Heydər Əliyev: Hörmətli xanım Oqata! Xoş gördük sizi. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin qaçqınlar üzrə ali komissarı ilə görüş məni çox məmnun edir.
Sadako Oqata: Cənab prezident ilə görüşümdən çox şadam. Dünya İqtisadi Forumunda \"Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun\" mövzusunda keçirilən sessiyada Sizin çıxışınızı maraqla dinlədiyim Davosda keçirdiyiniz görüşlərdən xəbərdaram. Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə daha geniş çatdırılması sahəsində bütün bunlar xüsusi əhəmiyyət daşıyır.
Heydər Əliyev: Siz bilirsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və bir-başa danışıqlar aparılır.
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda məskunlaşan azərbaycanlı qaçqınların qarşılaşdıqları problemlər həddindən çoxdur. Əzab-əziyyətlərə mətanətlə sinə gərən, doğma torpağa qayıtmaq həsrəti ilə yaşayan bu insanlara diqqət və qayğının artırılması çox vacibdir.
Ədalətin bərpa olunması, qaçqınlarımızın doğma evlərinə qayıtması naminə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında əlaqələr daha da möhkəmləndirilməlidir.