NATO Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 22 noyabr 2002-ci il

Hörmətli cənab Sədr!

Hörmətli həmkarlar!

Dünya son dərəcə mürəkkəb bir dövr yaşayır. Beynəlxalq terrorizm bəzi dövlətlərin dəstəyindən istifadə edərək, dünya nizamına qarşı həmlələr edir, ekstremizm, təcavüzkar millətçilik və davakar separatizm ideologiyası əsasında yeni qarşıdurma xətləri yaratmağa çalışır, sərhədləri yenidən bölməyə və dəyişməyə cəhd göstərir.

Beynəlxalq sistemin ümumi təhlükəyə qarşı səmərəli mübarizə aparmaq qabiliyyəti ciddi sınağa çəkilir. 11 sentyabr faciəsindən dərhal sonra Avroatlantika birliyi antiterror kolasiyası yaratdı və Azərbaycan ilk gündən bu koalisiyaya qoşuldu. Biz bu gün də başqa ölkələr və beynəlxalq təşkilatlar ilə birlikdə bu təhlükələrə qarşı əlimizdən gələni edirik. Təhlükələrin xarakteri və miqyasları NATO/Avroatlantika Tərəfdaşlıq Şurası çərçivəsində birgə və hərtərəfli mübarizə üçün hər cür məhdudiyyətləri, o cümlədən də çoğrafi məhdudiyyətləri aradan qaldırır.

Lakin bu təhlükə 11 sentyabrdan əvvəl də mövcud idi. Terrorizm və onunla bağlı beynəlxalq cinayətkarlıq ocaqları münaqişə zonalarında və qanuni hakimiyyətlər tərəfindən nəzarət olunmayan ərazilərdə formalaşır. Bu ərazilər isə təcavüzkar millətçilik və zorakı separatizm siyasətindən doğan müharibələr nəticəsində meydana çıxır. Bu mənada Cənubi Qafqaz ən çox narahatlıq doğuran regiondur.

Azərbaycan beynəlxalq terrorizmə və ekstremizmə qarşı barışmaz mübarizə apararaq, əsas səylərini öz ərazilərini Ermənistanın işğalından azad etməyə və orada qanun-qaydanı və nəzarəti bərpa etməyə yönəldir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Avroatlantika Tərəfdaşlığının bütün dövlətlərinin mənafelərinə uyğundur. Nə qədər ki, gec deyil, dünya birliyi beynəlxalq norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması əsasında münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün əlindən gələni etməlidir.

Azərbaycan NATO ilə tərəfdaşlığı gələcək Avroatlantika təhlükəsizlik sisteminin əsası kimi qiymətləndirərək, Alyans ilə inteqrasiya tərəfdaşlığına və intensiv ikitərəfli dialoqa səy göstərir. Bununla yanaşı, Alyans və Tərəfdaşlıq üzvlərinin artmaqda olan qarşılqlı asılılığını, tərəfdaşların mənafe və tələbatının daha çox nəzərə alınması zəruriliyini qeyd etmək istəyirəm.

Biz NATO tərəfindən Cənubi Qafqaza diqqətin artdığını görürük. Lakin hər cür regional təşəbbüslər və təkliflər ilk növbədə müharibələrin nəticələrinin aradan qaldırılmasına və dövlətlər arasında beynəlxalq miqyasda tanınmış sərhədlərin bərpa olunmasına yönəldilməlidir.

Biz məmnunluqla qeyd edirik ki, NATO ilə Rusiya arasında yeni qarşılıqlı münasibətlər inkişaf etməkdədir, bu isə Avropanın müxtəlif regionlarında böhranların aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb edə bilər.

Mən Alyansa daxil olmaq barədə dəvət almış dövlətləri təbrik edirəm. NATO-nun yeritdiyi açıq qapı siyasətini qiymətləndirirəm.

Cənab Sədr!

Qarşımızda duran məqsədlər böyük səylər tələb edir. Lakin bizim geri çəkilməyə ixtiyarımız yoxdur. Bizim müqəddəs vəzifəmiz gələcək nəsillərə təhlükəsiz və sabit dünya bəxş etməkdir.

Diqqətinizə görə təşəkkür edirəm.