Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda keçirilən «Azərbaycanın milli-mədəni və təbii irsinin qorunub saxlanılması – milli parklar proqramı» beynəlxalq konfransının iştirakçıları ilə görüşü - Prezident sarayı, 2 may 2002-ci il

Heydər Əliyev: Sizi səmimi-qəlbdən salamlayıram. Mən Bakıda keçirilən Beynəlxalq konfransın Azərbaycanın milli və təbii irsinin qorunub saxlanılmasına, milli parklara həsr olunmasını yüksək qiymətləndirirəm. Mən konfransa təbrik məktubu göndərmişəm, ancaq istəyinizi nəzərə alaraq bu gün sizinlə görüşürəm. Almaniyanın təbiətin mühafizəsinə böyük əhəmiyyət verdiyi məlumdur. Bilirəm ki, almanlar ölkənizdə təbiətin mühafizəsi ilə çox ciddi məşğul olur, xalq da bunu çox yüksək qiymətləndirir. Təsadüfi deyil ki, təbiəti mühafizə partiyası – «Yaşıllar» partiyası parlamentə seçkilərinizdə öncül yerdə olub və indi Almaniyanın aparıcı partiyası olan Sosial Demokrat Partiyası ilə birlikdə koalisiya hökuməti yaradıbdır. Vitse-kansler cənab Yoşka Fişeri yaxşı tanıyıram. O, Azərbaycanda olubdur, mən onunla görüşmüşəm, söhbət aparmışıq. Güman edirəm, Almaniyada təbiətin mühafizəsinə böyük fikir verildiyinə görədir ki, bu Beynəlxalq konfransda da Almaniyanın nümayəndələri çoxluq təşkil edirlər. Mən çox məmnunam ki, belə böyük sayda, çox hörmətli alimlər, təbiətşünaslar Azərbaycana gəliblər və burada keçirilən konfransda iştirak edirlər.

Mən buna görə sizə təşəkkür edirəm. Ümidvaram ki, burada keçirdiyiniz günlər, sizdə Azərbaycan haqqında xoş təəssüratlar yaradacaq, təbiətin mühafizəsi sahəsində bizə yardım edəcək və Almaniya–Azərbaycan dostluğunu, əməkdaşlığını möhkəmləndirəcəkdir.

Mixail Zukkov (Almaniyanın Mixail Zukkov adına Təbiəti Mühafizə Fondu şurasının sədri): Cənab Prezident, səmimi qəbul üçün nümayəndə heyəti adından Sizə minnətdarlığımızı bildirirəm. Bu, dünya ekoloqlarının zəhmətinə Sizin verdiyiniz ən yüksək qiymətdir. 30 il öncə mən sizin ölkənizdə olmuşam və çox böyük təəssüratlarım var. İki ildir ki, biz bu fondu yaratmışıq və onun vasitəsilə ölkənizlə əlaqə saxlayırıq. Azərbaycan haqqında təsəvvürüm bu iki ildə daha da artıbdır. Fəxrlə deyə bilərəm ki, sizin ölkə vəhşi heyvanların və bitkilərin növlərinə görə bütün Avropada birinci yerdə dayanır. Təkcə qartalın 9 növü var. Amma Almaniyada, təəssüflər olsun ki, bircə növünü tanıyırıq.

Ötən ilin qışında biz Azərbaycanda Ağ göl ətrafında quşların qışlamasının şahidi olduq. Belə qənaətə gəldik ki, dünya quşlarının üçdə iki hissəsi Ağ göl ətrafında öz qışlama yerini tapıbdır. Cənab Prezident, ona görə də mən sizin ölkədə qışlayan quşlar barəsindəki bu hesabatı, məlumatı sizə təqdim edirəm.

Sizə məlumat verərək bildirirəm ki, fond Milli park proqramının həyata keçirilməsində Gürcüstana öz yardımını göstərib, indi isə Azərbaycana mümkün olan yardımı edəcəkdir.

Cənab Prezident, mən Sizə iki kitab təqdim etmək istəyirəm. Bunların biri Avrasiyada təbiətin mühafizəsinə həsr olunmuş kitabdır. Həmin kitabda keçirilən konfranslar öz əksini tapmışdır. İkincisi isə mənim Sizə şəxsi hədiyyəmdir. Mən hələ ADR-də təbiəti mühafizə nazirinin müavini işləmişəm və Milli park proqramını işləyib hazırlayanlardan biriyəm ki, bu da Almaniyanın birləşməsindən sonra bütün ölkəmizə şamil edildi. Bu kitabda təbiəti mühafizə sahəsində görülən işlər barədə məlumat və bununla bağlı sənədlər verilmişdir.

Ən nəhayət, Sizə sadə bir hədiyyəni təqdim etmək istəyirəm. Bu, Azərbaycan dilində tərtib olunmuşdur və cənab Bağırovla görəcəyimiz işin proqramıdır. Bu bizim gələcəkdə birgə fəaliyyətimizin proqramı hesab edilə bilər.

Heydər Əliyev: Hədiyyələrə görə təşəkkür edirəm.

Ola bilər, bizim mütəxəssislər bilirlər, amma mən heç bilmirdim ki, siz Azərbaycanın təbiətini və xüsusən quşlarını bu qədər yaxşı tanıyırsiniz. Almaniyada Azərbaycanın təbiətinə və xüsusən quşlarına göstərilən belə diqqət – bu təkcə diqqət deyildir, eyni zamanda qayğıdır – məni çox sevindirir.

Ekologiya indi bəşəriyyət üçün ən əsas məsələlərdən biridir. İnsanlar hələ bunun əhəmiyyətini, demək olar ki, tam başa düşə bilməyiblər. Hərə öz işini görmək üçün, məqsədinə nail olmaq üçün istər-istəməz təbiətə, ətraf mühitə böyük ziyan vurur. Biz çox böyük səlahiyyətlərə malik olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaratmışıq. Bundan da məqsədimiz bütün bu sahəyə aid olan məsələlərin hamısını bir əldə toplamaq və bu işlərlə daha ciddi məşğul olmaqdan ibarətdir.

Güman edirəm, belə bir nazirliyin yaranmasının nəticəsidir ki, Azərbaycanda indi belə konfranslar keçirılir. Ancaq bir şeyi bilməlisiniz ki, nə üçün Azərbaycanda bu qədər quş var. Çünki biz onların qırılmasının qarşısını alırıq, çox ciddi tədbirlər görürük. Azərbaycanda təbiətin mühafizəsi mənim üçün ən əsas vəzifələrdən biridir. Sizə bir daha təşəkkür edirəm ki, bu məsələlərlə məşğul olaraq Azərbaycana belə böyük diqqət yetirirsiniz.

Xanım Hila Altman (Almaniyanın ətraf mühit, təbiəti mühafizə və nüvə təhlükəsizliyi məsələləri nazirinin müavini): Mən də görüş üçün yaradılan imkana görə minnətdarlığını bildirirəm və cənab Prezident, Sizə Almaniya hökumətinin və təmsil etdiyim nazirliyin rəhbərliyinin salamlarını çatdırıram.

Konfransda iştirakımdan və Azərbaycan kimi gözəl ölkə ilə, onun insanları, mədəniyyəti ilə tanış olmaq imkanı əldə etməyimdən, Azərbaycan xalqının qonaqpərvərliyindən məmnun qaldığımı bildirirəm. Hüseynqulu Bağırovun şəxsində özümə yaxşı həmkar tapmışam və ümid edirəm ki, birgə əməkdaşlığımız sayəsində gələcək nəsil üçün çox vacib bir irs qoyub gedəcəyik.