Azərbaycan - ATƏT

Azərbaycan Respublikası 30 yanvar 1992-ci ildən Avropada Təhlükəsizlik və ‎Əməkdaşlıq Təşkilatının (ATƏT, 1 yanvar 1995-ci ilədək Avropada Təhlükəsizlik və ‎Əməkdaşlıq Müşavirəsi - ATƏM) üzvüdür. ATƏT Azərbaycanın daxil olduğu ilk ‎Avropa təşkilatıdır. ‎

ATƏT-ə üzv olmaqla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin ‎bu beynəlxalq təşkilatın gündəliyinə çıxarılması aktual məna kəsb edib. 27-28 fevral ‎‎1992-ci ildə ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında ilk dəfə olaraq ‎bu münaqişə ilə bağlı müzakirələr aparılıb. Burada qəbul olunmuş və Dağlıq Qarabağın ‎Azərbaycan Respublikasına mənsub olmasını təsdiq edən sənəddə sərhədlərin ‎dəyişdirilməməsi şərti ilə münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapıb. ‎‎1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının birinci əlavə ‎görüşündə Dağlıq Qarabağda vəziyyət məsələsi müzakirə olunub. Müzakirələrdə ‎Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə ‎dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. ‎

Azərbaycan rəhbərliyi 1992-ci ildən etibarən ATƏT-in Zirvə görüşlərində iştirak edib. ‎İlk dəfə olaraq 1992-ci il iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə ‎toplantısına qatılan respublikanın nümayəndə heyəti zirvə görüşünün sənədlərini ‎imzalayıb. ‎1994-cü il dekabrın 5-6-da Macarıstanın paytaxtı Budapeşt şəhərində ‎ATƏM-in növbəti Zirvə görüşü keçirilib. Azərbaycan ‎Prezidenti Heydər Əliyev ilk ‎dəfə olaraq ATƏM-in Zirvə görüşündə iştirak ‎edib. Toplantıda iştirakçı dövlətlər ‎ATƏM-in 1 yanvar 1995-ci ildən ‎yeni Avropanın sivilizasiyalı birgə yaşayış ‎qaydalarını müəyyən edən, sülhün, ‎demokratiyanın və insan hüquqlarının qorunmasını ‎təmin edən, üzv ‎ölkələrin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini ‎‎həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına - ‎Avropada ‎Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) çevrilməsinə ‎qərar veriblər. ‎

Budapeşt görüşündə ilk dəfə olaraq konkret münaqişələr müzakirə mövzusu olub. ‎‎Sammitdə bu təşkilat çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak ‎edə biləcək ‎sülhməramlı qüvvələrin yaradılması və münaqişələrin mövcud ‎olduğu ərazilərə ‎göndərilməsi də qərara alınıb. İştirakçı dövlətlər bu ‎qurumun rəhbərliyi altında ilk ‎sülhməramlı qüvvələrin Azərbaycanın Dağlıq ‎Qarabağ bölgəsinə göndərilməsi ‎haqqında razılığa gəliblər. Toplantıda ‎həmçinin Minsk prosesi çərçivəsində həmsədrlik ‎institutu təsis edilib (qeyd edək ki, Minsk prosesinin həmsədrlik institutu təsis ‎olunarkən, ona əvvəl Finlyandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə ‎Rusiya başçılıq ediblər, 1 yanvar 1997-ci ildən isə ATƏT-in Mnsk qrupuna həmsədrlər ‎qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər), ‎Ermənistan-Azərbaycan Dağlıq ‎Qarabağ münaqişəsinə dair "Dağlıq Qarabağ ‎münaqişəsi ilə əlaqədar ATƏT-in ‎fəaliyyətinin intensivləşdirilməsi" adlı ‎qətnamə qəbul olunub. ‎

Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-‎Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi ‎hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis edilib.‎

‎1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in ‎üzvü ‎olan ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısı ‎keçirilib. ‎Toplantıda Heydər Əliyevin rəhbərliyilə Azərbaycan nümayəndə heyəti ‎iştirak edib. ‎‎Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ‎ümumi və ‎hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilib. ‎Bəyannamədə üzv ‎ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilib və ‎bu təhdidləri aradan ‎qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi ‎olaraq vurğulanıb. ‎

Ermənistan tərəfi zirvə toplantısının bəyannaməsində Azərbaycanın ərazi ‎bütövlüyünün ‎tanınması barədə söhbət gedən maddəyə veto qoyduğuna görə, ‎ATƏT-in sədri Flavio ‎Kotti həmin müddəaların təşkilatın üzvü olan 52 ‎dövlətin adından verilən bəyanata ‎daxil olunmasını təklif edib. Qeyd edək ki, ‎ATƏT-də qərarlar konsensus əsasında qəbul ‎edilir.‎

‎Toplantıda ilk dəfə olaraq ATƏT çərçivəsində ən yüksək səviyyədə münaqişənin ‎‎həllinin əsası kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü Ermənistan istisna ‎‎olmaqla bütün dövlətlər tərəfindən qətiyyətlə dəstəklənib. Ermənistan tərəfinin ‎ciddi ‎maneələrinə baxmayaraq Heydər Əliyevin prinsipial mövqeyi və gərgin səyi ‎‎nəticəsində ATƏT-in sədrinin bəyanatı qəbul olunub. Zirvə görüşünün yekun ‎sənədinə ‎əlavə edilmiş bu bəyanatda münaqişənin həlli ilə bağlı aşağıdakı ‎prinsiplər əks olunub:‎

‎1.‎ Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi ‎bütövlüyü, ‎

‎2.‎ Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun ‎verilməsi, ‎

‎3.‎ Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.‎

‎1999-cu il noyabrın 18-19-da Türkiyənin İstanbul şəhərində ATƏT-in XX əsrdə ‎sonuncu zirvə görüşü keçirilib. Bu görüşdə mühüm sənədlər - Avropa təhlükəsizliyi ‎xartiyası, İstanbul Zirvə görüşünün bəyannaməsi, etimad və təhlükəsizlik tədbirləri ‎haqqında Vyana sənədi və Avropada adi silahlı qüvvələr haqqında müqavilə imzalanıb. ‎İstanbul bəyannaməsinin ayrıca bir bəndi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ ‎münaqişəsinin həlli məsələlərinə həsr olunub. Həmin bənddə ATƏT-in Minsk qrupu ‎həmsədrlərinin fəaliyyəti qiymətləndirilib. Daha sonra Azərbaycan və Ermənistan ‎prezidentlərinin birbaşa görüşlərinin bu münaqişənin sülh yolu ilə həlli prosesini ‎dinamikləşdirdiyi qeyd olunub. ‎

ATƏT-in Minsk qrupunun (hazırda Minsk qrupunun tərkibinə ABŞ, Almaniya, ‎Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, ‎Rusiya, Türkiyə, Finlandiya və Fransa daxildir) həmsədrləri Ermənistan-Azərbaycan ‎Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üçün indiyədək üç təkliflə ‎çıxış ediblər. Bu təkliflərdən birincisi 1997-ci il iyul ayının 18-də təqdim edilmiş və ‎şərti olaraq "paket həll" adı ilə tanınan təklifdir. Həmin təklif müəyyən qeyd-şərtlərlə ‎münaqişənin həllində əsas kimi Azərbaycan tərəfindən qəbul edilib. Lakin Ermənistan ‎bu təklifi rədd edib. ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci təklifi 1997-ci il ‎dekabrın 2-də təqdim olunub. Bu variant "mərhələli həll" kimi tanınır. Azərbaycan ‎tərəfinin razılaşdığı həmin təklif də Ermənistan tərəfindən qəbul edilməyib. "Ümumi ‎dövlət" adı ilə tanınan sonuncu təklif isə 1998-ci il noyabrın 7-də irəli sürülüb. ‎Azərbaycan tərəfi bu təklifi öz milli maraqlarına cavab verməməsi səbəbindən qəbul ‎etməyib. ‎

Minsk qrupunun həmsədrləri müntəzəm olaraq münaqişə zonasına səfərlər edir, ‎problemin həllində vasitəçilik missiyasını davam etdirirlər. Lakin göstərilən səylər ‎indiyədək heç bir nəticə verməyib. Qeyd edək ki, bir müddət öncə Azərbaycanın ‎erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərində erməni əhalisinin ‎məskunlaşmasına dair faktın öyrənilməsi məqsədilə ATƏT-in faktaraşdırıcı missiyası ‎həmin regionlarda olub və məskunlaşdırma faktını təsdiq edib. ‎

‎28 avqust 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk ‎Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis ‎olunub. 1 yanvar 1997-ci ildən bu vəzifəni səfir Anjey Kasprşik (Polşa) icra edir.‎

Azərbaycan Respublikası ilə ATƏT-in bir sıra qurumları, o cümlədən Demokratik ‎Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) arasında sıx əməkdaşlıq münasibətləri ‎əldə olunub. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Respublikasının hökuməti ‎ilə fəal əməkdaşlıq edir və bu əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanunun ‎aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, ‎miqrasiya və digər sahələrdə bir çox layihələr həyata keçirilir. DTİHB Azərbaycanda ‎keçirilən prezident, parlament və bələdiyyə seçkilərini diqqətlə izləyir. ATƏT-in ‎Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ‎da sıx əməkdaşlıq münasibətləri mövcuddur. ATƏT-in PA-da təmsil olunan ‎Azərbaycandan olan deputatları hər il PA-nın iclaslarında iştirak edirlər. ‎

ATƏT-lə Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı vacib əhəmiyyət kəsb ‎etdiyindən, bu məqsədlə Azərbaycanda ATƏT-in Dostları Qrupu yaradılıb. 18 iyul ‎‎2000-ci ildən ATƏT-in Bakı şəhərində ofisi fəaliyyət göstərir.‎

2007-ci il iyunun 4-də Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. O, Migel Moratinosun Azərbaycana ilk səfərinin ikitərəfli əlaqələrin inkişafına dəstək verəcəyinə ümid etdiyini bildirirb. Moratinos öz növbəsində ATƏT-in müəyyən məsələlərin həll olunması ilə bağlı Azərbaycanda göstərilən səylərə, ölkənin gələcəyi üçün vacib olan daxili siyasi proseslərə, iqtisadi islahatlara dəstək ola biləcəyini qeyd edib.

 
Qısa oçerk 17 iyul 2008-ci ildə yeniləşdirilib