Hörmətli konfrans iştirakçıları!
Sizi - Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır və işinizdə uğurlar arzulayıram.
XX əsrin səciyyəvi xüsusiyyətlərindən biri dünya xalqlarının ictimai-siyasi həyatında qadınların fəallığının artmasıdır. Danılmaz faktdır ki, müharibələrin, silahlı münaqişələrin acı nəticələrinin əsas ağırlığı qadınların üzərinə düşür. Odur ki, onların sülh və əmin-amanlıq uğrunda, müharibələrə, silahlı münaqişələrə qarşı mübarizə yollarında böyük qətiyyət və əzmkarlıq göstərmələri tamamilə təbiidir.
Bu məsələlərə həsr olunmuş beynəlxalq konfransın məhz Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsi təsadüfi deyildir. On ildən artıqdır ki, müharibə vəziyyətində yaşayan, erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarının 20 faizini itirən, işğal olunmuş torpaqlardan didərgin düşərək çadırlarda ağır şəraitdə yaşayan bir milyondan artıq qaçqın və köçkünü olan respublikamızın hər bir vətəndaşı, xüsusilə qadınlar silahlı münaqişənin gətirdiyi fəlakətlərin nə olduğunu öz gündəlik həyatında hiss edir, dərindən dərk edir.
Dörd ildir ki, cəbhədə atəşkəsə nail olunmuşdur, hərbi əməliyyatlar dayandırılmışdır. Lakin münaqişəni dinc yollarla həll etmək üçün respublikamızın göstərdiyi bütün səylərə, BMT-nin müvafiq qərarlarına, ATƏT-in Minsk qrupunun bu istiqamətdə gördüyü işlərə baxmayaraq, hələ də sülh əldə edilməmişdir. Ümid edirəm ki, konfransınız Azərbaycan xalqının, xüsusilə qadınlarımızın həyatına böyük müsibətlər gətirmiş bu münaqişənin sülh yolu həlli məsələlərinə diqqət yetirəcək və bu işdə öz yardımını əsirgəməyəcəkdir.
Azərbaycan Respublikasının Konstitusiyası cəmiyyətdə qadınların kişilərlə hüquq bərabərliyini təmin edir. Respublikada qadınların ölkənin ictimai-siyasi həyatında, dövlət strukturlarında geniş təmsil olunması üçün imkanlar yaradılır.
Sizi əmin etmək istəyirəm ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla gedən Azərbaycan Respublikası qadınların hüquqlarının daha da genişləndirilməsi üçün bundan sonra da var qüvvəsini sərf edəcəkdir.
Hörmətli konfrans iştirakçıları!
Konfransınız bölgəmiz üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuşdur. Arzu edirəm ki, qadınların haqq səsi silahlı münaqişə alovlarını həmişəlik söndürsün və bəşəriyyət XXI əsrə sülhün və əmin-amanlığın tam bərqərar olduğu bir şəraitdə daxil olsun.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.