Hörmətli həmvətənlər!
Əziz bacılar və qardaşlar!
Sizi, bütün Azərbaycan xalqını, respublikamızın bütün vətəndaşlarını qədim milli bayramımız - Novruz bayramı münasibətilə təbrik edirəm!
Novruz bayramı həmişə özü ilə yeni il, yeni arzular, yeni ümidlər gətirir. Mən inanıram ki, bu yeni ildə Azərbaycan torpağında sülh və əmin-amanlıq nəhayət, bərqərar olacaqdır.
Novruz bahar bayramı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqillik və dövlətçilik rəmzidir. Yalnız öz müstəqilliyini qazandıqdan, öz dövlətçiliyini bərpa etdikdən sonra bu bayram rəsmi status almış və dövlət bayramı kimi qeyd olunmağa başlamışdır. Əsrlər boyu Novruz Azərbaycan xalqı üçün barış və saf niyyətlər bayramı olmuşdur. Bu gün də Azərbaycan xalqının milli barışa və saf niyyətli insanların həmrəyliyinə böyük ehtiyacı var. Bu Novruz günlərində mən yenə də bütün Azərbaycan vətəndaşlarını milli barışa, vətəndaş həmrəyliyinə dəvət edirəm.
Əziz həmvətənlər! Ulu Tanrıdan sizin hər birinizə xoşbəxtlik, səadət diləyir, həyatınızda, işinizdə uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!