Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransanın həftəlik \"Puan\" jurnalının müxbirinə müsahibəsi - Paris 14 yanvar 1997-ci il

Müxbir:  Cənab Prezident, bizi qəbul etdiyinizə və Sizinlə görüşmək şərəfinə nail olduğuma görə öz minnətdarlığımı bildirirəm. \"Puan\" həftəlik jurnaldır, mənim Sizə bir neçə sualım vardır:

Cənab Prezident, mənim birinci sualım Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın coğrafi-siyasi vəziyyəti haqqındadır. Siz Fransada bu sahədə apardığınız danışıqlar barədə nə deyə bilərsiniz?

Cavab: Bunlar çox geniş mövzulardır. Sizi konkret olaraq hansı məsələ daha çox maraqlandırır?

Sual: Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində vəziyyət necədir?

Cavab:  Bilirsiniz ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Ermənistan Azərbaycanın bu kiçik bölgəsini öz əlinə keçirmək, öz ərazisinə birləşdirmək üçün 1988-ci ildə respublikamıza qarşı hərbi təcavüz edibdir. Bu təcavüz nəticəsində, bəzi səbəblərdən, 1993-cü ilə qədər Ermənistanın silahlı qüvvələri Azərbaycanın həm Dağlıq Qarabağ hissəsini, həm də  onun ətrafında olan rayonlarını  – respublikamızın ərazisinin təxminən 20 faizini işğal edibdir. Bu torpaqlar indi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş torpaqlarımızdan Azərbaycanın bir milyondan çox vətəndaşı öz yerindən, yurdundan zorla çıxarılıbdır. Onların hamısı indi Azərbaycanın müxtəlif bölgələrində, əksəriyyəti çadırlarda yaşayır. Beləliklə, Azərbaycana həm maddi, həm də mənəvi cəhətdən böyük zərbələr vurulubdur. Bir müstəqil dövlət kimi Azərbaycanın ərazi bütövlüyü pozulub. İşğal edilmiş ərazilərimizdə Azərbaycanın bütün varidatı dağılıb, tarmar olunub. Qan tökülüb, minlərlə insan tələf olunubdur.Bütün bunlara baxmayaraq, Azərbaycan bu məsələnin sülh yolu ilə həll olunmasına üstünlük verir. Bu məqsədlə 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş əldə edilibdir. İki il səkkiz aydır ki, atəş yoxdur, biz atəşkəs rejimində yaşayırıq. Biz Ermənistan  ilə Azərbaycan arasında səkkiz ildən çox davam edən münaqişədə bunu müsbət hal hesab edirik. Çünki biz müharibə etmək istəmirik. Biz bölgədə sülh yaratmaq istəyirik. Ancaq iki il səkkiz ay müddətində aparılan danışıqlar, xüsusən Minsk qrupu çərçivəsində gedən proses hələ ki, istənilən nəticəni verməyibdir. Keçən il dekabrın əvvəlində Lissabonda ATƏT-in Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsi də müzakirə olunmuşdur. Orada Minsk qrupu ATƏT-in Zirvə görüşünə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının əsas prinsiplərini göstərən bir layihə təklif etdi. Həmin prinsiplər bizim üçün tam əlverişli olmasa da, bu məsələnin sülh yolu ilə həll edilməsi üçün biz o prinsipləri qəbul etdik. Ancaq Ermənistan tərəfi Lissabonda pozucu bir mövqe tutdu. Onlar bu prinsiplərin qəbul edilməsinə mane olmağa çalışdılar. ATƏT-in Zirvə görüşündə sənədlər konsensus yolu ilə qəbul edildiyinə və Ermənistan bu sənədin qəbuluna konsensus vermədiyinə görə Azərbaycan çox ciddi bir addım atdı, ATƏT-in bütün sənədinin qəbuluna konsensus vermədi. Gərgin bir vəziyyət yarandı. Sonra aparılan danışıqlar nəticəsində həmin prinsiplər ATƏT  sədrinin xüsusi bəyanatında öz əksini tapdı. O sənəddə göstərildi ki, ATƏT-in bütün üzvləri bu prinsiplərlə razıdır, Ermənistandan başqa. Bu prinsiplər nədən ibarətdir? Orada üç bənd var: birincisi, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyünün tanınması; ikincisi, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməsi; üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinə təhlükəsizlik təminatı verilməsi. Təsəvvür edin, əgər Ermənistan bu prinsipləri – ATƏT-in, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquq normalarına söykənən prinsipləri qəbul etmirsə, demək, özünün nə qədər təcavüzkar olduğunu dünyaya nümayiş etdirir. Biz hesab edirik ki, bu prinsiplər ATƏT-in və Minsk qrupunun üzvü olan bütün ölkələr tərəfindən dəstəkləndiyinə görə indi danışıqları bunların əsasında aparmaq, bu prinsiplərin həyata keçirilməsinə nail olmaq lazımdır. Hesab edirəm ki, Minsk qrupunun üzvü kimi Fransa da bu prinsiplərin həyata keçirilməsində fəal iştirak etməlidir. Mən bu barədə öz fikirlərimi dünən Prezident cənab Jak Şirakla görüşərkən açıq-aydın bildirdim və ona öz təkliflərimi verdim. Mən hesab edirəm ki, Dağlıq Qarabağ haqqında xeyli danışdıq.

Sual: Azərbaycan çox böyük dövlətlərlə əhatə olunmuşdur və çox varlı bir ölkədir. İndi Siz respublikanızın Qərb və şimal ölkələri ilə əlaqələrini necə qurursunuz?

Cavab:  Bilirsiniz, Azərbaycan müstəqil bir dövlətdir, Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir. Ona görə də biz Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə etməyə çalışırıq. Məhz buna görə də biz bir neçə neft müqaviləsi imzalamışıq. Dünən burada, Parisdə Yelisey sarayında Azərbaycan Dövlət Neft şirkəti ilə Fransanın \"Elf Akiten\" və \"Total\" şirkətləri arasında Xəzərin Azərbaycan sektorundakı iki neft yatağının işlənməsi haqqında yeni bir müqavilə imzalanmışdır. Azərbaycanı əhatə edən ölkələrlə biz çox mehriban qonşuluq və dostluq əlaqələri yaradırıq. Ermənistanla olan əlaqələrimiz haqqında mən sizə danışdım. Ancaq digər qonşu ölkələrlə bizim çox normal, mehriban dostluq əlaqələrimiz var. Şübhəsiz ki, bunlar hamısı ikitərəfli, qarşılıqlı surətdə faydalı münasibətlər əsasında qurulur və bunlar Azərbaycanın suverenliyinə, müstəqilliyinə heç vəchlə toxunmamalı və zərər gətirməməlidir.

Sual: Axırıncı sualımı verirəm. Bilirəm ki, Sizin çox gərgin iş rejiminiz vardır. İki il bundan əvvəl Siz müsahibə zamanı deyirdiniz ki, respublikamızda elə vəziyyət yaranıb ki, bəzi qrupları tərksilah etmək lazımdır. Bununla əlaqədar soruşmaq istəyirəm: elə vaxt olubmu ki, həyatınızdan qorxmusunuz? Eşitmişəm ki, Sizə qarşı çoxlu sui-qəsd cəhdləri olubdur.

Cavab:  Birincisi, mən həyatımdan heç vaxt qorxmamışam və  qorxmuram. Əgər mən həyatımdan qorxmuş olsaydım bu qədər ağır məsuliyyəti – 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi mövcud olduğu halda – öz üzərimə götürməzdim. Təəssüflər olsun ki, Azərbaycanda 1989-cu ildə bir çox qeyri-qanuni silahlı dəstələr yaranmışdı. Bunlar heç də Azərbaycan torpaqlarının qorunmasına xidmət etməmişdir. Onlardan ayrı-ayrı mafioz qruplar öz məqsədlərinə nail olmaq və silah yolu ilə hakimiyyəti ələ keçirmək üçün istifadə etmişlər. Məhz bunların nəticəsində 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi baş vermişdir. Bunların qarşısını alandan və mən Prezident seçiləndən sonra 1994-cü ilin oktyabrında Azərbaycanda yenidən silah gücü ilə dövlət çevrilişinə cəhdlər göstərilmişdir. Biz onun qarşısını aldıq, cinayətkarları zərərsizləşdirdik. Bundan

sonra 1995-ci ilin martında da böyük bir silahlı dəstə yenidən dövləti silah gücü ilə devirməyə çalışmışdı. Bunun da qarşısı alındı. Son iki ildə apardığımız düzgün siyasət və qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin güclənməsi və xalqda, ictimaiyyətdə milli həmrəylik yaranması nəticəsində biz belə silahlı dəstələri, demək olar ki, aradan götürmüşük. Lakin onların bəziləri qaçıb ayrı-ayrı ölkələrdə gizlənirlər, çoxları isə Rusiyada, Moskvada yerləşiblər və öz terror hərəkətlərindən əl çəkmək istəmirlər. Son vaxtlar bəzi terrorçu dəstələri də Azərbaycana göndəriblər. Ancaq onlar bizim hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb, ələ keçiriliblər. Son iki ildə Azərbaycanda cəmiyyətdə, əhali arasında, respublikamızda ictimai-siyasi sabitlik yaranıbdır və indi də bərqərardır. Bəzi cinayətkarların hərəkətlərinə gəldikdə isə, bunlar ola bilər, ancaq biz onların hamısının qarşısını almağa qadirik. Mən inanıram ki, Azərbaycanda ictimai-siyasi sabitlik bundan sonra da möhkəmlənəcəkdir. Məhz buna görə də xarici ölkələrin böyük şirkətləri Azərbaycanla müştərək iş görməyə çox böyük maraq göstərirlər.

Sual: Cinayətkar dəstələrdən söhbət getdi, onlar Moskvadan göndərilir? Onları Moskvada kimlər idarə edir?

Cavab: Onları Moskvada gizlənən ayrı-ayrı cinayətkarlar, cinayətkar dəstələr idarə edir.

Müxbir: Cənab Prezident, çox sağ olun. Siz bu müsahibənizlə bizə çox böyük şərəf verdiniz.