Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın Baş naziri Ryutaro Haşimotonun dəvəti ilə bu ölkəyə ilk rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 23 fevral 1998-ci il

Sual: Cənab prezident, bu \"gündoğar ölkə\"yə Sizin ilk rəsmi səfərinizdir. Səfər zamanı Azərbaycan-Yaponiya münasibətlərində hansı yollar açılacaqdır?

Cavab: Çox yollar açılacaqdır. Yaponiya ilə Azərbaycan arasındakı münasibətlər son illər tədricən inkişaf edir. Yaponiya Azərbaycana maraq göstərir və biz də çox maraqlıyıq ki, Yaponiya kimi bütün sahələrdə, xüsusən iqtisadiyyatda inkişaf etmiş ölkə ilə daha da sıx əlaqələrimiz olsun. Biz bu əlaqələri artıq qururuq. Bir neçə dəfə Yaponiyanın cürbəcür səviyyəli hökumət nümayəndələrini qəbul etmişik. Yaponiyanın bəzi şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Nəhayət, Yaponiyanın Baş naziri məni rəsmi dəvət edibdir, mən də bu dəvəti qəbul etmişəm və səfərə gedirəm. Orada bir neçə dövlətlərarası, hökumətlərarası sənədlər imzalayacağıq, bir çox görüşlər keçiriləcəkdir. Baş nazirlə görüşlər, danışıqlar, imperatorla görüş olacaqdır. Orada ikipalatalı parlament var, hər iki palatada görüşlər olacaqdır. Bir çox şirkətlər böyük maraq göstəriblər, müraciət ediblər ki, onlarla görüşlər olsun. Proqram çox gərgindir, həddindən artıq çox görüşlər nəzərdə tutulubdur. Mən hesab edirəm ki, bunlar da lazımdır, çünki biz Azərbaycanı tanıtmalıyıq. Son illərə qədər Yaponiyada Azərbaycan, demək olar, tanınmırdı. Azərbaycanı həm siyasi, həm iqtisadi nöqteyi-nəzərdən, həm də coğrafi-siyasi vəziyyəti nöqteyi-nəzərindən tanıtmalıyıq və güman edirəm ki, bu səfər zamanı biz buna nail olacağıq.

Sual: Cənab prezident, orada neft müqavilələrinin imzalanmayacağı nə ilə bağlıdır?

Cavab: Bilirsiniz, yəqin ki, burada bir yanlışlıq olubdur. Yəni biz orada neft müqaviləsi imzalamağı nəzərdə tutmamışdıq. Sadəcə, bəzi şirkətlər özləri burada həddindən artıq cəhd göstərirlər. Yaponiyanın \"İtoçu\" şirkəti Azərbaycanda neft sənayesində bir-iki müqavilədə iştirak edir. \"Mitsui\" şirkəti var, o da bizim bir müqavilədə pay almaq istəyir. Ancaq bunların hamısını biz orada yerində tənzimləyəcəyik, burada elə bir problem yoxdur.

Sual: Cənab prezident, Azərbaycan işçi qrupunun Xəzər neftinin nəqli ilə məşğul olacaq ölkələrlə konkret danışıqlar aparmasına nə vaxt razılıq verəcəksiniz? Ümumiyyətlə, regional boru kəmərləri sisteminə Sizin münasibətiniz necədir?

Cavab: Bilirsiniz, biz bu barədə Avropa Şurası ilə əməkdaşlıq edirik. Mən dünən Asiya və Avropa regionlarının Avrasiya nəqliyyat magistralı layihəsində iştirak edə biləcək bir çox ölkələrinin dövlət və hökumət başçılarına məktub göndərmişəm. Bu, Avropa Komissiyasının, o cümlədən cənab Van Den Brukun təşəbbüsü ilə edilmişdir. Onunla razılaşma əsasında mən məktub göndərmişəm və biz mayın ikinci yarısında burada - Azərbaycanda Avropanın şimal hissəsindən başlayaraq Çin və Yaponiyayadək həmin magistral uzərində yerləşən bütün ölkələrin dövlət, hökumət başçılarının və ya nümayəndə heyətlərinin görüşünü keçirməyi nəzərdə tuturuq. Başqa sözlə, \"İpək yolu\"nun bərpasına dair daha konkret işdən söhbət gedir. Yeri gəlmişkən, Yaponiya bu məsələ ilə çox maraqlanır və Yaponiyanın Baş naziri cənab Haşimotonun doktrinasında bu, çox mühüm yer tutur. Yəni, biz əslində bu məsələ ilə artıq məşğul oluruq.

Boru kəmərləri barədə deməliyəm ki, ayın 1-də İstanbulda Türkiyə, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcəkdir. Bu da Mərkəzi Asiyadan, Xəzər hövzəsindən Mərkəzi Avropaya boru kəmərləri çəkilməsi problemi barəsindədir. Bu, Türkiyənin təşəbbüsüdür. Mən İstanbulda olarkən həmin təşəbbüsü dəstəklədim və martın 1-də belə görüş keçiriləcəkdir.

Sual: Həmin görüşdə Azərbaycanı kim təmsil edəcək

Cavab: Xarici işlər nazirinin müavini Əzimov. Sağ olun.