Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasına qısamüddətli işgüzar səfərdən Bakıya qayıdarkən Binə Hava Limanında jurnalistlərə məlumatı - 29 noyabr 1999-cu il

Heydər Əliyev: Mən nədən ötrü getdiyimi sizə bildirmişdim. Ona görə də dediklərimin hamısı oldu. Dünən Ankaraya gəldim. Orada böyük bir təşkilat var, - torpaq eroziyası ilə mübarizə, ətraf mühitin qorunması və başqa problemlərlə məşğul olur. Həm dövlət, həm də onunla bərabər iş adamları, böyük şirkətlər bu təşkilatla öz güclərini birləşdiriblər, adı da Türkiyə Eroziya ilə Mübarizə, Yaşıllaşdırma və Ətraf Mühitin Mühafizəsi Vəqfi - TEMA-dır. Bu vəqf yeddi il bundan qabaq dövlətlə birlikdə yaradılıbdır. Dediyim kimi, torpaq eroziyası ilə mübarizə, torpaqların şoranlaşmasının qarşısının alınması, meşələrin, ağacların inkişaf etdirilməsi, həm də onların məhv olunmasının qarşısının alınması ilə məşğul olur. Çox əhəmiyyətli bir işdir.

Orada vəqfin başçıları, bir çox nazirlər çıxış etdilər. Prezident Süleyman Dəmirəl çıxış etdi. Mənə də söz verdilər, mən də çıxış etdim. Hesab edirəm, bu, həm elmi cəhətdən, həm də xüsusən praktiki cəhətdən çox əhəmiyyətli tədbir idi. Mən orada dedim yəqin ki, biz bunu edəcəyik - orada çox böyük təcrübə var. Oraya nümayəndə heyəti göndərək, bu təcrübə ilə tanış olsunlar, görək biz nə edə bilərik. Əlbəttə, bunu indi etmək çətindir, çünki böyük vəsait tələb olunur. Orada həmin vəqf bu işə həm xalqı cəlb edib, həm də dövlətin imkanlarını toplayıbdır.

Keçmişdə, Sovet İttifaqı vaxtında eroziyaya qarşı mübarizəyə, meliorasiyaya, torpaqların şoranlaşmasının qarşısının alınmasına, yaxud şoranlaşmış torpaqların yuyulmasına çox pul xərclənirdi. İndi isə bizim iqtisadi imkanımız pisdir. Ancaq hər halda meşələri qoruya bilərik, yaşıllaşdırmanı inkişaf etdirə, yeni meşələr saldıra bilərik. Məsələn, otuz il öncə biz Bakının yaşıllaşdırılması problemini qaldırdıq. Düzdür, arada beş-altı il buna xəyanət oldu, amma görürsünüz, son beş-altı ildə Bakıda yenə də hər yerdə ağaclar əkilir, yaşıllaşdırmaya diqqət artırılır.

Mən bu gün İsparta şəhərinə getmişdim. Orada da hava limanından gedəndə yolun qırağında şam ağacları var. Bir hissəsi qalxıbdır, görünür, beş-altı-yeddi-səkkiz il bundan öncə əkiblər. Amma bir hissəsi balaca ağaclardır, bunlar da böyüyəcəkdir. Yəni bu işləri görmək, xalqı bu işə cəlb etmək olar. Orada belə bir təşəbbüs qaldırıblar ki, gərək hər bir vətəndaş doqquz ağac yetişdirsin. Şübhəsiz ki, meyvə ağaclarından yox, yaşıllaşdırma üçün əkilən ağaclardan söhbət gedir. Mən bu tədbirdə iştirak etməyimdən məmnunam. Bu, bizim üçün xeyirlidir.

Bu gün səhər tezdən hörmətli prezident Süleyman Dəmirəllə bərabər İspartaya getmişdik. Bilirsiniz ki, İsparta onun vətənidir. İsparta vilayətdir, İsparta şəhərinin 450 min əhalisi var. Bu şəhər də çox inkişaf edib və təbiidir ki, bu işlərin çoxu prezident Süleyman Dəmirəlin himayəsi altında aparılır. Dövlət də çox işlər görür, amma şirkətlər, vəqflər də edirlər. Məsələn, Süleyman Dəmirəlin qardaşı var - Şövkət Dəmirəl - o öz puluna ürək-damar cərrahiyyəsi xəstəxanası tikibdir, dediyinə görə, altı milyon dollar xərcləyibdir. 93-cü ildə o da mən keçirdiyim əməliyyatı keçiribdir. Yəqin ondan sonra görüb ki, bu, insanlara nə qədər lazımdır, öz pulunu xərcləyibdir, iş adamıdır.

Xəstəxana tikib, onu cihazlarla yüksək səviyyədə təmin ediblər. Xəstəxananın açılışı oldu, ona baxdıq. Orada yeni bir məktəb tikilmişdir, onun açılışı oldu, ona baxdıq. Orada böyük bir mədəniyyət mərkəzi tikilibdir. Vaxtilə bunların təməlini prezident Süleyman Dəmirəl özü atıbdır. Ona görə açılışında da iştirak edirdi, məni də dəvət eləmişdi. Mədəniyyət mərkəzi böyük kompleksdir. Böyük salonları var - həm müxtəlif konqreslər keçirmək, həm konsert vermək, yaxud da toy mərasimləri, başqa mərasimlər keçirmək olar. Çox gözəldir. Orada günorta bir az yemək yedik.

İspartada yeddi il bundan öncə universitet yaranıb və Süleyman adınadır. Təbiidir ki, dövlət universitetidir. Amma orada bəzi binaları deyəsən, Süleyman Dəmirəlin qardaşı Şövkət Dəmirəl tikibdir. Universitet böyükdür, orada 25 min tələbə oxuyur, neçə min də müəllimi, professorları var. Yeddi ildə çox böyüyüb, amma yenə də genişlənir. Şəhərin kənarında universitet şəhərciyi yaranıbdır. Onun tibb fakültəsinin binası tikilir, səkkiz mərtəbəsi qalxıb, ona da baxdıq. Mənə universitetin fəxri doktoru adı vermişdilər. Şimali Kipr Türk Cümhuriyyətinin başçısı Rauf Denktaşa da fəxri doktor adı vermişdilər. Bu mərasim oldu. Mərasim də çox böyük idi: rektor danışdı, milli təhsil naziri, səhiyyə naziri, başqaları danışdılar. Sonra da Süleyman Dəmirəl çox dəyərli nitq söylədi. Bizə fəxri doktor diplomları verdilər. Şübhəsiz ki, hər birimiz nitq söylədik. Əgər vaxtınız olsa, televiziya vasitəsilə baxarsınız. Bunlar hamısı bu gün olub, səhər saat 9-da biz Ankaradan uçduq, indi də İspartadan iki saat yarım yol gəlmişəm.

Təbiidir ki, Türkiyə prezidenti Süleyman Dəmirəl ilə Türkiyə-Azərbaycan əlaqələri haqqında, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması haqqında, başqa problemlər barədə söhbətlərimiz oldu. Dünən axşam biz təkbətək görüşdük, bir yerdə yemək yedik və danışıqlar apardıq. Mərasim zamanı da bir yerdə idik, amma dünən axşam, toplantıdan sonra buna xüsusi vaxt sərf etdik. Bunlar da çox əhəmiyyətlidir.

Türkiyədə yeni hökumətdir, yeni nazirlər var. Bizi üç-dörd nazir müşayiət edirdi. Onlarla görüşdük, danışdıq. Bunlar hamısı bizim ölkələrimizi bütün sahələrdə bir-birinə daha da yaxınlaşdırmaq üçün, əməkdaşlığı inkişaf etdirmək üçün lazımdır. Mən bu səfərdən çox məmnunam. Düzdür buna iki gün vaxt getdi, amma çox məmnunam.