Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin RÖYTER agentliyinin Tokio müxbiri ilə müsahibəsi - 27 fevral 1998-ci il

Sual:  Birinci sualım boru kəmərləri haqqındadır. Mən belə başa düşürəm ki, siz boru kəmərlərinin üç istiqamətdə çəkilməsi fikrindəsiniz. Bu boru kəmərlərindən biri - Bakıdan Novorossiyskə gedən kəmər hazırdır. Digər boru kəmərləri isə Bakıdan Cehyana və Bakıdan Supsaya çəkiləcəkdir. Mənə məlumdur ki, siz Bakı-Ceyhan istiqamətində çəkiləcək kəmərə daha çox üstünlük verirsiniz. Siz bu istiqamətdə çəkiləcək kəmərə nə üçün üstünlük verirsiniz?

Heydər Əliyev: Yəqin ki, məsələ barədə düz təsəvvürünüz yoxdur. Biz bu istiqamətlərin üçünü də dəstəkləyirik. Biz birinci neft kəmərini - Bakı-Novorossiysk kəmərini tikib yaratmışıq. Bu kəmərdən artıq istifadə olunur. Bu, ilkin neftin ixracı üçün çəkilmiş bir kəmərdir. O, Rusiyanın ərazisindən Qara dənizin Novorossiysk limanına gedir. Biz bu boru kəməri ilə nefti artıq ixrac edirik. Buna bənzər ikinci neft kəmərini Bakıdan, Gürcüstan ərazisindən Qara dənizin Supsa limanına çəkirik. Bu da ilkin nefin ixracı üçün tikilən boru kəməridir. Bunların hər ikisi bir-birinə alternativ olan kəmərlərdir. Yəni onların biri Şimal, digəri isə Qərb istiqamətindədir. Bunların tutumu o qədər də çox deyil. Ancaq Bakı-Ceyhan boru kəməri böyük boru kəməridir. Bu kəmərlə ildə təxminən 50-70 milyon ton neft ixrac etmək olar.

Sizin üçün aydın olmaqdan ötrü bildirirəm ki, Şimal istiqamətində boru kəməri artıq tikilib, yaranıbdır və ondan istifadə edilir. Biz ikinci boru kəmərini - Gürcüstan ərazisindən keçməklə Qara dənizin Supsa limanına çəkiləcək kəməri bu ilin axırınadək tikib qurtarmalıyıq. Bakı-Ceyhan boru kəmərinin isə indi layihəsi hazırlanır. O, çox böyük vəsait tələb edir. Ona görə də biz hesab edirik ki, onun tikintisinə başlamaq üçün bu ilin axırınadək qərar verməliyik.

Sual: Bu o deməkdir ki, siz hələ tam qərara gəlməmisiniz ki, bu boru kəmərini tikəcəksiniz, yoxsa yox?

Heydər Əliyev: Yox, qərara gəlmişik. Sadəcə, onun layihəsi hazır olmalıdır və maliyyə məsələsi həll edilməlidir. Yəni bu, bizim fikrimizdir.

Sual: Beynəlxalq Əməliyyat Şirkəti bu planla razıdırmı?

Heydər Əliyev: Onlar əsasən razıdırlar. Doğrudur, onların bu barədə, yəni həmin boru kəmərinin maliyyələşdirilməsi ilə əlaqədar bəzi məsələləri vardır. Bu barədə hələ iş görmək lazımdır.

Sual: Vaxt cədvəli, daha doğrusu, işin başa çatması haqqında bir söz deyə bilərsinizmi?

Heydər Əliyev: İşin başa çatması haqqında bir söz deyə bilmərəm. Amma hesab edirəm ki, biz bu ilin axırınadək bu işin başlanmasına nail olmalıyıq. Bizim 1994-cü ildə imzaladığımız müqaviləyə görə bu boru kəmərinin tikilməsinin müddəti 4 ildir.

Sual: Belə nəticə çıxarmaq olarmı ki, 2002-ci ildə bu boru kəməri işlək olacaqdır?

Heydər Əliyev: Mən istərdim ki, olsun.

Sual: Növbəti sual qazma haqqında olacaqdır. Siz xarici şirkətlərə Azərbaycanda qazma işləri aparmağa şərait yaradacaqsınızmı?

Heydər Əliyev:Qazma işi aparılmasa, neft çıxarmaq olmaz. Bəlkə, sual düzgün tərcümə edilmədi, yaxud sualı düzgün qurmadınız? Yəqin siz yeni yataqlada xarici şirkətlərə yer ayırmağımızla maraqlanırsınız?

Jurnalist: Bəli.

Heydər Əliyev: Bilirsiniz, Azərbaycanda zəngin neft yataqları vardır. Biz bu yataqlardan gələcəkdə də istifadə etmək üçün xarici şirkətlərlə əməkdaşlığımızı davam etdirəcəyik.

Sual: Deyə bilərsinizmi, bunu nə vaxt edəcəksiniz və hansı yataqları nəzərdə tutursunuz?

Heydər Əliyev: Biz bunu daim edirik. Məsələn, biz 1994-cü ilin sentyabr ayında birinci müqaviləni imzalamışıq. Ondan sonra az vaxt keçibdir, amma biz 9 müqavilə imzalamışıq. Yaponiyanın bir neçə şirkəti də konsorsium yaradıb bizim yataqlardan birində müştərək iş görmək istəyirlər. Onlar xahiş etdilər ki, biz həmin müqavilənin imzalanmasına razılıq verək. Ancaq orada bəzi məsələləri araşdırmaq lazımdır, bəzi məsələlər mənim üçün aydın deyildir. Ona görə də mən bunu təxirə saldım.

Yəni bizdə bu proses davam edir. Dünyanın böyük neft şirkətləri Azərbaycanın neft yataqlarına daim böyük maraq göstərirlər. Bizim bir neçə perspektivli yataqlarımız var. Xarici şirkətlər onları artıq öyrəniblər, bu yataqların imkanlarını bilirlər və orada iş görmək üçün bizə müraciət ediblər.

Sual: Belə nəticəyə gələ bilərikmi ki, Azərbaycan gələcəkdə də öz neft yataqlarını xarici şirkətlər üçün açıq saxlayacaqdır?

Heydər Əliyev: Bəli, tamamilə doğrudur.

Sual: Siz dünən Yaponiyanın baş naziri cənab Haşimoto ilə birlikdə Yaponiya şirkətlərinin təşkil etdiyi konsorsiumun Azərbaycanda işləməsi üçün sənədə imza atmalı idiniz. Lakin bu, baş tutmadı. Yapon tərəfi belə iddia edir ki, guya Azərbaycan tərəfi sənədləri bir qədər gecikdiribdir. Həqiqətən belədirmi?

Heydər Əliyev: Yox, belə deyil. Bilirsiniz, biz bu müqavilələrin imzalanmasına çox ciddi yanaşırıq. Hər bir məsələ və şərtlər bizim üçün aydın olmalıdır. Biz on illərlə müddətə olan işlərlə bağlı müqavilə imzalayırıq. Ona görə də hansı məsələ haradasa bizə aydın deyilsə, burada tələsməyə yol vermək olmaz. Yaponiya şirkətləri konsorsiumunun Azərbaycan Dövlət Neft Şirkəti ilə hazırladığı materiallar tamam kamil, mükəmməl deyil. Orada bəzi şərtlər tam aydın deyildir. Ona görə də biz bu müqaviləni imzalaya bilməzdik. Doğrudur, Yaponiya şirkətləri çox istəyirlər ki, bu müqavilə imzalansın. Amma əgər bəzi məsələlər aydın deyilsə, biz bu müqaviləyə imza ata bilməzdik.

Dünən biz baş nazir Haşimotonun iqamətgahında \"Mitsui\" şirkəti ilə bir müqaviləyə imza atdıq. Orada hər şey aydındır. Çünki həmin neft yatağının bir hissəsi barədə biz keçən ilin sentyabr ayında İtaliyanın \"Eni-Acip\" şirkəti ilə müqavilə imzalamışdıq. Biz onun 15 faizini dünən \"Mitsui\" şirkətinə verdik. Çünki orada şərtlərin hamısı aydın idi. \"Mitsui\" şirkəti isə \"Eni-Acip\" şirkətindən də yüksək şərtlərə razı oldu. Ona görə də biz onlarla müqavilə imzaladıq.

Güman edirəm ki, biz bu müqaviləni də gələcəkdə imzalaya bilərik. Dünən mən iki ay vaxt verdim ki, həmin sənədlərin üzərində işləsinlər. Sənədlər hazır olandan sonra, əgər şərtlər müəyyən olunsa, biz həmin müqaviləni də imzalayacağıq.

Sual: Neftayırma və kimya sektoru barədə hökumətin planlarından bir qədər ətraflı danışa bilərsinizmi?

Heydər Əliyev: Bizim bu sahədə planlarımız çoxdur. Birincisi, kimya sektoru haqqında. Burada \"Niçimen\" şirkəti ilə böyük bir müqavilə imzalamışıq və biz Yaponiyanın İxrac-İdxal Bankının kreditini götürürük. Götürdüyümüz kreditin məbləği 75 milyon dollardır. Amma bu layihənin ümumi dəyəri 100 milyon dollara qədərdir. \"Niçimen\" şirkəti bizimlə bərabər orada iş görəcəkdir.

Sual: Azərbaycan coğrafi-siyasi cəhətdən çox kövrək bir ərazidə yerləşmişdir. Şimalda Rusiya, cənubda İran, qərbdə isə Ermənistan və Türkiyə yerləşir. Siz Azərbaycanın öz qonşuları ilə münasibətlərini necə görürsünüz?

Heydər Əliyev: Biz istəyirik ki, qonşularımızla dostluq, mehribanlıq şəraitində yaşayaq. Türkiyə ilə bizim çox sıx dostluq əlaqələrimiz vardır. Rusiya və İran ilə bizim əlaqələrimiz də dostluq xarakteri daşıyır. Bizim bir qonşumuz da var - Gürcüstan. Gürcüstanla da əlaqələrimiz çox yaxşıdır, dostluq xarakteri daşıyır.

Bilirsiniz ki, biz Ermənistanla hərbi münaqişədəyik. Ermənistan 10 il bundan əvvəl Azərbaycanın ərazisinə hərbi təcavüz edibdir. Onlar bu hərbi təcavüzə Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağı qoparıb özlərinə bağlamaq məqsədi ilə başlayıblar. Müharibə başlayıbdır, qan tökülübdür, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş həmin torpaqlardan bir milyondan artıq vətəndaşımız yerindən-yurdundan zorla çıxarılıbdır. Doğrudur, biz dörd ilə yaxındır ki, atəşi dayandırmışıq, atəşkəs rejimində yaşayırıq, yəni döyüşlər yoxdur. Biz məsələnin sülh yolu ilə həll olunması üçün danışıqlar aparırıq. Ancaq hələ son nəticəni əldə etməmişik.

Azərbaycanın coğrafi-siyasi vəziyyəti doğrudan da möhkəmdir. Bizim coğrafi-siyasi vəziyyətimiz əlverişlidir. Ancaq bizə qarşı olan münasibətlərdə çox mürəkkəblik vardır.

Sual: Rusiya və İran Xəzər dənizinin neft və qaz ehtiyatlarından Xəzəryanı ölkələrin birgə istifadə etməsini təklif edirlər. Mən belə başa düşürəm: siz və daha iki ölkə belə bir təklif irəli sürürsünüz ki, bu ehtiyatlardan hər ölkə özü necə bilirsə, o cür istifadə etsin. Siz Rusiya və İranla nə dərəcədə razısınız, nə dərəcədə razı deyilsiniz?

Heydər Əliyev: Bizim təklifimiz belədir ki, Xəzər dənizinin mineral ehtiyatlarından istifadə edilməsi Xəzər dənizinin sektorlara bölünməsi yolu ilə ola bilər. Sovet İttifaqı mövcud olduğu zaman Xəzər dənizi Xəzəryanı respublikaların arasında sektorlara bölünübdür. O cümlədən İran ilə Sovet İttifaqı arasında da Xəzər dənizi sektorlara bölünübdür. Bu ənənə on illərdir ki, davam edir. Biz hesab edirik ki, bu, ən əlverişli prinsipdir. Biz Azərbaycan sektorunda öz işlərimizi bu prinsip əsasında görürük. Qazaxıstan da bu prinsiplə razıdır. Rusiya və İran bu prinsipi hələ ki, qəbul etmirlər. Ancaq hesab edirəm ki, bu prinsipdən daha əlverişli prinsip ola bilməz.

Sual: Siz tam əminsiniz ki, bundan daha yaxşı prinsip ola bilməz?

Heydər Əliyev: Bundan yaxşı prinsip ola bilməz. Güman edirəm ki, başqa dövlətlər də tədricən bu fikrə gələcəklər.

Sual: Ayırdığınız vaxta, verdiyiniz məlumata görə çox sağ olun. Çox sağ olun ki, mənim üçün belə bir imkan yaratdınız.

Bu doğrudurmu ki, 1987-ci ildə SSRİ-də Siz yeganə adam idiniz ki, Çernobıl hadisəsi haqqında açıq danışdınız?

Heydər Əliyev: Bu, 1987-ci ildə yox, 1986-cı ildə olubdur. Bəli, bu məsələ Sov. İKP MK Siyasi Bürosunda müzakirə olunarkən mən Qorbaçova və Siyasi Büronun başqa üzvlərinə açıq bildirdim ki, bunu gizlətmək olmaz, hər şeyi dərhal açmaq və dünyaya məlumat vermək lazımdır. O vaxt Siyasi Büroda bu məsələ ilə əlaqədar mənimlə Qorbaçov və Liqaçov arasında çox böyük bir münaqişə oldu.

Sual: Siz yeganə adam idiniz ki, bunu təklif etdiniz?

Heydər Əliyev: Mən yeganə adam idim. Ancaq orada məndən sonra Yakovlev də bu fikri təsdiqlədi. O da o vaxt Siyasi Büronun üzvü idi.

Jurnalist: Cənab prezident, bir daha çox sağ olun.