"Xocalının düşməndən müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə "Qızıl Ulduz" medalları, "Azərbaycan Bayrağı" ordenlərinin təqdim edilmə mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin giriş və yekun nitqi (26 fevral 1999-cu il)" sənədinə tarixi arayış

1992-ci ilin fevralında 50-60 ədəd avtomat silah və ov tüfəngi ilə siahlanmış özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa kimi siahlanmış ermənilər şəhərin mühasirə halqasını daha da daraldaraq, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSR İ - nin 366-cı motoatıcı hərbi alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum ediblər. Xocalıya artilleriya və ağır hərbi texnikadan atəş açılıb, şəhərdə güclü yanğınlar başlayıb. Xocalının özünümüdafiə qüvvələrinin qeyri-bərabər döyüşdə səylərinə baxmayaraq, şəhər erməni silahlı birləşmələri tərəfindən tamamilə yerlə-yeksan edilib, əhaliyə görünməmiş divan tutulub.

1999-cu il fevralın 26-da Xocalı soyqırımının ildönümündə Heydər Əliyev Xocalının erməni işgalçılarından müdafiəsində iştirak edən, şəhid olan milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə orden və medallar təqdim edib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.141