Almaniyanın \"Mersedes-Bents\" firmasının idarə heyəti adından Azərbaycan Prezidentinin şərəfinə verilmiş ziyafətdə Heydər Əliyevin nitqi - Baden-Vürtenberq, 4 iyul 1996-cı il

Hörmətli prezident, möhtərəm xanımlar və cənablar! Mən Almaniyaya rəsmi səfərimi başa çatdırarkən burada, şirkətinizin qərargahında olmağımdan çox məmnunam və səfərim zamanı keçirilən bu görüşü xüsusi bir görüş hesab edirəm. Sizin şirkət dünyada məşhur və ən nəhəng şirkətlərdən biridir, öz işlərinizlə dünyada böyük şöhrət qazanmısınız.

Siz bu gün mənə 1888-ci ildə istehsal etdiyiniz ilk avtomobilin modelini verdiniz. Bu, mənim üçün çox qiymətli hədiyyədir. Buna görə təşəkkür edirəm. Bununla yanaşı, bu gün burada sizinlə birlikdə olduğum zaman gördük ki, siz 1888-ci ildən 1996-cı ilədək nə qədər böyük və müvəffəqiyyətli yol keçmisiniz. Sizin istehsal etdiyiniz avtomobillər, avtobuslar, eləcə də təyyarə və vertolyotlar, digər məhsullarınız dünyanın, demək olar, bütün ölkələrində çox böyük şöhrət qazanmışdır. İndi dünyada avtomobil istehsal edən şirkətlər, ölkələr çoxdur. Amma hamı etiraf edir ki, \"Mersedes\" kimi keyfiyyətli və gözəl avtomobili hələ heç kəs icad edə bilməyibdir. Ola bilər ki, sizin rəqibləriniz mənim bu fikrimlə razılaşmasınlar. Lakin Azərbaycan vətəndaşlarının ümumi fikri belədir. Şəxsən mən də bu fikirdəyəm. Ona görə də Azərbaycanda mənim minik avtomobilim sizin şirkətin buraxdığı maşındır.

Mən sizi bu nailiyyətləriniz münasibətilə təbrik edirəm. Siz böyük işlərinizlə bütün dünyanı heyran qoyursunuz. Eyni zamanda bu nailiyyətlərə baxmayaraq, qarşınıza çox böyük vəzifələr də qoymusunuz. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz o vəzifələrin hamısını müvəffəqiyyətlə həyata keçirəcəksiniz. Mənim Almaniyaya bu dörd günlük rəsmi səfərimin əsas məqsəd və mənası Almaniya-Azərbaycan əməkdaşlığını və xüsusən iqtisadi əməkdaşlığı genişləndirmək və daha yüksək səviyyələrə qaldırmaqdır. Bu baxımdan sizin şirkətlə Azərbaycan arasında əməkdaşlığa da çox böyük yer veririk.

Siz qeyd etdiniz ki, \"Mersedes-Bents\"in Azərbaycanda nümayəndəliyini açmısınız və əməkdaşlıq edirsiniz, Azərbaycana yeni tipli avtobuslar satılmasına dair təkliflər irəli sürmüsünüz. Şübhəsiz ki, bunların hamısı diqqətəlayiq hallardır. Amma mən bizim əməkdaşlığımızı daha geniş görmək istərdim. Siz dünyanın bir çox ölkələrində öz müəssisələrinizi yaratmısınız. Bu baxımdan Azərbaycan sizin üçün çox əlverişli bir ölkədir və biz bu sahədə əməkdaşlıq edə bilərik. 1981-82-ci illərdə Azərbaycanda böyük bir avtomobil zavodu tikməyə başladıq. Lakin bu müəssisənin tikintisi başa çatdırılmadı və yarımçıq qaldı. Halbuki inşaat işlərinin əksər hissəsi görülmüş, böyük istehsal sahələri yaradılmışdır. Zənnimcə, bu imkandan bizim birlikdə istifadə etməyimiz barədə düşünmək lazımdır. Təklif edirəm ki, öz mütəxəssislərinizi göndərəsiniz və bu məsələnin mümkünlüyünü təhlil və müzakirə edək. İstehsal sahəsindən savayı, başqa imkanlar da var.

Mən istərdim ki, bu gün sizin şəhərinizə, sizin bu böyük müəssisənizə gəlişim turust gəzintisi xarakteri daşımasın. Mən hər bir səfərimi əməli işlə nəticələndirmək istəyirəm. Şübhəsiz ki, bu iş də sizdən yeni bir avtomobil almaqla bitmir. Ondan ötrü buraya gəlmək bəlkə də lazım deyildi. Siz avtomobili hər yerdə satırsınız və onu hər yerdə də almaq olar. Mənim məqsədim sizinlə əməkdaşlığın əsaslarını yaratmaqdır. Ona görə də sizə bu təklifləri verirəm. Əmin ola bilərsiniz ki, biz sizin üçün etibarlı ortaq ola bilərik. Mən qarşınıza qoyduğunuz bütün vəzifələrin həyata keçirilməsini, bütün məsələlərin həll edilməsini arzulayıram. Sizin şirkətinizə, nəhəng istehsal sahələrinizə, işçilərinizin hamısına uğurlar diləyirəm.

Mənə dedilər ki, Baden-Vürtеnberq şərabı ən keyfiyyətli şərabdır. Dediniz ki, bu şərabı ancaq özünüz içirsiniz və başqalarına vermirsiniz. Bizə bu şərabdan verdiyinizə görə təşəkkür edirəm. Bu gözəl şərabla doldurulmuş badələri sizin gələcək uğurlarınız şərəfinə qaldırıram. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 6 iyul 1996-cı il