Müstəqillik yolu tutmuş Azərbaycan Respublikası üçün dünyanın bütün dövlətləri, o cümlədən, Qərbi Avropanın ən böyük və nüfuzlu dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq və dostluq əlaqələri qurmaq çox böyük siyasi və beynəlxalq əhəmiyyət kəsb edir. Bu əlaqələrin siyasi əhəmiyyəti onunla şərtlənir ki, həmin dövlətlər Azərbaycanın üzv olduğu bütün beynəlxalq və regional təşkilatlarda ləyaqətlə təmsil olunmasına, onun beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq sisteminə, Avropanın müxtəlif struktur və institutlarına inteqrasiyasına hərtərəfli əməli yardım göstərmək imkanına malikdirlər.
1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri Azərbaycanın Qərbi Avropa ölkələri ilə əlaqələrində intensiv inkişafın başlanğıcı oldu.
Dekabrın 20-də axşam Yelisey sarayında Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa rəhbərliyi tərəfindən təntənəli rəsmi qarşılanma mərasimi olub. Sonra iki ölkənin prezidentlərinin iştirakı ilə Fransa-Azərbaycan danışıqları başlayıb. Görüşdə Fransa və Azərbaycan arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Sonra Heydər Əliyev və Fransua Mitteran Yelisey sarayının Müyurad salonunda Azərbaycanla Fransa arasına Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq barəsində müqaviləni imzalayıblar. Heydər Əliyev həmçinin, Yeni Avropa üçün Paris Xartiyasını da imzalayıb.
İmzalama mərasimindən sonra jurnalistlər qarşısında bəyanatla çıxış edən Heydər Əliyev Fransua Mitterana müraciətlə qeyd edib: «İndicə Sizinlə birgə imzaladığımız Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində yeni mərhələdir. Yelisey sarayında Azərbaycanla Fransa arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyduq. Cəmi iki il əvvəl dövlət müstəqilliyi əldə etmiş Azərbaycan Respublikası üçün bu, mühüm tarixi hadisədir».
Dekabrın 21-də Azərbaycan Prezidenti Heydər Əliyev öz iqamətgahında Fransa xarici işlər naziri Alen Jüppeni qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə aradan qaldırılması imkanları araşdırılıb. Daha sonra Heydər Əliyev Fransa sahibkarlarının milli mərkəzində bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Prezident Heydər Əliyev Azərbaycanın iqtisadi potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib. Azərbaycan Prezidenti həmçinin, Diplomatiya Akademiyasında çıxış edib.
Həmin gün YUNESKO-nun iqamətgahında bu təşkilatın baş direktoru Federiko Mayorla görüşən Azərbaycan Prezidentinə YUNESKO-nun xatirə medalı təqdim olunub.
Dekabrın 21-də Heydər Əliyev Fransaya rəsmi səfəri ilə bağlı təşkil olunan mətbuat konfransında bəyanatla çıxış edərək, səfərin gedişindən və onun nəticələrindən məmnun olduğunu bildirib. Heydər Əliyev vurğulayıb: «Mən burada olarkən daha çox yəqin etdim ki, Azərbaycan ilə Fransa arasında əlaqələr son dərəcə zəif olmuşdur, Fransada Azərbaycan barəsində məlumat olduqca azdır. Bəzən qeyri-obyektiv məlumat ölkəmiz, Azərbaycan dövlətinin tədbirləri barədə yalan-yanlış təsəvvür yaradır. Buna görə də hesab edirəm ki, Fransaya səfər iki ölkənin rəhbərləri arasında sıx qarşılıqlı əlaqələr, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün bünövrə yaratmaqla yanaşı, Fransada Azərbaycanın daha yaxşı təsəvvür olunması mənasında böyük əhəmiyyətə malikdir. Mən belə düşünmürəm ki, bu günlər ərzində biz bunu etməyə müvəffəq olduq. Lakin özümüz üçün çox zəruri saydığımız bu işin görünür, bünövrəsini qoya bildik».
Prezident həmin gün həm də Fransanın iqtisadi əlaqələr naziri ilə görüşüb.
Dekabrın 22-də Azərbaycan Prezidenti Heydər Əliyev Fransa Senatının sədri ilə görüşdə ikitərəfli münasibətlərin perspektivləri barəsində fikir mübadiləsi aparıb.
Elə həmin gün Prezident Heydər Əliyev Fransa Respublikasına ilk rəsmi səfərini başa vuraraq Vətənə dönüb.
Bu səfərlə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycanın Avropa ölkələri ilə inteqrasiyası yolunda ilk addımını atıb.