Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin bir qrupuna \"İstiqlal\" ordeninin təqdimetmə mərasimində nitqi - Prezident iqamətgahı, 26 may 1998-ci il

Hörmətli dostlar!

Hörmətli xanımlar və cənablar!

Biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illik yubileyini bayram edirik. Bu yubileylə əlaqədar son aylar müxtəlif tədbirlər, təntənəli mərasimlər keçirilir. Milli Məclisin bugünkü iclası da xüsusən buna həsr olunubdur. Mən indi Milli Məclisin iclasından gəlirəm. Sabah Respublika sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş Ümumrespublika təntənəli mərasimi keçiriləcəkdir. Beləliklə, biz Azərbaycanın müstəqil dövlət kimi yaşamasını bir daha dünyaya nümayiş etdiririk, onu təsdiq edirik və sübut edirik.

Azərbaycan müstəqil bir dövlət kimi öz atributlarını yaradıbdır. Dövlət atributlarından biri də müstəqil Azərbaycanın dövlət mükafatlarıdır. Bunlar da ordenlərdən, medallardan, milli qəhrəman adı və bu adla əlaqədar səkkizguşəli Qızıl Ulduz nişanından ibarətdir. Biz respublikamızın görkəmli insanlarının bir hissəsini Azərbaycanın ordenləri və medalları ilə təltif etmişik. Təltif olunanların əksəriyyəti Azərbaycanın torpaqlarının Ermənistan silahlı qüvvələrinin təcavüzündən qorunması ilə əlaqədar döyüşlərdə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmiş, fərqlənmiş insanlardır. Bununla yanaşı, onların arasında Azərbaycanın elm, mədəniyyət, incəsənət sahəsində görkəmli xidmətlər göstərmiş insanlar da vardır. Bilirsiniz ki, Azərbaycanın milli qəhrəmanlarının bir dəstəsinə Qızıl Ulduz nişanını artıq təqdim etmişəm.

Azərbaycanın bir neçə ordeni vardır. Onlardan ən yüksəyi Azərbaycanın \"İstiqlal\" ordenidir. \"İstiqlal\" ordeni ilə təltif olunanlar yalnız Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimləridir. Bu da təsadüfi deyildir, təbiidir. Çünki Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizələr müxtəlif yollarla gedibdir. Ancaq Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda ən çox bizim ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz xidmətlər göstəribdir. Çünki əgər biz 70 illik totalitar rejim çərçivəsində milli ədəbiyyatımızı, mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi qoruyub saxlaya bilmişiksə, hesab edirəm, bunlar böyük nailiyyətlərdir. Millət birinci növbədə bu amillərə görə millətliyini təsdiq edir, millət olur və bir millət kimi tanınır. Bizim mədəniyyət, incəsənət xadimlərimiz, yazıçılarımız, şairlərimiz, alimlərimiz bu sahədə böyük xidmətlər göstəriblər. Əsrimizin ötən bütün illərindəki milli ənənələrimiz, ana dilimiz, milliliyimiz, adət-ənənələrimiz məhz onların əsərlərində yaşayıbdır. Bunlar böyük nailiyyətlərdir. Bununla yanaşı bizim yazıçılarımız, şairlərimiz, rəssamlarımız, incəsənət xadimlərimiz öz əsərləri ilə insanları daim milli ruhda tərbiyə etməyə çalışıblar və buna da nail olublar. İnsanlarda nulli ruhun yaşamasının özü çox böyük nailiyyətdir. Amma yaranan əsərlər bu milli ruhu nəinki yaşadıb, hətta inkişaf etdıribdir. Milli oyanış, dirçəliş prosesində də bizim yazıçılarımızın, şairlərimizin, incəsənət xadimlərimizin, musiqimizin, mahnılarımızın böyük xidmətləri olubdur. Məhz buna görə də təsadüfi deyil ki, \"İstiqlal\" ordeni - Azərbaycanın ən yüksək ordeni ilə ilk təltif olunanlar xalqımızın yazıçıları, şairləri, mədəniyyət, incəsənət xadimləridir.

Mən bu gün sizi - təltif olunanları buraya dəvət etmişəm. Görürəm ki, təltif olunanlarla yanaşı, onların həmkarları da buraya gəliblər. Yəqin ki, təltif olunanlar kimi, onlar da sevinirlər. Güman edirəm ki, \"İstiqlal\" ordeninə layiq görülən insanlar bu yüksək ordeni onların yaradıcılığına verilən qiymət kimi qəbul edirlər. Belə hesab edirəm ki, \"İstiqlal\" ordeni ilə təltif olunanlarla yanaşı, bizim mədəniyyət xadimlərimizin bir qismi də məhz ona görə burada iştirak edir.

Əziz dostlar, Azərbaycanın ilk ən yüksək ordeni - \"İstiqlal\" ordeni ilə təltif olunmağınız münasibətilə mən sizi təbrik edirəm. Sizə, Azərbaycanın bütün mədəniyyət, incəsənət xadimlərinə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Sizi təbrik edirəm.