Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyanın \"Sole 24 ope\" gündəlik iqtisadiyyat qəzetinin rəhbəri Antonella Skotti ilə müsahibəsi - Roma, 26 sentyabr 1997-ci il

Jurnalist: Cənab prezident, mənə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımı bildirirəm və Sizinlə görüşümdən şərəf duyuram.

Cənab prezident, \"Sole 24 ore\" gündəlik iqtisadiyyat qəzetidir, İtaliyanın maliyyə və iqtisadi vəziyyətini işıqlandırır, ona görə də mənim suallarım əsasən iqtisadiyyatla bağlı olacaqdır.

Sual: Cənab prezident, məlum olduğu kimi, Azərbaycan həm Qərb, həm də Şərq ölkələrinin iqtisadi maraqlarının cəmləşdiyi bir regionda yerləşir. Bütün bunları, ölkənizin coğrafi-iqtisadi cəhətdən əlverişli mövqedə yerləşməsini nəzərə alaraq, Azərbaycanın və Xəzər dənizindəki təbii ehtiyatların birgə işlənməsinin gələcəyini necə görürsünüz?

Heydər Əliyev: Bilirsiniz ki, Azərbaycana iqtisadi maraqlar həqiqətən də böyükdür. Bu da təbiidir və ilk növbədə Azərbaycanın təbii sərvətləri və iqtisadi potensialı, eyni zamanda respublikamızın çox əlverişli coğrafi və geosiyasi vəziyyəti ilə bağlıdır. Təbii ki, bunlar hamısı Azərbaycana maraqları artırır. Mən bütün bunlarla əlaqədar Azərbaycan iqtisadiyyatının gələcəyini çox perspektivli, çox maraqlı və çox da zəngin görürəm. Bilirsiniz, bunlar hamısı deyilən bu sözlərdən də aşkar olur.

Bir halda ki, Azərbaycana iqtisadi maraqlar çoxdur, demək, bu iqtisadi maraqların həyata keçirilməsi Azərbaycanda iqtisadiyyatın canlanmasına, güclənməsinə gətirib çıxaracaqdır. Bunlar həm Azərbaycana iqtisadi maraq göstərən xarici sərmayədarlara yardım edəcək, fayda gətirəcək və həm də Azərbaycanın özünə iqtisadi fayda verəcəkdir. Doğrudur, belə iqtisadi maraqlar bəzən hər bir ölkəyə, o cümlədən Azərbaycana da siyasi təzyiqlər, yaxud siyasi məhrumiyyətlər kimi məsələləri də ortaya çıxarır. Bu da ola bilər. Ancaq ümidvaram ki, Azərbaycanın iqtisadi imkanlarından istifadə etmək üçün biz öz səlahiyyətlərimizdən həmişə istifadə edə biləcəyik. Azərbaycan gələcəkdə iqtisadi cəhətdən güclü bir dövlət olacaqdır.

Sual: Cənab prezident, Siz hansı ölkələrlə birgə işləməyə daha üstünlük verirsiniz?

Heydər Əliyev: Bilirsiniz, prinsipimiz belədir - biz Azərbaycanın qapılarını bütün dünyanın üzünə açmışıq. Bizim xarici siyasətimizin əsas prinsipi dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı, bərabərhüquqlu əlaqələr qurmaqdan ibarətdir. İqtisadiyyat sahəsində xarici siyasətimizdə biz Azərbaycan üçün iqtisadi cəhətdən əlverişli olan hər bir ölkə ilə, hər bir xarici şirkətlə əlaqə qurmağa hazırıq. Buna görə də bizə güclü maraq göstərən ölkələri, yaxud şirkətləri, daha dəqiq desək, bizimlə iqtisadi əlaqələr yaratmaq üçün ölkələri, ya şirkətləri seçmirik. Yəni biz ölkəmizə maraq göstərən şirkətlərlə əməkdaşlıq etməyə hazırıq.

Ancaq bu əməkdaşlıq bizim iqtisadi maraqlarımızı təmin etməli, ölkəmiz üçün əhəmiyyətli olmalıdır. Beynəlxalq aləmdə belə bir söz var: tender. Bu tender şirkətləri seçməklə bizə çox yaxşı kömək göstərir. Biz çalışacağıq ki, bu üsuldan daha geniş istifadə edək.

Jurnalist: Mən Stroub Talbottun bir məqaləsini oxumuşam. Belə çıxır ki, onun yazdıqlarında, dediklərində böyük həqiqət vardır. O yazır ki, Xəzər dənizi bölgəsində hər bir ölkə, hər bir şirkət qalib ola bilər, orada hamıya yer çatacaqdır.

Heydər Əliyev: Cənab Talbott doğru deyibdir, mənim buna etirazım yoxdur. Birincisi ona görə ki, Xəzər dənizində həqiqətən çox böyük sərvətlər vardır. Biz Xəzərin Azərbaycan sektorunda neft-qaz hasilatı üzrə artıq 9 böyük müqavilə imzalamışıq. Hər bir müqavilə üzrə yaradılmış konsorsiuma neçə-neçə şirkət daxildir. Eyni zamanda bu müqavilələrin hamısı Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlanmışdır. Həmin müqavilələrdə Azərbaycan Dövlət Neft Şirkətinin öz hissəsi, payı vardır.

Dünən biz burada yeni bir kontraktqabağı müqavilə imzaladıq. Biz bu müqaviləni İtaliyanın \"Acip\" şirkəti ilə bağladıq. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı çox perspektivli, çox zəngin imkanlara malik \"Kürdaşı\" neft yatağı üzrə imzalandı. Yenə də deyirəm, biz bu yatağın birgə işlənməsi üzrə bağlanacaq kontraktdan əvvəl belə bir müqavilə imzaladıq. Şübhəsiz ki, bu müqaviləyə başqa ölkələrin şirkətləri də qoşula bilər. Bu müqavilə üzrə konsorsium yaranacaqdır.

Bu, onuncu müqavilə olacaqdır. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün ilk müqavilənin imzalanmasından cəmi üç il keçir. İmzalanmış müqavilələrdə 12 ölkədən neft şirkəti iştirak edir. Bu, bizim imkanlarımızın sonu deyildir. Xəzər dənizində həqiqətən hamıya yer vardır.

Sual: Hazırda Rusiya ilə Azərbaycan arasında əlaqələr necədir? Siz Rusiya ilə Azərbaycanın əlaqələrinin perspektivlərini necə görürsünüz?

Heydər Əliyev: Siz siyasi, yoxsa iqtisadi əlaqələri nəzərdə tutursunuz?

Jurnalist: Hər ikisini.

Heydər Əliyev: Bilirsiniz, Rusiya ilə əlaqələrimiz normaldır. Mən bu il iyul ayının 2-4-də Rusiyada rəsmi səfərdə olmuşam. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bu, Azərbaycan prezidentinin Rusiyaya ilk rəsmi səfəri idi.

Biz Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında çox yaxşı bir müqavilə imzaladıq. Ölkələrimiz arasında başqa müqavilələr də imzalandı.

Rusiyanın \"LUKoyl\" şirkəti Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının müştərək işlənməsi üzrə imzalanmış bir neçə müqavilədə iştirak edir. Bunlar hamısı bizim münasibətlərimizin yaxşı vəziyyətdə olduğunu göstərir.

Amma bizi narahat edən məsələlər də vardır. Bilirsiniz ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə vardır. Bu hərbi münaqişə 1988-ci ildən Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində baş vermişdir. Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal edilmiş torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı öz yerindən-yurdundan zorla çıxarılıbdır.

Üç il bundan əvvəl biz müharibədə atəşkəs haqqında saziş əldə etmişik. Hazırda həmin atəşkəs rejimi davam edir. Bu məsələnin həllində Minsk qrupunun həmsədrləri kimi ABŞ, Rusiya və Fransa bizə vasitəçilik edirlər. Lakin təəssüflər olsun ki, Rusiyanın Müdafiə Nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri qeyri-qanuni yolla Rusiyadan Ermənistana son üç ildə bir milyard dollardan artıq silah və sursat veriblər. Bu isə ölkələrimizin münasibətlərinə müəyyən zərər gətirir.

İkinci məsələ. Ermənistanın ərazisində Rusiyanın böyük hərbi hissələri, hərbi bazası var. Azərbaycanda bunlar yoxdur, biz buna heç vaxt yol verməyəcəyik. Bundan əlavə, Ermənistan ilə Rusiya arasında bu il avqust ayının 29-da dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlanıbdır. Müqavilənin bir neçə maddəsi hərbi əməkdaşlıq və Rusiyanın Ermənistana hərbi yardım etməsi haqqındadır.

Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişə var. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. Münaqişənin aradan qaldırılması üçün sülh addımları atılır. Sülh prosesi gedir. Belə olan halda Rusiyanın Ermənistanla hərbi xarakter daşıyan müqavilə bağlaması və Ermənistana hərbi yardım göstərmək barədə öz üzərinə öhdəlik götürməsi bizdə, şübhəsiz ki, həm təəccüb, həm də təəssüf doğurur.

Biz Rusiyanın Ermənistana bir milyard dollarlıq silah verdiyinə görə və avqust ayının 29-da imzalanmış müqavilə ilə əlaqədar öz etirazımızı bildirmişik. Şübhəsiz k, bütün bunlar Rusiya ilə Azərbaycan arasında olan əlaqələrə zərər gətirir.

Bütün bunlara baxmayaraq, Rusiya Azərbaycanın şimalda olan qonşusudur. Rusiya ilə Azərbaycan arasında keçmişdə çox güclü iqtisadi əlaqələr olubdur. Ona görə biz Rusiya ilə əməkdaşlığımızı bundan sonra da inkişaf etdirməyə çalışacağıq. Eyni zamanda hesab edirik ki, bizim bu dostluq əlaqələrimizə mane olan amillər aradan götürülməlidir və gələcəkdə belə hallara yol verilməməlidir.

Sual: Ermənistanla Azərbaycan arasında olan münaqişə bölgədə sabitliyi pozur. Bu, regiondakı vəziyyətə təsir edən yeganə səbəbdir, yoxsa başqa səbəblər də var?

Heydər Əliyev: Bilirsiniz, əlbəttə, əsas səbəb budur. Ancaq məsələ bundadır ki, bu münaqişə aradan qaldırılsa, qonşu ölkələrin əlaqələri bölgədə vəziyyətin yaxşılaşdırılmasına kömək etmiş olardı. Ermənistanın Rusiya ilə, o cümlədən İranla əlaqələri yaxşıdır, bunlar da müəyyən narahatlıq yaradır.

Sual: Məlumdur ki, Amerika Birləşmiş Ştatlarının da, Rusiyanın da Xəzər regionunda böyük maraqları vardır. Necə bilirsiniz, regiondakı maraqlar uğrunda gedən mübarizə nəticəsində Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr pozula bilərmi?

Heydər Əliyev: Bu barədə bir şey demək mümkün deyildir. Biz heç vaxt istəməzdik ki, regiona görə Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin pozulması üçün NATO-nun Şərqə doğru irəliləməsi və daha ciddi başqa səbəblər ola bilər. Şübhəsiz , biz istəmərik ki, Rusiya ilə Amerika arasında əlaqələr pozulsun. Çünki biz dünyada sülhün bərqərar olmasına tərəfdarıq.

Amerika Birləşmiş Ştatları Azərbaycana böyük maraq göstərir. Amerikanın bir çox şirkətləri ölkəmizdə çox böyük uğurla çalışırlar. Bunlar həm Amerika Birləşmiş Ştatlarının, həm də Azərbaycanın iqtisadi maraqlarına uyğundur. Biz hesab edirik ki, Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələri çox yaxşı səviyyədədir. Biz bu əlaqələri bundan sonra daha da genişləndirmək istəyirik. Bu il iyulun 27-dən avqustun 6-dək mən Anerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olmuşam. Prezident Bill Klintonla mənim aramda orada çox vacib, çox əhəmiyyətli görüş oldu. Biz tarixi əhəmiyyətli müqavilələr, sənədlər imzaladıq. Amerikanın bir sıra şirkətləri ilə ARDNŞ arasında Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi barədə də müqavilələr imzalandı.

Sual: Azərbaycanda hasil edilən neftin daşınması ən mühüm mövzulardan biridir. İran ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər bu neftin gələcəkdə İran ərazisindən keçməklə dünya bazarına çıxarılmasına imkan verəcəkmi?

Heydər Əliyev: Bilirsiniz, İran ilə Amerika Birləşmiş Ştatları arasındakı əlaqələrin yaxşılaşdırılması təkcə Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün lazım deyil. Güman edirəm ki, İran ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin yaxşılaşdırılması üçün başqa səbəblər də var. Biz istəyirik ki, bu əlaqələr normallaşsın. Yenə deyirəm, biz istəmirik ki, dünyanın hər hansı bölgəsində gərginlik mövcud olsun. Əgər bu əlaqələr normallaşsa, neftin daşınması üçün İran ərazisindən də istifadə edə bilərik. Ancaq indi Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün bir neçə variantımız vardır və biz artıq onları həyata keçiririk. Əgər gələcəkdə bunu İran ərazisindən də etmək olarsa, o zaman biz bundan da istifadə edəcəyik.

Sual: Məlum olduğu kimi, neftdən başqa, Azərbaycanın digər üstünlükləri də vardır. Bu, hansı sahələri əhatə edir və Azərbaycanda hansı imkanlar vardır? Siz həmin imkanlardan istifadə edilməsinin perspektivlərini necə görürsünüz? Həmin imkanlardan şəxsi sektorun inkişaf etdirilməsi, yoxsa dövlətin daha da güclənməsi üçün istifadə edəcəksiniz?

Heydər Əliyev: Mən demək istəyirəm ki, biz yalnız və yalnız şəxsi sektorun inkişaf etdirilməsini istəyirik. Biz özəlləşdirmə haqqında proqram qəbul etmişik və onu həyata keçiririk. Hesab edirik ki, respublikamızda mülkiyyətin əksəriyyəti iki-üç il müddətində özəlləşdiriləcəkdir. Biz Azərbaycanın imkanlarını şübhəsiz ki, birinci növbədə özəl sektorun inkişaf etdirilməsinə yönəldəcəyik.

Azərbaycanın neftdən, qazdan başqa da çox böyük imkanları olan sahələri vardır. Məsələn, kimya sənayesi sahəsində də imkanlar genişdir. \"Azərkimya\" Dövlət Şirkətinin prezidenti də buradadır. Biz İtaliyanın \"Texnekol\" şirkəti ilə dünən axşam danışıqlar apardıq. Danışıqlar indi son mərhələdədir və əməkdaşlıq üçün geniş imkanlar vardır.

Azərbaycanda çox güclü kənd təsərrüfatı sektoru vardır. Ölkəmizdə bir çox növdə kənd təsərrüfatı məhsulları istehsal olunur və emal edilir. Yenə də deyirəm, respublikamızda digər sahələrdə də əməkdaşlıq üçün imkanlar genişdir.

Sual: Bəzilərinin fikrincə, Azərbaycanda avtoritar rejim hökm sürür. Siz necə düşünürsünüz?

Heydər Əliyev: Bu fikirlər yanlış məlumatlar əsasında yaranmışdır. Azərbaycanda hüquqi, demokratik cəmiyyət qurulur. Ölkəmizdə bütün məsələlər demokratik prinsiplər əsasında həyata keçirilir. Azərbaycanda hakimiyyət bölgüsü Konstitusiya yolu ilə həyata keçirilib, həll olunub. Ölkəmizdə ilk demokratik Konstitusiya 1995-ci ilin noyabr ayında ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Respublikamızda hakimiyyət bölgüsündə qanunvericilik hakimiyyəti və məhkəmə hakimiyyəti bir-birindən asılı deyildir. Ölkəmizin parlamentinə seçkilər çoxpartiyalı sistem əsasında, demokratik yolla keçirilibdir. Parlamentimizdə 8 partiya təmsil olunubdur. Ölkəmizdə qeydiyyata alınmış 30-dan artıq siyasi partiya fəaliyyət göstərir. Azərbaycan kimi kiçik bir ölkədə 600 qəzet çıxır, bunların çoxu müxalifətə mənsubdur. Bilmirəm, İtaliyada nə qədər qəzet çıxır?

Jurnalist: Bu qədər çox deyil.

Heydər Əliyev: Bu qədər çox deyil. Əgər Azərbaycanda hər bir adam, yaxud hər bir kiçik təşkilat özü qəzet çıxarırsa və öz istədiyini orada yaza bilirsə, demək, bundan artıq demokratiya ola bilərmi?

Bilirsiniz, demokratiya anarxiya deyildir. Bəli, bizim ölkəmizdə 1991-1992-1993-cü illərdə anarxiya var idi. Məhz bu anarxiya 1993-cü ildə bizim ölkəmizi vətəndaş müharibəsinə gətirib çıxarmışdı, respublikamızda vətəndaş müharibəsi baş vermişdi. O vaxt gizli silahlı dəstələr bir-biri ilə vuruşmağa başladı. Onlar ölkədə hakimiyyəti silah yolu ilə, güclə bir neçə dəfə devirməyə cəhd göstərdilər. Bunların qarşısı alınıbdır. İndi Azərbaycanda ictimai-siyasi vəziyyət çox sabitdir, eyni zamanda hər bir insanın hüququ qorunur. Respublikamızda sərbəst iqtisadiyyat üçün şərait yaranıbdır. Ölkəmizdə müxalifətdə olan siyasi partiyalar sərbəst fəaliyyət göstərirlər. Belə olan halda hansı avtoritar rejimdən söhbət gedə bilər? Yəqin anarxiya ilə məşğul olan adamlar bu anarxiyanı yenidən bərpa etmək istəyirlər, ona görə də ölkədəki normal, sabit ictimai-siyasi vəziyyətə belə qeyri-obyektiv rəng verirlər.

Sual: Cənab prezident, sizə daha çox sual vermək istərdim. Amma bilirəm ki, iş cədvəliniz çox gərgindir. Vaxtınızı çox aldığıma görə üzr istəyirəm. Xahiş edirəm, mümkünsə, daha bir neçə sualıma cavab verəsiniz.

Cənab prezident, Siz bir sıra dövrləri yaşamış, tarixi bir şəxsiyyətsiniz, zəngin təcrübəniz vardır. Mümkünsə deyəsiniz, ən böyük təəssüratınız nədir?

Heydər Əliyev: Mənim ən böyük təəssüratım ondan ibarətdir ki, Sovetlər İttifaqı dağıldı, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi. Hesab edirəm ki, XX əsrin sonunda Sovetlər İttifaqının dağılması bəşər tarixi üçün çox böyük hadisədir. Bu, Azərbaycan xalqı üçün də böyük xoşbəxtlikdir. Məhz bunun nəticəsində Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini əldə etdi.

Sual: Cənab prezident, SSRİ-nin dağılmasına heç təəssüf etmirsiniz ki?

Heydər Əliyev: Xeyr, heç təəssüf etmirəm.

Sual: Cənab prezident, siyasi karyeranızın ən yaddaqalan, ən gözəl səhifələri hansılardır?

Heydər Əliyev: Bilirsiniz, bu barədə çox danışmaq olar. Özünüz də bilirsiniz ki, vaxtım yoxdur. Mənim siyasi həyatım çoxillikdir, ona görə də yadda qalanları çoxdur, onları bir-birindən seçmək çətindir. Ancaq, yenə də deyirəm, mənim üçün ən əziz an odur ki, Azərbaycan müstəqil dövlət olubdur. Azərbaycan xalqı da müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıdır. Xalqımız mənə böyük etimad göstərib məni müstəqil Azərbaycan Respublikasının prezidenti seçibdir. Bu, mənim siyasi karyeramda ən yüksək yer tutur.

Sual: Cənab prezident, gələn seçkilərdə öz namizədliyinizi vermək fikrindəsinizmi?

Heydər Əliyev: Mən də verməsəm, yəqin ki, xalq verəcək.

Jurnalist: Cənab prezident, çox sağ olun. Sizinlə görüşmək, Sizdən müsahibə almaq mənim üçün böyük şərəfdir. Mən Sizə və xalqınıza daha böyük uğurlar arzulayıram.

Heydər Əliyev: Sağ olun. Mən sizi Azərbaycana dəvət edirəm. Vaxtınız olsa gəlin, Azərbaycanın bugünkü vəziyyəti ilə özünüz tanış olun, onu öz gözlərinizlə görün.

Jurnalist: Çox sağ olun, cənab prezident, mən Sizin dəvətinizi minnətdarlıqla qəbul edirəm.