başçısı kimi mən bu gün sizinlə görüşərkən böyük iftixar hissi keçirirəm. Ona görə ki, bu on il müddətində bizim qoyduğumuz səylər, gördüyümüz işlər Azərbaycan uşaqlarının yaşaması, böyüməsi, təhsil alması, öz istedadlarını cəmiyyətə göstərməsi üçün lazım olan bütün imkanları, şəraiti yaradıbdır.
Doğrudur, uşaqların hamısı eyni vəziyyətdə deyildir. Biz sizinlə burada, bu salonda olduğumuz zaman çadır düşərgələrində yerindən-yurdundan didərgin düşmüş köçkün-qaçqın ailələri yağışın altında yaşayırlar. Uşaqlar da orada böyüyürlər. Bu gün o uşaqların da nümayəndəsi burada çıxış etdi. Mən çox böyük sevinc hissi ilə onu dinlədim. O, gedib Birləşmiş Millətlər Təşkilatında çıxış edibdir. Azərbaycanın ağır vəziyyətdə, köçkün vəziyyətində yaşayan uşaqlarının sözünü deyibdir, səsini qaldırıbdır. Başqa səbəblərə görə də çətin şəraitdə yaşayan uşaq-arımız var. Belə vəziyyət bizi incidir, bizi narahat edir. Biz çalışırıq ki, hər bir uşağın həyat şəraiti yaxşı olsun, normal olsun. Biz buna get-gedə nail oluruq və nail olacağıq.
Amma bununla bərabər mən böyük minnətdarlıq hissi ilə bu gün demək istəyirəm ki, bizim xalqımız, millətimiz olduqca dözümlü xalqdır, olduqca dəyanətli xalqdır. Çünki, bu ağır şərait-də yaşayaraq uşaqlarını tərbiyə edirlər, böyüdürlər, onlara hə-yat yolunu göstərirlər. Məsələn, böyük iftixar hissi ilə, məmnuniyyət hissi ilə demək olar ki, həmin o ağır şəraitdə, çadırlarda doğulan, dünyaya gələn, böyüyən uşaqlar da böyük istedada malikdirlər. Orada yaşamış uşaqların bir qismi, demək olar ki, çox hissəsi yaxşı təhsil alır, ali məktəblərə daxil olur.
Uşaqların şəraiti indi fərqlidir. Biz çalışırıq ki, bu fərqi ara-dan götürək. Buna da nail olacağıq. Ancaq biz öz vəzifəmizi yerinə yetirərək sevinirik ki, uşaqlar hər bir şəraitdə həm təhsil alırlar, həm böyüyürlər, həyat yoluna qədəm qoyurlar, həm də ki, öz istedadlarını nümayiş etdirirlər.
Əziz uşaqlar, biz sizi sevirik. Mən \"biz\" deyəndə, bütün valideynlər adından çıxış edirəm. Ancaq eyni zamanda mənim şəxsi hissiyyatlarım da var. Mən sizi çox sevirəm. Mənim həyatda sevdiyim şey çoxdur. Bu, Vətəndir, torpaqdır, Azərbaycandır, mənsub olduğum xalqdır, bu torpağın suyudur, havasıdır, dağı-daşıdır, gülü-çiçəyidir, ağacıdır, çayıdır. Bunların hamısını mən sevirəm. Əgər insan öz Vətənini, torpağını, xalqını və onun ətrafında olan bütün hər şeyi sevə bilməsə, o, bu dünyada səmərəli yaşaya bilməz. Mən bunları sevirəm. Amma bunların hamısından çox sizi, uşaqları sevirəm. Çünki, siz bizim xalqımızın gələcəyini davam etdirənlərsiniz. Xalq nəsildən-nəsilə yaşayır. İrəli gedir, inkişaf edir. Siz uşaqsınız. Həmidlə Əminənin 10 yaşı var. Sevin-cin 15, Bəxtiyarın 17 yaşı var. Bu qızların da, deyəsən ondan bir az çox, 20-22 yaşı var. Sizin qarşınızda, burada çıxış edən o balaca, 4 yaşlı uşaqların qarşısında nə qədər böyük həyat var. Mən çox arzu edirəm ki, siz bu həyat yolunu uğurla keçəsiniz.
Təbiidir ki, insanın həyatı heç vaxt hamar olmur, heç vaxt düz olmur. Həyatda hər bir insanın qarşısına müxtəlif çətinliklər, maneələr çıxır. Bu da təbiidir. Əgər belə olmasa, onda hə-yatın dadı da, mənası da olmaz. Bir az sadə dildə desəm, hə-yat duzsuz olar. Amma əsas ondan ibarətdir ki, insan həyatda gərək elə yaşasın ki, o həmişə öz mənəviyyatı ilə fəxr etsin.
Hər bir şeyi itirmək olar. Amma uşaq da, böyük də, hər bir insan gərək mənəviyyatını, iradəsini itirməsin, bütün çətinliklərin qarşısını alsın, onların qarşısında əyilməsin, sınmasın. Öz iradəsi ilə yaşasın, böyüsün, cəmiyyətə fayda versin.
Həyatın mənası təkcə insanın bu həyatda yaşaması deyildir. Nə qədər çox, firavan, zəngin yaşasa da, əgər hər bir gənc, yaşlı insan həyatın mənasını bunda görürsə, təbiidir ki, o, zəngin deyil, mənəviyyatca kasıbdır. Həyatın mənası ondan ibarətdir ki, dünyaya gələn, böyüyən, ərsəyə çatan hər bir uşaq, həyat fəaliyyətinə başlayan insan cəmiyyətə, millətə, ölkəsinə, vətəninə layiqli xidmət etsin, fayda versin.
Siz müstəqil Azərbaycanın uşaqlarısınız və mən inanıram ki, müstəqil ölkəmizin uşaqları olaraq öz vətəninizi əvvəlki nəsillərdən daha çox sevəcəksiniz. Vətəninizə, torpağınıza daha da bağlı olacaqsınız. Həyatınız məhz mənalı yaşayacaqsınız. Mənalı yaşayaraq Azərbaycanın layiqli vətəndaşları olacaqsınız, cəmiyyətimizə fayda verəcəksiniz. Öz həyatınızla, təhsilinizlə, biliyinizlə, fəaliyyətinizlə Azərbaycan cəmiyyətinin inkişaf etməsinə xidmətlərinizi göstərəcəksiniz.
Bizim xalqımız zahirən də gözəl xalqdır. Təbiidir ki, hər kəs özünü tərifləyir. Heç kəs özünə pis demir. Amma, mən hesab edirəm ki, bu hisslərdən kənara çıxsaq, başqaları da tama-milə razı olmalıdır ki, bizim xalqımız gözəl xalqdır. Görün nə qədər gözəl uşaqlar var. Nə qədər gözəl qızlar, nə qədər gözəl oğlanlar var. Baxırsan, biri-birindən gözəl, qəşəng, biri-birindən sirindir. Bunun özü də Allahın bizim xalqa bəxş etdiyi böyük nemətdir. Bu da bizi fərəhləndirməlidir, ruhlandırmalıdır. Bu da hər bir azərbaycanlının həqiqətən bu dünyada öz xalqına, cəmiyyətinə, öz ölkəsinə, torpağına sədaqətlə xidmət etməsinə kömək etməlidir.
Əziz balalar, mən sizi bir daha ürəkdən təbrik edirəm. Bugünkü görüşümdən həddən ziyadə şadam, sevinirəm. Bu gün göstərdiyiniz bu nümunələrlə siz bütün uşaqlara böyük sevinc bəxş edirsiniz. Uşaqlar sevinir. valideynlər də sevinir. Amma mən burada, sizin içərinizdə, sizinlə bərabər olaraq həddindən artıq sevinirəm. Hər il buraya gələrək, mən böyük sevinc hissi ilə buranı tərk edirəm.
Əziz uşaqlar, mən sizə və Azərbaycanın bütün uşaqlarına cansağlığı, sağlam həyat arzulayıram. Bütün nöqtəli-nəzərdən həm fiziki, həm əqli cəhətdən sizə sağlam həyat tərzi keçirməyi arzulayıram. Həmişə belə ağıllı olasınız, inkişaf edəsiniz. Həmişə belə zəkalı və gözəl olasınız. Əziz balalar, mən sizin hamınızı öpürəm, bağrıma bası-ram, sizə xoşbəxt gələcək arzulayıram. Sizin xoşbəxt gələcəyiniz üçün isə mən bundan sonra da əlimdən gələni edəcəyəm.
Sağ olun.
\"Azərbaycan\" qəzeti, 9 dekabr 2001-ci il.