Hörmətli həmvətənlər!
Hər il yəhudi xalqının ümummilli matəm günü kimi qeyd olunan “Holokost” günü münasibətilə günahsız qurbanların xatirəsini ehtiramla yad edərək sizə və bütün dünya yəhudilərinə dərin kədər və hüzn hisslərimi ifadə edirəm.
Faşistlərin Almaniyada hakimiyyətə gəlməsi ilə başlanmış və ikinci dünya müharibəsinin sonuna qədər davam etmiş “Holokost” siyasəti nəticəsində altı milyon insan yalnız yəhudi olduqlarına görə qətlə yetirilmişdir. Həmin illərdə yəhudilərin kütləvi şəkildə təqib olunması və məhv edilməsi siyasəti bəşər tarixinin ən müdhiş səhifələrindən birini təşkil edir.
Belə müsibətlər təkcə soyqırım siyasətinə məruz qalmış xalqın milli faciəsi hesab edilə bilməz və bütün bəşəriyyətə qarşı ağır cinayət kimi qiymətləndirilməlidir. Zorakılıq, irqçilik, soyqırım kimi antihumanist siyasətin bütün təzahürlərinə qarşı birmənalı mövqe bildirmək, onların qarşısının alınması yolunda qətiyyət və həmrəylik numayiş etdirmək yüksək bəşəri ideallara sadiq olan hər bir insanın alıb vəzifəsi və borcudur.
Azərbaycanda tolerantlıq, dözümlülük və qarşılıqlı hörmət şəraitində yaşayan bütün xalqlar bir-birinin sevincinə də, dərdinə də həmişə şərik olmuşlar. Yəhudi həmvətənlərimiz də Azərbaycanın müxtəlif konfessiyalara mənsub olan digər vətəndaşları kimi, ölkəmizdə bütün huquqlara və azadlıqlara tam malikdirlər. Onlar müstəqil respublikamızda gedən siyasi, sosial-iqtisadi və mədəni proseslərdə yaxından iştirak edirlər. Yəhudi icması Azərbaycan xalqına qarşı mərhələ-mərhələ həyata keçirilmiş soyqırım və deportasiya siyasətini, zəbt edilmiş ərazilərimizdə baş alıb gedən erməni vandalizmini, Azərbaycanlıların tarixi torpaqlarından didərgin salınmasını, qətl və qırğınları, misli görünməmiş vəhşilikləri və talanları həmişə pisləmiş, buna qarşı etiraz səslərini həm ölkəmizin daxilində, həm də beynəlxalq aləmdə ucaltmışdır.
Əziz həmvətənlər!
Yəhudi xalqının müsibəti günündə - bu hüznlu anlarda Azərbaycan xalqı adından kədərinizə bir daha şərik olduğumu bildirirəm. Qoy belə müsibətlər hec bir xalqın həyatında bir də təkrar olunmasın.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti