Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İranın \"İqtisadiyyat dünyası\" qəzetinin və İRNA Agentliyinin müxbirlərinə müsahibəsi - Tehran, 10 dekabr 1997-ci il

Sual: Azərbaycan və İranın gələcək əməkdaşlığı haqqında fikrinizi bilmək istərdim.

Cavab: Azərbaycan ilə İranın əməkdaşlığı yaxşıdır. Biz dost ölkələrik, münasibətlərimiz dostluq və əməkdaşlıq xarakteri daşıyır. Bizim tarixi əlaqələrimiz, tarixi keçmişimiz, bir dinə mənsub olmağımız, adət-ənənələrimiz ölkələrimizin - Azərbaycanın və İranın fəal əməkdaşlıq etməsi və dostluq münasibətləri saxlaması üçün çox sanballı bünövrə yaratmışdır. İndi belə əməkdaşlıq var, amma mən hesab edirəm ki, bu, kifayət deyildir. Biz bütün sahələrdə - iqtisadiyyatda, elm, texnika, mədəniyyət sahəsində əməkdaşlığımızı genişləndirməliyik. Ümidvaram ki, prezidenti cənab Xatəmi və İranın digər rəhbərləri ilə görüşlərimiz zamanı bu məsələləri müzakirə edəcək və əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün tədbirlər müəyyənləşdirəcəyik.

Sual: Zirvə görüşündən nə gözləyirsiniz?

Cavab: İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının VIII zirvə görüşü bütünlükdə islam dünyası, islam birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsi üçün, o cümlədən, müsəlman ölkələrinin mənafelərinə toxunan bir çox kəskin məsələlər - münaqişələr, təcavüzlər və sairə barədə çox mühüm qətnamələr, qərarlar qəbul edəcəkdir. Ümidvaram ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında da xüsusi qətnamə qəbul edəcəkdir. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan çox azərbaycanlı öz yurdlarından zorla qovulub çıxarılmışdır və qaçqın vəziyyətində yaşayır. Hesab edirəm ki, bu təcavüzü pisləyən qətnamə qəbul olunacaqdır. Ümidvaram ki, Azərbaycan qaçqınlarına humanitar yardım göstərilməsi barədə də qətnamə qəbul ediləcəkdir. Bütün islam dünyasına aid olan böyük qətnamələr də, ayrı-ayrı lokal problemlərlə, o cümlədən, Azərbaycanla bağlı qətnamələr də olacaqdır.

Sual: Xəzər dənizinin mineral ehtiyatlarından istifadə olunması barədə ölkənizin mövqeyi və təklifləri necədir?

Cavab: Xəzər böyük neft və qaz ehtiyatları olan dənizdir. Azərbaycan Xəzər dənizindən neft və qaz çıxarılması ilə çoxdan məşğul olur. Biz bu işlə hələ əsrin əvvəlində məşğul olmağa başlamışıq. Lakin 50 il bundan öncə bu iş xüsusilə genişlənmişdir. Xəzər dənizinin Azərbaycan sektorunda olan yataqlarında iş görürük.

Sual: Cənab prezident, Azərbaycan bu zirvə görüşündən nə gözləyir?

Cavab: Biz istəyirik ki, islam ölkələri daha da həmrəy, bir-biri ilə mehriban, dost olsunlar. İslam aləmi dünyada gedən proseslərdə islam mədəniyyətini, mənəviyyatını, dinini daha da qorusun, müsəlman xalqlarının, ölkələrinin hüquqlarının pozulmasının qarşısını alsın.

Sual: Cənab prezident, bu hüquqların pozulmasının qarşısını almaq üçün Sizcə, nə etmək lazımdır?

Cavab: İslam ölkələri daha da birgə olmalıdır, bir-birinin dərdinə qalmalı, kömək etməli, sıx əlaqə saxlamalıdırlar.

Sual: Bu zirvə görüşü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nə iş görə bilər?

Cavab: Çox iş görə bilər. Təəssüflər olsun ki, ancaq qətnamələr qəbul edir. Üç il bundan öncə Mərakeşdə bir qətnamə qəbul edildi, Ermənistan təcavüzkar kimi pislənldi, məhkum olundu və bu, dünyaya elan edildi. Əlbəttə, beynəlxalq aləmdə ictimai rəy üçün bunun əhəmiyyəti var. Ancaq hesab edirəm ki, bu təşkilat səsini daha da gur çıxara bilər, tələb edə bilər ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal çıxsın, müsəlmanlara qarşı belə təcavüz etməsin. Əlbəttə, islam ölkələri bir olsa, bunu edə bilərlər.

Sual: İranla Azərbaycan arasındakı əlaqələr barədə nə deyə bilərsiniz?

Cavab: Bu əlaqələr yaxşıdır. Daha da yaxşı olmalıdır. Mən İran prezidenti cənab Xatəmi ilə görüşüb danışıqlar aparacağam. Çox məmnunam ki, İranda prezident seçkiləri demokratik qaydada keçibdir. Həmin demokratik seçkilər nəticəsində cənab Xatəmi prezident seçilibdir. Mənim də onunla görüşə böyük marağım vardır və bizim görüşümüz olacaqdır, biz bir sıra məsələləri müzakirə edəcəyik.