Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarına - 15 dekabr 1994-cü il

Azərbaycan Respublikasının müstəqilik rəmzi olan Sərhəd Qoşunlarını yaradılmasının üçüncü ildönümü münasibətilə təbrik edirəm.

Müstəqillik yoluna gədəm qoymuş dövlətimizin qüdrətlənməsində sərhədlərimizin mühafizəsinin etibarlı təmin edilməsi Sərhəd Qoşunlarının ağır və şərəfli vəzifəsidir.

Üç il müddətində o, çətin və rəşadətli bir yol keçərək öz işində təşəkkül tapmış və formalaşmışdır.

Xalqımıza və torpağımıza edilən erməni təcavüzünə qarşı mərdliklə sinə gərən Azərbaycan sərhədçiləri Milli Ordunun əsgər və zabitləri çiyin-çiyinə vuruşaraq qəhrəmanlıq nümayiş etdirmişlər.

Azərbaycan dövlətçiliyini sarsıtmağa, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə cəhd göstərən daxili və xarici düşmənlərə qarşı sərhədçilərimiz sayıqlıq, yüksək peşəkarlıq göstərərək barışmaz mübarizə aparır, dövlətimizin sərhədlərinin qorunmasında mərdlik və sədaqət göstərirlər.

Ümidvaram ki, Vətənimizin, xalqımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlərimizin ruhu naminə Sərhəd Qoşunlarının komandanlığı və şəxsi heyəti qarşıda duran ağır imtahanlardan şərəflə çıxacaq, müqəddəs borclarını ləyaqətlə yerinə yetirəcəklər.

Qeyrətli Vətən övladlarını - cəsur sərhədçilərimizi bu bayram münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycanımızın xoşbəxt gələcəyi naminə onlara yeni-yeni rəşadətlər diləyirəm.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti, 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı.