Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Britaniya Şərq Bankı filialının rəsmi açılışı mərasimində nitqi - \"Hyatt-Recensi-Naxçıvan\" mehmanxanası, 15 avqust 1996-cı il

Hörmətli prezident, hörmətli səfir, xanımlar və cənablar!

Bu gün Azərbaycanda, Bakıda, Britaniya Şərq Bankı filialının nümayəndəliyinin açılması münasibətilə sizi təbrik edir və bu hadisəni iqtisadi həyatımızda əlamətdar bir hal kimi qiymətləndirirəm.

Azərbaycan Respublikası öz həyatını, həyatının bütün sahələrini, iqtisadiyyatını müasir tələblərə, ölkəmizin tutduğu yola, yəni demokratiya prinsiplərinə, bazar iqtisadiyyatı yoluna uyğun olaraq dəyişdirmək prosesini keçirir. Bu prosesdə bank-maliyyə sisteminin çox böyük əhəmiyyəti var. Azərbaycan özünü bütün dünya iqtisadiyyatına açıq elan edərək, qapılarını xarici sərmayəçilər üçün açaraq, eyni zamanda bu məramları həyata keçirmək üçün lazımi şərait yaranmasına da çalışır. Bu baxımdan dünyanın böyük maliyyə mərkəzləri ilə, böyük bankları ilə Azərbaycanın əməkdaşlıq etməsi və dünyanın böyük banklarının respublikamızda təmsil olunması iqtisadiyyat sahəsində apardığımız tədbirlərin tərkib hissəsidir. Bu mənada dünyanın ən böyük banklarından biri olan Britaniya Şərq Bankının Azərbaycanda öz filialını, nümayəndəliyini açması şübhəsiz ki, respublikamızda bazar iqtisadiyyatının inkişafı, maliyyə sisteminin təkmilləşməsi və sərmayəçilərin ölkəmizdə sərbəst fəaliyyət göstərməsi üçün yaxşı şərait yaradır.

Məhz buna görə də biz Britaniya Şərq Bankının Azərbaycanda filialının açılmasını zəruri hesab etdiyimiz üçün bankla əlaqə yaradıb bugünkü mərasimə gəlib çatmışıq.

Çox məmnuniyyət hissi ilə qeyd etmək olar ki, Britaniya Bankı Azərbaycana ikinci dəfədir gəlir. Yəni, bizim keçmiş əlaqələrimiz, keçmiş qohumluğumuz var və bu əlaqələrimiz, 80 il müddətində qırılmış olsa da, yəqin ki, öz gücünü saxlayıbdır, biz indi onları bərpa edirik. Bu onu göstərir ki, Britaniya bankının burada dərin kökləri var və bu köklər əsasında indi, yeni mərhələdə bank daha gözəl fəaliyyət göstərə biləcəkdir.

Məlumdur ki, Britaniya bankı buraya sadəcə həvəs üçün gəlmir, dünyanın hər yerində öz bank sisteminin əlaqələrini yaratmağa çalışır və bundan da fayda götürmək istəyir. Biz də, 80 il ərzində əlaqələrimizin olmamasına baxmayaraq, həmin bu hadisədən, yəni Britaniya bankının Azərbaycanda təmsil olunmasından fayda götürmək istəyirik, ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək, maliyyə sistemini təkmilləşdirmək, Azərbaycanda olan həm xarici sərmayəçilərin, həm də yerli iş adamlarının fəaliyyətini yüngülləşdirmək üçün bu addımları atırıq.

Biz bazar iqtisadiyyatı yolu ilə gedirik, sahibkarlığa, təşəbbüskarlığa geniş yer veririk, sürətlə özəlləşdirmə prosesini aparırıq, böyük dəyişikliklər aparırıq. Belə olan halda sahibkarlar, Azərbaycana sərmayə qoymaq istəyənlər üçün, iş adamları üçün bu cür bankların çox böyük faydası var. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Britaniya Şərq Bankının Azərbaycanda bu filialı təkcə onun maraqlarını təmin etmək üçün yox, eyni zamanda Azərbaycan Respublikasının maraqlarını təmin etmək üçün yaranıb və qarşılıqlı əlaqələr, əməkdaşlıq hər iki tərəfin faydalanması üçün şərait yaradacaqdır.

Sabah, avqustun 16-da mən Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla, iş adamları ilə xüsusi görüş təyin etmişəm. Bu görüşə nəinki Azərbaycan vətəndaşları, bütün xarici ölkələrdən Azərbaycanda iş görmək istəyən adamlar da dəvət olunubdur. Görüşün məqsədi Azərbaycanda sahibkarlıq üçün daha əlverişli şərait yaratmaq, onların fəaliyyəti yolunda mövcud olan maneələri aradan götürmək və sahibkarlığı, özəl sektoru inkişaf etdirməkdən ibarətdir. Güman edirəm ki, belə bir görüş ərəfəsində Azərbaycanda Britaniya Şərq Bankı filialının açılması səciyyəvidir, bunlar bir-biri ilə bağlı hadisələrdir və mütləq bir-birinə yardım edəcəkdir.

Britaniya Şərq Bankı dünyanın böyük banklarından biridir. Mən bu fürsətdən istifadə edərək Britaniya Şərq Bankına gələcək fəaliyyətində uğurlar arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan ilə Britaniya Şərq Bankı arasındakı əlaqələr bundan sonra daha da genişlənəcəkdir. Əminəm ki, Britaniya Şərq Bankı Azərbaycandakı filialına daim qayğı göstərəcək və burada nəinki filialın fəaliyyəti, eyni zamanda Azərbaycanın bank sisteminin inkişafı üçün əlindən gələn yardımları edəcəkdir.

Bu hadisə münasibətilə sizi bir daha təbrik edir, Britaniya Şərq Bankının Azərbaycandakı fəaliyyətinə, respublikamızdakı filialına uğurlar arzulayıram.