Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynanın Yalta şəhərində «Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayirici xətlərsiz» mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 9 sentyabr 1999-cu il

Sual: Cənab prezident, Baltik-Qara dəniz əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikasının perspektivləri barədə nə deyə bilərsiniz?

Cavab: Bunun perspektivləri haqqında qısaca demək olmaz. Ancaq əsas onu demək olar ki, biz Qara dəniz hövzəsi ölkələri ilə artıq bir neçə ildir əməkdaşlıq edirik. İndi də sabah Yaltada Baltik ölkələri ilə Qara dəniz hövzəsi ölkələri arasındakı əməkdaşlığa həsr olunmuş belə bir konfrans keçiriləcəkdir. Amma onun məqsədi həm iqtisadi əməkdaşlıqdır, həm dəAvropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz irəliləməkdir, yəni Avropa bir olmalıdır. Avropanın bir olması, yeni müstəqillik əldə etmiş ölkələrin, o cümlədən Şərqi Avropa dövlətlərinin Avropa ilə bütün sahələrdə daha da sıx inteqrasiya edilməsi üçün - əlbəttə, birinci növbədə iqtisadi cəhətdən - bu konfrans çox vacibdir. Ona görə də mən bu beynəlxalq konfransa dəvət almışam və oraya gedirəm.

Sual: Cənab prezident, gözləmək olarmı ki, Siz orada Robert Koçaryanla yenə də ikitərəfli danışıqlar aparacaqsınız?

Cavab: İstəyirsiniz ki, danışım? Amma bəziləriniz deyirsiniz ki, Heydər Əliyev gizli danışıqlar aparır. İndi də sən məndən soruşursan ki, danışıqlar aparacağam, yoxsa yox? Bir çox ölkələrin prezidentləri, o cümlədən Ermənistanın prezidenti də orada olacaqdır. Şübhəsiz ki, belə bir şəraitdə onunla görüşməmək olmaz.

Sual: Cənab prezident, Robert Koçaryanla ikitərəfli növbəti görüş keçirilməsi planlaşdırılırmı?

Cavab: Oğlum, mən bu suala cavab verdim və dedim ki, çox ölkələrin prezidentləri orada olacaqlar. Belə hallarda adətən, biz bir-birimizlə mümkün qədər görüşürük. Bəzi prezidentlərlə mənim də görüşmək istəyim vardır, onların da mənimlə görüşmək istəyi vardır. Bu sırada yəqin ki, Robert Koçaryanla da görüşəcəyəm. Çox sağ olun. Salamat qalın.