Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"İnterneyşnl Herald Tribyun\" qəzetinin müxbirinə müsahibəsi - Paris, 4 dekabr 1995-ci il

Sual: Səfərinizdən məqsəd nədir?

Cavab: Mənim səfərimdən məqsəd sırf iqtisadi problemlərdir. Mən Adam Smit İnstitutunun dəvəti ilə Londonda oldum. Bu institut \"Azərbaycanın sərmayə imkanları\" mövzusunda Azərbaycana həsr olunmuş beynəlxalq konfrans təşkil etmişdi. İnstitut oraya dünyanın bir çox ölkələrindən işgüzar dairələrin, maliyyə mərkəzlərinin, müxtəlif şirkətlərin, bank strukturlarının nümayəndələrini dəvət etmişdi. Bu konfransda başlıca məqsəd Azərbaycanı təqdim etmək, sərmayələr üçün onun bugünkü imkanları barədə məlumat vermək və təbii olaraq, ölkəmizin böyük potensial imkanlarını nəzərə alaraq Azərbaycana sərmayə qoyulmasını stimullaşdırmaq idi. Məqsəd, şübhəsiz, həm də budur ki, Azərbaycan həyatın bütün sahələrini demokratikləşdirmək yolu ilə gedir, iqtisadiyyat sahəsində strateji xəttə malikdir, bazar islahatları aparır, dövlət mülkiyyətini özəlləşdirir və Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə birləşdirmək üçün müxtəlif tədbirlər görür. Mən buna çox böyük əhəmiyyət verərək, Londona məhz bu məqsədlə getmişdim. Burada, Parisdə isə Ümumdünya Bankı Azərbaycanla əməkdaşlıq problemlərinə dair işgüzar dairələrin, maliyyə mərkəzlərinin təxminən bu cür görüşünü keçirir, lakin burada diqqət ən çox özəl sektorun inkişafına yönəldilir. Görüşdə işgüzar dairələrin olduqca çox nümayəndələri iştirak edir, Azərbaycandan geniş tərkibli böyük nümayəndə heyəti gəlib. Mən buraya məhz ona görə gəlmişəm ki, bu görüşdə şəxsən iştirak edim və toplaşanlar qarşısında çıxış edim. Bu, səfərimdə əsas məqsəddir. Bundan əlavə, hökumət nümayəndələri və rəsmi şəxslər ilə görüşmək imkanı yaranır. Bu gün mən baş nazir cənab Alen Jüppe ilə görüşəcəyəm.

Sual: Siz Londonda Adam Smit İnstitutundan hər hansı xüsusi vədlər aldınızmı?

Cavab: Bildiyiniz kimi, Adam Smit İnstitutunun özü heç nə vəd etmir. Şübhə yoxdur ki, Azərbaycan çox böyük maraq doğurmuşdur. Bu konfransın iştirakçıları dedilər ki, onlar çox belə konfranslar keçiriblər, amma bu məclisə həddindən çox adam gəlmişdir. Bu, indi Azərbaycanın necə bir ölkə olduğunu, bizdə sərmayələr üçün, səmərəli əməkdaşlıq üçün nə kimi imkanlar olduğunu göstərmək baxımından kifayət qədər yaxşı fürsət idi. Lakin eyni zamanda bunu da nümayiş etdirmək üçün yaxşı imkan idi ki, Azərbaycan demokratikləşdirmə yolu ilə gedir, Azərbaycanda xarici sərmayələr üçün əlverişli şərait yaradılmışdır, sərmayədarlar üçün kifayət qədər yaxşı qanunvericilik bazası mövcuddur, yeni qanunlar qəbul olunmuşdur. Bu qanunlar istər xarici sərmayələr üçün, istərsə də Azərbaycanın və xarici şirkətlərin birgə fəaliyyəti üçün əlverişli şəraiti təmin edəcəkdir. Noyabrın 12-də biz Azərbaycanın yeni konstitusiyasını, yəni müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etdik. Konstitusiyada məhz iqtisadi əməkdaşlıq üçün lazım olan çox mühüm müddəalar var. Bütün bunlar kifayət qədər ətraflı məlumat verməyə imkan yaratdı.

Sual: Hazırda qonşularınız Rusiya və Ermənistan ilə münasibətiniz necədir?

Cavab: Demək olar ki, Rusiya ilə münasibətlərimiz normal mehriban qonşuluq və dostluq münasibətləridir. Biz Ermənistan ilə yeddi ildən çoxdur hərbi münaqişə şəraitindəyik. O, Azərbaycana təcavüz etmişdir. Bu təcavüz, bu müharibə nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu işğal olunmuş, işğal edilmiş torpaqların bir milyon nəfərdən çox sakini öz yaşayış yerlərindən zorakılıqla qovulub didərgin salınmışdır. İndi onlar Azərbaycanın başqa bölgələrində, çox ağır şəraitdə, əksəriyyəti də çadır şəhərciklərində yaşayırlar. Bu təcavüz Azərbaycan Respublikasına olduqca böyük maddi və mənəvi ziyan vurmuşdur. Hərbi əməliyyatlar zamanı 30 mindən çox azərbaycanlı həlak olmuşdur, respublikamızın minlərlə sakini tutulub Ermənistanda əsir saxlanılır.

Doğrudur, indi il yarımdan çoxdur biz barışıq şəraitindəyik. İl yarım bundan əvvəl biz Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş əldə etdik və bu rejimi yerinə yetiririk. Lakin bu, olsa-olsa fasilədir və Ermənistan-Azərbaycan münaqişəsi məsələsini sülh yolu ilə həll etmək üçün əsas etibarilə vasitə, imkandır. Məsələnin sülh yolu ilə həlli isə yalnız bir şərtlə - Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması, Azərbaycan vətəndaşlarının öz yaşayış yerlərinə qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün, Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi şərti ilə mümkündür. Biz hesab edirik ki, bu münaqişənin aradan qaldırılmasına məhz bu şərtlərlə, sülh yolu ilə nail olmaq mümkündür. Ermənistan ilə Azərbaycan arasında münasibətlər bax bu cürdür.

Sual: Siz neft kəməri məsələsinin həllini ideal, yoxsa güzəştli qərar sayırsınız?

Cavab: Bu, normal qərardır.

Sual: Cənab prezident, Klinton şəxsən sizdən xahiş etdimi ki, məhz bu cür qərar qəbul olunsun?

Cavab: Bəli, belə bir xahiş olub.

Sual: Mən bilirəm, Rusiya hökuməti məsələnin bu cür həllinə o qədər də müsbət yanaşmadı.

Cavab: Xeyr, normal yanaşdı.

Sual: Sizcə, yaxın gələcəkdə neft ixracının nəticələri necə olacaq? Ümümi milli məhsul necə olacaq? Bir sözlə, siz neftdən konkret olaraq nə qədər pul qazanacaqsınız?

Cavab: Neft hələ yoxdur, siz isə pulu saymaq istəyirsiniz. Biz ilkin neftin hasilatını təmin etmək üçün hələlik tədbirlər görürük. Əgər proqram yerinə yetirilərsə, - bu 1996-cı ilin axırlarına yaxın mümkün olacaq, - neft hasilatı 1997-98-ci illərdə aparılacaqdır.

Sual: Belə hesab edirlər ki. Azərbaycanın neft ehtiyatları, mineral ehtiyatları Küveytin ehtiyatları qədərdir. Yəni bu o deməkdirmi ki, sizdə həyat şəraiti və gəlir çox yaxşı olacaq?

Cavab: Bəli, yaxşı olacaqdır.

Sual: Siz real gəliri, nəhayət, təxminən nə vaxt götürməyə başlayacaqsınız?

Cavab: Bizim proqramımız var. Təkrar edirəm, biz neft hasilatına artıq 1997-ci ildən başlayacağıq. Lakin onun həcmi tədricən artırılacaqdır. Mənə elə gəlir ki, bütün bunlardan ən yüksək səmərə təqribən 2003-cü ildə olacaqdır.

Sual: Çeçenistandakı hadisələrlə əlaqədar, İran kimi bir ölkə ilə qonşu olmağınızla əlaqədar respublikanıza vəsait qoymaq istəyən sərmayədarlara nə kimi təminatlar verdiniz, nə kimi dəlillər gətirdiniz? Siz buna necə nail oldunuz ki, sərmayədarlar sizə inandılar, hər halda buna razılaşdılar?

Cavab: Bilirsinizmi, dünyada belə münaqişələr və mürəkkəb hadisələr müxtəlif bölgələrdə baş verir. Bax, siz Küveyti dediniz, yoxsa yadınızda deyil, Küveytdə necə bir müharibə getmişdir. Lakin sərmayədarlar bundan sonra da oraya vəsait qoymağı dayandırmadılar.

Müxbir: Cənab prezident, çox sağ olun.

\"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir\" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, 5-ci cild, səh.104-107.