Heydər Əliyev: Hörmətli xanımlar və cənablar!
Siz, bu gün buraya dəvət edilənlər müstəqil Azərbaycanın vətəndaşları, ordenlərlə təltif olunanlarsız. Bu mərasimə, sizinlə görüşə gəlmişəm ki, ordenləri sizə təqdim edim. Müstəqil Azərbaycanın yüksək ordenlərinə layiq görüldüyünüzə görə sizin hamınızı təbrik edirəm, hər birinizə cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.
Ola bilsin, mərasim çox vaxt aparsın. Çünki burada çox adam var. Keçmiş təcrübədən bilirəm ki, mən ordenlərlə sizi təltif edəndə bu yüksək mükafatları alan şəxslərin bəziləri, bəzən çoxları öz sözlərini demək istəyirlər. Ancaq əgər belə olsa, gərək onda biz burada axşama qədər oturaq. Siz oturmusunuz, amma mən ayaq üstəyəm. Bunu nəzərə alın. Mən başa düşürəm, hər biriniz bu ordenlərə görə Azərbaycan dövlətinə minnətdarsınız. Ona görə xahiş edirəm, əlavə sözə, yəni nitq söyləməyə ehtiyac yoxdur. Əgər kimsə çox təkid etsə, onda bu mərasim bitəndən sonra yəqin ki, bir neçə adama söz verə bilərəm.
Bir şeyi də demək istəyirəm. Ola bilər bu mərasim çox vaxt aparsın. Düşünürəm ki, əgər kimsə narahat olsa, yaxud ona uzun müddət oturmaq çətin olsa - burada yaşlı adamlar var - onlar rahat durub gedə bilərlər. Heç nədən narahat olmasınlar. Beləliklə, mükafatları sizə təqdim etməyə başlayıram.
Mariya Kojevnikova: İcazə verin, kəndimizdə olduğunuz günlərdən xatirə olaraq bu albomu bütün sakinlərimiz adından Sizə təqdim edim. Sizin kəndimizə gəlişinizi əks etdirən bütün fotoşəkillər bu albomda toplanmışdır. Belə albomlar, demək olar, hər birimizin evində var. Siz bizim kənddə 6 dəfə olmusunuz və bütün camaatımız Sizə dərin etiram bəslədiyini yetirməyi məndən xahiş etdilər. İcazə verin, kiçik şeirimlə təşəkkürümü bildirim.
Heydər Əliyev: Gör aradan nə qədər vaxt keçib, sən isə qocalmamısan, elə əvvəlki kimisən. Mariya Kojevnikova rus dilində şeiri oxudu və bir daha minnətdarlıq etdi.
Mariya Kojevnikova: Heydər Əliyeviç, Sizin göstərdiyiniz yolla, bax, beləcə irəliləməyimiz üçün Sizə möhkəm cansağlığı, mətinlik və müdriklik diləyirəm!
Heydər Əliyev: Məmməd Aslan tanınmış adamdır. Onun bir neçə kəlməsi heç vaxt mənim yadımdan çıxmır. Mən o vaxt vəzifələrdən kənarlaşdırılandan sonra ağır vəziyyətdə, Naxçıvanda yaşayırdım. Buraya, Ali Sovetin sessiyasına gəlmişdim. Məni Yazıçılar İttifaqının qurultayına dəvət etdilər. Əvvəl bir az şübhələndim ki, məni doğrudanmı dəvət ediblər. Çünki o vaxt hamı məndən kənar gəzirdi. Dedilər, yox, dəvət olunubsunuz. Bir, iki, üç dəfə yoxlayandan sonra qərara aldım ki, gedim. Filarmoniyada idi. Gəldim, rəhmətlik Xəlil Rzanın, rəhmətlik Rəfik Zəka Xəndanın yanında oturdum. Başqaları da oturmuşdu. Mənə çox mehriban baxırdılar. Qurultayın rəyasət heyətini seçməyə başladılar. Seçdilər. Bir də gördüm ki, hardansa arxada bir nəfər qışqırır ki, bəs xalqımızın filan oğlu Heydər Əliyev rəyasət heyətinə seçilsin. Təbiidir ki, çox hərarətli alqışlar oldu. Rəyasət heyəti mat-məəttəl qaldı ki, neyləsin. Çünki orada keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi oturmuşdu. Anar mənə dedi ki, buyurun, keçin buraya. Mən dedim, bilirsiniz nə var, mən həyatımın çox hissəsini həmişə orada, rəyasət heyətində oturmuşam. Amma indi isə istəyirəm, elə burada oturam. Həmişə oradan buraya baxmışam, indi də burdan oraya baxmaq istəyirəm. Səni təbrik edirəm, uğurlar arzulayıram.
Bəkir Nəbiyev: Əziz Prezidentimiz, mən arzu edirəm ki, Siz bu salonda, inşallah, yaxın vaxtlarda Azərbaycan torpaqlarını azad edəcək ya diplomatik heyətimizin nümayəndələrini təltif edəsiniz, ya da Azərbaycan əsgərlərini, onların komandirlərini təltif edəsiniz. Azərbaycan torpaqlarının azad olunması münasibətilə onları təbrik edəsiniz. Mən buna inanıram.
Heydər Əliyev: Səni təbrik edirəm. Cansağlığı arzulayıram. Sən Azərbaycanda ingilis dilinin öyrənilməsində çox böyük xidmətlər göstərmisən. Vaxtilə mənim qızım da sənin təşkil etdiyin qrupa gedirdi.
İsmixan Rəhimov: Cənab Prezident, əla tələbə idi. İndi də xatirimdədir. Maşallah, çox gözəl, qabiliyyətli qız idi.
Heydər Əliyev: Bəli, elə o əsasla qızım da, oğlum da ingilis dilini çox yaxşı bilirlər.
İsmixan Rəhimov: İlk müəllimləri mən olmuşam.
Heydər Əliyev: Bəli. Amma təkcə onların yox, o vaxtlar bütün Azərbaycanda.
İsmixan Rəhimov: Cənab Prezident, üzr istəyirəm, Xuraman xanım da mənim qrupumda oxuyubdur. Bir dəfə \"Biz qalib gələcəyik\" mahnısını elə gözəl oxudu ki, tələbələrə dedim, inanın, biz qalib gələcəyik, torpaqlarımız azad olacaqdır.
Cənab Prezident, bir sözüm var. Məni ilk dəfə təbrik edən institutumuzda bir müəllimə oldu. Onun ilk sözü bu oldu ki, İsmixan, sənin tələbələr arasında şöhrətin var idi, amma ordenin yox idi. Sağ olsun prezident, sənə \"Şöhrət\" ordeni verdi. İnanın ki, məni təbrik edənlərin birinci sözü \"sağ olsun prezident!\" oldu. Mən də deyirəm ki, həqiqətən prezident sağ olsun! İnanıram ki, burada oturanları mənim kimi təbrik ediblər. Amma məni təbrik edəndə, birinci prezidenti təbrik ediblər, sonra məni. Çox sağ olun, təşəkkürümü bildirirəm.
Xuraman Qasımova: Möhtərəm Prezident, Fidan xanım və mən bu il birlikdə yaradıcılığımızın illiyini qeyd edirik. Çox xoşbəxtik ki, 25 illik yaradıcılığımız dövrü sizin respublikaya rəhbəriliyiniz zamanında keçibdir. Hər zaman bizə atalıq etmisiniz, qayğı göstərmisiniz və sənətimizə böyük qiymət vermisiniz. Sizin qarşınızda baş əyirəm, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Bütün sənət adamları və ailəm adından Sizə minnətdaram. Çox sağ olun.
Heydər Əliyev: Fidan da, sən də balaca qız idiniz. Gözümüzün qabağında böyüdünüz.
Fuad Qasımzadə: Cənab Prezident, Sizə ikiqat borcluyam. Bu yaxınlarda akademiyaya seçkilər zamanı fəlsəfəyə yer ayırmağınız Sizin qayğınız nəticəsində oldu. Bizim ailə Sizin bu qayğınızı həmişə hiss edir. Siz o vaxtlar respublikanın birinci katibi olarkən, atamı küçədə görəndə maşınınızı saxlatdırıb \"Mirzə Feyzulla, gəl əyləş\" deyirdiniz. O, evə gələndə uşaq sevinci ilə ağlayırdı və deyirdi ki, mən hələ belə rəhbər görməmişəm, o, Allah adamıdır.
Heydər Əliyev: Atanı yaxşı xatırlayıram.
Fuad Qasımzadə: Çox sağ olun, var olun, Sizə minnətdaram.
Svetlana Mirzəyeva: Hörmətli Heydər Əliyeviç, mən də Sizə hədiyyə etmək istəyirəm. Siz gənclik illərinizdən Naxçıvanda istedadlı rəssam kimi tanınırdınız. Ancaq Siz heyfsilənirdiniz ki, vaxtilə çəkdiyiniz bütün rəsm əsərləri və şəkillər itmişdir. Naxçıvanda bütöv bir qrup - İsa Həbibbəyli, Hənifə Sultanova, Ramiz Məmmədov və ilk növbədə, xalça muzeyinin direktoru Arif Qədimov və mən axtarışlar apardıq. Nəhayət, izinə düşdük və indi itirilmiş rəsmlərdən birini - 1942-ci ildə çəkdiyiniz \"12 yaşlı qonşu qızın portreti\" adlı rəsmi Sizə qaytarırıq.
Heydər Əliyev: Hörmətli xanımlar və cənablar! Mən sizi bir daha ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, uzun ömür və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.