Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki məntəqəsində yerli və xarici kütləvi informasiya vasitələri müxbirlərinin suallarına Azərbaycan Prezidenti Heydər Əliyevin cavabı - Bakı, Səbail rayonunun 17 nömrəli seçki məntəqəsi, 9 oktyabr 1998-ci il

Sual: Cənab prezident, Siz kimə səs verəcəksiniz?

Cavab:  Yəni fikirləşirsiniz ki, kiməsə başqasına səs verəcəyəm?

Sual: İndi səs verəcəyiniz adam Azərbaycanın prezidenti olacaqmı?

Cavab:  Şübhəsiz.

Sual: Bəs o, necə prezident olacaqdır?

Cavab:  Yaxşı, layiqli prezident.

Sual (Rusiya ictimai televiziyası): Heydər Əliyeviç, nə qədər səs toplamağı nəzərdə tutursunuz?

Cavab:  Nə qədər səs versələr. Nə qədər səs verəcəklərini bilmirəm.

Sual: Əhval-ruhiyyəniz necədir?

Cavab:  Görürsünüz, əhval-ruhiyyəm çox yaxşıdır.

Sual: Seçkilərdə qələbədən sonra Sizin atacağınız ilk addımınız nə olacaq?

Cavab: Azərbaycanı, onun müstəqilliyini, suverenliyini, iqtisadiyyatını möhkəmləndirmək, hələ həll olunmamış problemləri həll etmək. Bu problemlərin bir çoxunu həll etmişik, amma həll olunmayanlar da çoxdur. Onları da həll etmək lazımdır və həll edəcəyik.

Sual: Qarabağ problemini necə həll edəcəksiniz?

Cavab:  Biz onu sülh yolu ilə həll edirik. Mən daha müharibə olmasını, qan tökülməsini istəmirəm. Hesab edirəm ki, artıq Ermənistan tərəfi də dərk edir ki, bu məsələnin həllinin hərbi yolu yoxdur. Sülh danışıqları aparırıq və aparacağıq. Mütləq həll edəcəyik. Seçkilər ərəfəsində mən, demək olar, bütün qaçqın düşərgələrində olmuşam. Qaçqınlar çadırlarda çox çətin, mən deyərdim ki, son dərəcə ağır şəraitdə yaşayırlar, bunu hətta təsəvvür etmək də mümkün deyildir. İndi ilin hələ nisbətən babat fəslidir, amma qarşıdan qış, sonra da yay gəlir. Onlar beş-altı il, hətta bundan da çox müddətdə çadırlarda yaşayırlar. Ona görə də bu problemi həll etmək lazımdır. Həm də bu, yalnız bizim xalqımız üzün, mənim üzün problem deyildir, bütün dünya birliyi üzün problemdir. Heç bir ölkədə Azərbaycandakı qədər qaçqın, köçkün, üz yaşayış yerlərindən zorla qovulmuş insan yoxdur. Ona görə də bu, ancaq Azərbaycanın yox, bütün dünyanın problemidir. Biz bu məsələ ilə təkidlə məşğul oluruq və onu həll edəcəyik.

Sual: Rusiyanın Qəbələdəki radiolokasiya stansiyasının taleyi necə olacaqdır?

Cavab:  Bilirsiniz, bu, çox spesifik məsələdir. Yəni, Azərbaycan dövlət müstəqilliyinə malikdir, eyni zamanda öz ərazisində Qəbələ radiolokasiya stansiyasının mövcudluğu ilə razılaşır. Biz onu əsas tuturuq ki, hər halda, raket müharibəsinin, strateji təyinatlı raketlərin hücumunun qarşısının alınmasından söhbət gedir və hesab edirik ki, bu stansiyanın taleyini həll etmək lazımdır. Biz bu məsələyə çox diqqətlə yanaşırıq, baxmayaraq ki, Rusiya tərəfi onu heç də həmişə düzgün həll etmir. Hətta çox vaxt istifadə etdikləri elektrik enerjisinin haqqını da ödəmirlər. Bununla belə, biz bu məsələni səbirlə həll edirik və edəcəyik.

Sual (AzərTac): Cənab prezident, bir vaxtlar Azərbaycanda silah gücünə hakimiyyətə gəlmək hallarını, sonralar dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ almaq cəhdləri göstərildiyini, indi də radikal, dağıdıcı müxalifətin zorla hakimiyyətə gəlmək çağırışlarını nəzərə alsaq, indiki prezident seçkilərini Sizin hakimiyyətə qanuni yolla gəlmək ənənənizin bərqərar olması kimi də qiymətləndirmək olarmı?

Cavab: Mən hakimiyyətə həmişə qanuni yolla gəlmişəm. Təəssüflər olsun, Azərbaycanda zorla hakimiyyətə gəlmək halları olub, - bu, tarixdən Sizə məlumdur. Hakimiyyəti zorla ələ keçirmək istəyən insanlar, qruplar, dəstələr, hətta partiyalar indi də mövcuddur. Onlar cürbəcür yollara əl atırlar, bilirsiniz, hətta təxribatdan, terrordan da çəkinmirlər. Belə qüvvələr hələ var. Amma görürsünüz, xalqın milli həmrəyliyi, vətəndaş həmrəyliyi seçkiqabağı kampaniyada tamamilə nümayiş etdirildi. Son on-on beş gündə mən respublika ərazisinin demək olar ki, əksər hissəsində oldum, milyonlarla insanla görüşdüm.

Onlar zorakılığı, hakimiyyətin qeyri-qanuni yolla zəbt olunmasını rədd edirlər, buna imkan vermirlər və güman edirəm ki, verməyəcəklər. O insanlar da, - hansılar ki, köhnə xəstəlikdən hələ xilas olmayıblar, - onlar da ayılmalı, anlamalıdırlar ki, dünya dəyişib, Azərbaycan dəyişibdir. Azərbaycan 1991-ci, 1992-ci, 1993-cü illərdə olan Azərbaycan deyil, əmin-amanlıq, rahatlıq yaranıbdır, ictimai-siyasi sabitlik əldə etmişik və bunu qoruyuruq.

Mən seçkiqabağı görüşlərimdə dəfələrlə demişəm: Azərbaycan xalqı qazandığı bu ictimai-siyasi sabitliyi, sakitliyi, rahatlığı gərək heç vaxt əldən verməsin. Çünki inkişafımızın təminatı məhz budur. Güman edirəm ki, həmin qüvvələr bunu bilməli, geri çəkilməlidirlər. Yaxud da normal qanun-qayda ilə Konstitusiya əsasında, dünya təcrübəsində olan yollarla hakimiyyət uğrunda mübarizə aparmalıdırlar. Hakimiyyət uğrunda mübarizə aparmaq heç kəsə qadağan edilmir. Heç kəs bu hüquqdan məhrum deyildir. Ancaq hakimiyyət uğrunda mübarizə aparan, birincisi, gərək bilsin ki, o, hakimiyyəti idarə edə, iqtidarda ola, ölkəyə rəhbərlik edə bilərmi? Gərək birinci bunu düşünsünlər.

Təəssüf ki, bu seçkilərdə bunu dərk etmədən deyirlər ki, \"Bunu da edirəm, onu da edərəm\". Bu, asan məsələ deyildir. İnsanlar beş ildir yaşayırlar, biz bütün bu bəlalardan keçib gəldik, bütün çətinliklərin öhdəsindən gəldik. Neçə dəfə dövlət çevrilişinə cəhd oldu, - qarşısını aldıq. Mən onların qarşısını xalqın gücü ilə aldım. Neçə dəfə mənə qarşı terror, təxribat aksiyaları oldu, - onların da qarşısı alındı. Əlbəttə, Allah da bizə kömək edir. Allah həmişə baxır, ədalət tərəfindədir, bizə kömək edir. Bunların hamısının nəticəsində yaranmış ictimai-siyasi sabitliyi ayrı-ayrı insanlar üz şəxsi məqsədlərinə, iddialarına görə pozmağa çalışırlar. Hətta indi də bu niyyətlərindən, pis əməllərindən əl çəkməyiblər. Ancaq xalq buna yol verməyəcəkdir. Görürsünüz, bu gün hava da gözəldir. Allah da bizə kömək edir ki, hava yaxşı olsun, insanlar seçki məntəqələrinə rahat gəlsinlər, səs versinlər. Güman edirəm ki, onlar Azərbaycanın xoşbəxt gələcəyinə, müstəqilliyinə, suverenliyinə səs verəcəklər, Azərbaycanın problemlərini həll edə biləcək insana səs verəcəklər.

Sual (\"Amerikanın səsi\" radiostansiyasının Azərbaycan təmsilçisi): Cənab prezident, bir var ki, seçkilərə iqtidarlı-müxalifətli bizim özümüz qiymət verək, bir də var dünya ictimaiyyətinin nümayəndələri, xaricdən gələn müşahidəçilər qiymət versinlər. Siz dünən həmin müşahidəçilərin böyük bir dəstəsini qəbul etdiniz. Onların söhbətlərindən, ilkin müşahidələrindən aldığınız təəssürat nədən ibarətdir?

Cavab: Siz mətbuat işçiləri çoxunuz mənim danışıqlarımda iştirak edirdiniz. Onlar mənə bəyan ediblər ki, ədalətli yanaşacaqlar. Birincisi, onlar Azərbaycanda indiyə qədər görülən işləri qiymətləndirirlər. Radikal müxalifətdə olanların, yaxud namizədlərin bəzilərinin fikrinin əksinə olaraq deyirlər ki, Azərbaycanda görülən işləri bilir, qiymətləndirirlər.

Azərbaycanda əldə olunmuş ictimai-siyasi sabitliyi, makroiqtisadi sabitliyi, inkişafı da görürlər və respublikamızın inkişaf etməsini istəyirlər. Müşahidəçilər əsasən Qərbdən gəliblər, onlar istəyirlər ki, Azərbaycan müstəqil dövlət kimi yaşasın və inkişaf etsin, onun müstəqilliyi dəyişməz, toxunulmaz olsun və Azərbaycan dünya dövlətləri, o cümlədən Qərb ölkələri ilə normal münasibətlərdə olsun, əməkdaşlıq etsin. Ona görə də hesab edirəm ki, onlar ədalətli qiymət verməlidirlər.

Sual (Rusiya jurnalisti): Cənab prezident, yenidən seçilsəniz, komandanızda hansı dəyişiklikləri edəcəksiniz?

Cavab: Bu, çox mənasız sualdır. Yenidən seçilən, yaxud yeni gələn prezident, şübhəsiz ki, üz işlərini quracaqdır. Mən indi ayaqüstü deyim ki, hansı dəyişikliklər edəcəyəm? Mən yüz iş görəcəyəm, onun hansını sizə deyim? Komanda yaxşı komandadır, amma hər bir komanda inkişaf etməlidir, hər bir komandada işlər daha da mütəşəkkil olmalıdır. Müxalifətdə olanlar, yaxud namizədlər deyirlər ki, \"komanda belə gəldi, elə getdi\". Kimin bundan yaxşı komandası var? Müstəqillik əldə ediləndən bəri Azərbaycanda nə vaxt belə komanda olubdur? Nə vaxt belə sabit rəhbərlik olubdur? Əvvəl necə idi? Bir prezident altı ay işləyə bildi, bir il də o birisi. Niyə qalmadılar? Xalq guya onları sezmişdi, niyə dövləti saxlaya bilmədilər? Niyə xalqa xidmət göstərmədilər? Hansı komandaları vardı? Komandamız var, ondan da yaxşı olacaqdır. Yaxud da, - siz bilirsiniz, - namizədlərdən biri deyir ki, \"komandam var, beşməkanım var\". 1993-cü ildə Azərbaycan təhlükə qarşısında olanda, vətəndaş müharibəsi başlayanda həmin adam - Etibar Məmmədov da burada, Azərbaycanda siyasətin izində idi. İndi iddia edir ki, Azərbaycanın müstəqillik qazanmasında guya xidmətlər göstəribdir.

Bəs niyə qabağa çıxmadı, Azərbaycanı o fəlakətdən qurtarmadı, vətəndaş müharibəsinin qarşısını almadı, qan tökülməsini dayandırmadı? İndi gəlib komandadan danışır. Bu gözəl rəqs edən uşaqları görürsünüz. Budur Azərbaycanın reallığı. Beş il müddətində Azərbaycanda gördüyüm işlərin nəticəsidir ki, gənclər, uşaqlar belə şən, rahat, xoşbəxtdirlər, oynayırlar, oxuyurlar. Sağ olun, balalarım!

Sual (Türkiyənin TRT kanalının müxbiri): Cənab prezident, Türkiyə-Suriya sərhədindəki vəziyyətlə bağlı fikrinizi bilmək istərdim.

Cavab: Biz Türkiyəni dəstəkləmişik, Türkiyə ilə bir yerdəyik. Türkiyə bizim dostumuz, qardaşımızdır. Ona görə də həmişə Türkiyənin arxasındayıq, onunla bir yerdəyik. Türkiyə öz siyasətini doğru-düzgün aparır.

Prezident Heydər Əliyev sonra Türkiyənin \"Kanal-6\" televiziyası müxbirinin sualına cavabında dedi: Türkiyəyə üz hörmət və ehtiramımı bildirirəm. Türkiyə bizim ən yaxın qonşumuz, dostumuzdur. Bilirəm ki, Türkiyədə insanların çoxu Azərbaycandakı prezident seçkilərinə böyük maraq diqqət göstərirlər. Əziz dostum, qardaşım Süleyman Dəmirəl dünən axşam mənə telefon etdi, vəziyyəti öyrəndi. Dedim ki, hər şey yaxşıdır. Soruşdu ki, Sizi nə vaxt təbrik edim? Dedim ki, məlumat alan kimi telefon edə bilərsiniz. Bizim daim əlaqələrimiz var, dostuq, qardaşıq və bundan sonra da qardaş olacağıq. Türkiyə xalqına, Türkiyədəki qardaşların hamısına salamımı, hörmətimi bildirirəm.