Əziz həmvətənlər!
Sizi dünya yəhudilərinin ən qədim bayramlarından olan Roş-ha-şana - Yeni il münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hamınıza xoşbəxtlik, cansağlığı arzularımı yetirirəm.
Tarixən müxtəlif xalqların, milli azlıqların mehriban ailə kimi yaşadıqları Azərbaycan bu gün hüquqi demokratik dövlət quruculuğu və milli müstəqillik yolu ilə inamla addımlamaqdadır. Hər bir xalqın dil və mədəniyyətini, milli adət-ənənələrini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının təminatı üçün əsl demokratik hüquqi baza yaradılmışdır. Respublikamızın bütün xalqları kimi, yəhudi əhalisi də ölkəmizdə gedən bu tarixi proseslərin fəal iştirakçısıdır.
Əminəm ki, müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində bundan sonra da yaxından iştirak edəcək, doğulub yaşadığınız vətənə övladlıq borcunu layiqincə yerinə yetirəcəksiniz.
Mənəvi paklıq, tövbə günü və həyatın başlanğıcı kimi bayram etdiyiniz Roş-ha-şana qoy hər birinizin həyatında əmin-amanlıq, xoş müjdələr ili olsun.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti