Klaus Şvab: Hörmətli cənab prezident! Xoş gəlmisiniz. Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. 1995-ci ildə Davosa səfərinizi həmişə məmnunluqla xatırlayıram. Mən əminəm ki, canab Heydər Əliyev kimi bir liderin Davos İqtisadi Forumunda iştirak etməsi bu tədbirin nüfuzunu və əhəmiyyətini daha da artıracaqdır.
Cənab prezident, Sizin iştirakınızla keçiriləcək \"Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun\" sessiyasına əvvəlcədən böyük maraq göstərilir. Həmin sessiyada iştirak etmək istəyənlər çoxdur. Ümidvaram ki, bu tədbir Qafqaz regionu ölkələrinin bir sıra problemlərinin həllində böyük əhəmiyyət daşıyacaqdır.
Bir daha qeyd edərdim ki, dünyanın bütün ölkələri Qafqaza böyük maraq göstərir. Öz qapılarını dünyanın üzünə geniş açmış müstəqil Azərbaycan Respublikasının bu regionda aparıcı ölkələrdən biri olduğunu hamı dərk edir.
Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanın zəngin enerji ehtiyatlarının dünyanın ən nüfuzlu neft şirkətləri ilə birgə işlənilməsi üçün böyük əhəmiyyətli müqavilələr imzalanmışdır. Azərbaycanda aparılan iqtisadi islahatlar haqqında da mənim müəyyən məlumatım vardır.
Bakı-Tbilisi -Ceyhan əsas ixrac boru kəmərinə dair 1999-cu ildə İstanbulda imzalanmış saziş haqqında son vaxtlar mətbuatda çoxsaylı məqalələr oxumuşam. Bu tarixi sənədi müstəqil Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının əyani nümunəsi kimi dəyərləndirirəm.
Davos İqtisadi Forumunda dünyanın iqtisadi qloballaşması və liberallaşması sahəsində müzakirə olunacaq məsələlər böyük əhəmiyyət daşıyacaqdır. Və forumun məqsədi bütün ölkələrin beynəlxalq təşkilatlarını birliyə çağırmaq, dövlət, hökumət başçıları, siyasətçilər, biznesmenlər arasında daha sıx əlaqə yaratmaq olacaqdır.
Heydər Əliyev: Səmimi sözlərə, dəvətə və qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Beş il bundan əvvəl ilk dəfə iştirak etdiyim Davos İqtisadi Forumunu həmişə məmnunluqla xatırlayıram. Azərbaycan xarici ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr saxlayır.
Respublikamızda əməkdaşlığın gündən-günə genişləndirilməsinə marağın artmasında və ölkəmizə böyük həcmdə xarici investisiyaların cəlb edilməsində 1995-ci il Davos İqtisadi Forumunun da xeyli köməyi oldu. Xəzərin Azərbaycan sektorundakı və qurudakı zəngin enerji ehtiyatlarının dünyanın aparıcı ölkələrinin nüfuzlu şirkətləri ilə birgə istismarı üçün böyük işlər görülmüşdür. 1999-cu ilin noyabrında Amerika prezidenti Bill Klintonun iştirakı ilə İstanbulda imzalanmış Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və \"Transxəzər qaz\" kəməri barədə sazişlər tarixi əhəmiyyət daşıyır.
Sözsüz ki, Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi ölkəmizin İqtisadi qüdrətinin artması üçün geniş imkanlar açılacağına kömək edəcəkdir.