Avstriya Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 15-də tanıyıb. 1992-ci il fevralın 20-də ilk diplomatik münasibətlər qurulub. 1995-ci il sentyabrın 1-də Azərbaycanın Avstriyadakı, 1998-ci ildən etibarən isə iqamətgahı Vyana şəhərində olmaqla Avstriyanın Azərbaycandakı səfirliyi fəaliyyət göstərir.
Avstriya Azərbaycan Respublikası - Avropa Birliyi münasibətlərinin möhkəmlənməsində maraqlıdır və müxtəlif səviyyəli görüşlərdə bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün öz dəstəyini ifadə edib.
1999-cu il iyulun 9-da Avstriyanın vitse-kansleri, xarici işlər naziri Volfqanq Şüssel Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilən xarici işlər naziri Avstriyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib. Öz növbəsində Heydər Əliyev Avropanın istənilən nöqtəsindən, o cümlədən Avstriyadan da Azərbaycana edilən səfərlərin bu ölkəni tanımaq baxımından çox önəmli olduğunu qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2000-ci il fevralın 10-da Avstriyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haydemariya Gürerin etimadnaməsini qəbul edib. Avstriyanın ATƏT-ə sədrlik etdiyi bir vaxtda Azərbaycanda səfir kimi fəaliyyətə başladığından məmnun qaldığını bildirən xanım səfir Azərbaycanın potensialına yaxşı bələd olduğunu və iki ölkə arasında münasibətləri bir çox sahələrdə genişləndirə biləcəklərinə ümidvar olduğunu bildirib. Azərbaycan Prezidenti Heydər Əliyev Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə səfirə ətraflı məlumat verərək Avstriyanın ATƏT-ə sədrlik etdiyi vaxtda münaqişənin sülh yolu ilə həll olunması yolunda bu ölkənin səylərinin yüksək olacağına inamını ifadə edib: \"Məlumdur ki, ölkəmizin torpaqlarının 20 faizi işğal altında olduğu, ərazi bütövlüyümüz pozulduğu və bir milyondan artıq azərbaycanlı işğal edilmiş torpaqlardan zorla çıxarılıb çadırlarda çox ağır vəziyyətdə yaşadığı halda bu problemin həllinin bizim üçün nə qədər əhəmiyyət daşıdığını, güman edirəm Siz bilirsiniz. Biz çox istərdik ki, Avstriya ATƏT-ə sədrlik etdiyi ildə - 2000-ci ildə problem həll olunsun və Cənubi Qafqazda sülh yaransın\".
2000-ci il iyulun 18-də Azərbaycan Prezidenti Heydər Əliyev ATƏT-in o vaxtkı sədri, Avstriyanın xarici işlər naziri xanım Benito Ferrero-Valdnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq ATƏT-in zirvə görüşlərində - 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda, 1999-cu ildə İstanbulda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məsələnin müzakirə olunduğunu, məsələnin həll edilməsi üçün əhəmiyyətli qərarların qəbul edildiyini, lakin bu qərarların yerinə yetirilməməsini ATƏT sədrinin nəzərinə çatdırıb. Ermənistan prezidenti ilə dəfələrlə təkbətək görüşərək problemin həlli üçün kompromislərin vacibliyi barədə danışdıqlarını deyən prezident müxtəlif səbəblərdən bu kompromislərin alınmadığını da qeyd edib.
Hər bir dövlətin ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərinin toxunulmazlığı barədə beynəlxalq hüquq normalarının, ATƏT prinsiplərinin mövcud olduğunu deyən prezident Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin pozulduğunu bəyan edərək ATƏT-in öz prinsiplərinin yerinə yetirilməsinə nail ola bilmədiyinə görə təəssüfləndiyini qeyd edib.
3-6 iyul 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avstriyada rəsmi səfərdə olub. Bu səfər nəticəsində müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün hüquqi əsas yaradılıb, əlaqələrin inkişafı yeni mərhələyə keçib.
Səfər çərçivəsində prezidentlər - Heydər Əliyev və Tomas Klestil arasında keçirilən danışıqlar zamanı dövlət başçıları Azərbaycan və Avstriya arasında bütün əlaqələrin inkişaf etdirilməsi, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparıblar. Prezidentlər həmçinin, Azərbaycan - Avstriya əlaqələrinin daha geniş miqyasda inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Səfərin gedişində prezidentlərin iştirakı ilə Azərbaycan və Avstriya hökumətləri arasında bir sıra sənədlər imzalanıb.
Azərbaycan - Avstriya əlaqələrinin inkişafında Avstriyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri də önəmli rol oynayır. Avstriyanın Vyana, Qrats, Zaltsburq, Lints şəhərlərində Azərbaycan - Avstriya dostluq cəmiyyətləri fəaliyyət göstərir.
Azərbaycan-Avstriya əlaqələri sonraki dövrlərdə, xüsusilə prezident İlham Əliyevin tərəfindən də davam etdirilərək, yüksək inkişaf mərhələsinə qədəm qoyub.
21 sentyabr 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Avstriyanın baş prokuroru Valter Preslauyeri qəbul edib. İlham Əliyev bildirib ki, iki ölkə arasında əməkdaşlıq həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq qurumlar çərçivəsində uğurla davam edir. İlham Əliyev müxtəlif dövlət strukturları, o cümlədən prokurorluq sistemləri arasında əlaqələrin daha da genişləndirilməsinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərdiyini bildirib. O, ümumiyyətlə, ədliyyə sistemi və hüquq mühafizə orqanları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin beynəlxalq aləmdə böyük önəm daşıdığını vurğulayıb. Prezident İlham Əliyev deyib ki,\"beynəlxalq aləmin yeni təhlükələr, xüsusilə də beynəlxalq terrorizm kimi bəlalarla üzləşdiyini nəzərə alsaq, bu sahədə əməkdaşlığımız çox əhəmiyyətli sayıla bilər. Azərbaycan özü terrorizmin qurbanıdır, ona görə də terrorizmə qarşı mübarizədə səylərin durmadan gücləndirilməsində çox maraqlıdır\". Cənab Valter Preslauyer hər iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.
Azərbaycanla Avstriya arasında mədəni əlaqələr də inkişaf edir. 2006-cı ildə Avstriyada Azərbaycan mədəniyyəti günləri keçirilib. Tamaşaçılar Avstriya teatrında tamaşaya qoyulmuş məşhur \"Arşın mal alan\" operettasına tamaşa ediblər. Həmçinin, Vyana şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin açılış mərasimi olub.
13 noyabr 2007-ci ildə Prezident İlham Əliyev Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marius Kalligarisin etimadnaməsini qəbul edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Avstriya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla inkişaf edir. Səfir ölkələrimizin siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq еtdiyini deyib və əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
28 may 2008-ci ildə Avstriyanın Federal Prezidenti Haynts Fişer Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.
Tarixi arayış 26 sentyabr 2008-ci ildə yeniləşdirilib.