Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın \"Yomiuri Simbun\" qəzetinin müxbiri ilə müsahibəsi - 27 fevral 1998-ci il

Sual: Cənab prezident, məlumdur ki, dünən Siz Yaponiyanın baş naziri Haşimoto ilə görüşmüsünüz və onunla bərabər birgə bəyanatlar imzalamısınız. Dünən Yaponiyanın \"Mitsui\" Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında saziş imzalanıbdır. Ümumiyyətlə, Siz Yaponiyaya rəsmi səfərinizi necə qiymətləndirirsiniz və Yaponiya ilə Azərbaycan arasındakı münasibətləri necə görmək istəyirsiniz?

Cavab: Mən Yaponiyaya rəsmi səfərimi müsbət qiymətləndirirəm və bu səfərimdən çox razıyam. Hesab edirəm ki, burada olduğum zaman Yaponiya hökuməti - baş nazir, hökumətin üzvləri ilə və bu ölkənin böyük şirkətləri ilə mənim çox səmərəli danışıqlarım olubdur, bunların nəticəsində dövlətlərimiz, hökumətlərimiz arasında çox əhəmiyyətli sənədlər imzalamışıq.

Sual: Növbəti sualım boru kəməri haqqındadır. Eşitdiyimə görə, Siz Qərb istiqamətinə, yəni Rusiyadan keçən boru kəməri ilə müqayisədə Gürcüstan və Türkiyə ərazisindən keçən boru kəmərinə daha çox üstünlük verirsiniz. Nəyə görə?

Cavab: Yox, bu, tamamilə belə deyil. Biz ilkin neftin ixracı üçün iki boru kəməri tikməyi qərara almışıq. Bunların birini - Rusiyanın ərazisindən Novorossiysk limanına gedən boru kəmərini tikib qurtarmışıq və bu boru kəməri ilə neft artıq ixrac olunur. İkinci neft kəmərini biz Qərb istiqamətindən - Gürcüstan ərazisindən keçirmək fikrindəyik və bu kəməri də indi tikirik. Həmin boru kəməri bu ilin sonunadək hazır olacaqdır. Biz Rusiya ilə Qərb istiqamətini eyni tutmuşuq. Ancaq bir də böyük neft kəməri vardır. Biz onun marşrutu haqqında son üç ildə çox axtarışlar aparmışıq. Axtarışlar nəticəsində belə qərara gəlmişik ki, bu boru kəmərinin ən əlverişli marşrutu Azərbaycan-Gürcüstan -Türkiyə ərazisindən keçməklə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına getməkdən ibarətdir.

Sual: Mənim eşitdiyimə görə, belə deyək ki, Rusiyanın buna acığı tutacaqdır. Doğrudur?

Cavab: Ola bilər, kiminsə acığı tutsun. Biz indi işimizi elə görə bilmərik ki, hamı razı olsun. Ola bilər, kimsə razı, kimsə narazı olsun.

Sual: Növbəti sualım Azərbaycanın Rusiya və Amerika Birləşmiş Ştatları ilə əlaqələri haqqındadır. Siz keçən il ABŞ-a rəsmi səfər etdiniz və o vaxtdan Amerika ilə Azərbaycan arasında dostcasına, çox sıx münasibətlər vardır. Lakin Azərbaycanla Rusiya arasındakı münasibətlərdə bir qədər soyuqluq hiss olunur. Elədirmi?

Cavab: Bilirsiniz, mən Amerika Birləşmiş Ştatlarına bir dəfə səfər etmişəm. Ondan əvvəl isə Rusiyaya səfər etmişəm. Mən Rusiyaya bir neçə dəfə səfər etmişəm. Ona görə nə üçün Amerikaya bir dəfə səfər etdiyimə görə kimsə düşünməlidir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər soyuqlaşıbdır? Bizim respublikamız bütün ölkələrlə bərabərhüquqlu əlaqələr yaratmaq istəyir. Şübhəsiz ki, biz Amerika Birləşmiş Ştatları ilə sıx dostluq əlaqələri yaratmaq istəyirik. Mən Vaşinqtonda olarkən prezident cənab Bill Klintonla Azərbaycan-Amerika tərəfdaşlıq əlaqələrinə aid çox əhəmiyyətli birgə bəyanat imzaladıq. Biz bu əlaqələrimizə xüsusi əhəmiyyət veririk.

Biz eyni zamanda, Rusiya ilə də yaxşı əlaqədəyik və istəyirik ki, bu əlaqələrimiz daha da yaxşı olsun. Biz sadəcə olaraq, Rusiyanın Qafqaza aid olan siyasəti ilə razı deyilik. Məsələn, Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişə olduğu bir zaman Rusiya üç il müddətində Ermənistana bir milyard dollarlıqdan artıq silah-sursat veribdir. Biz hesab edirik ki, buna yol vermək olmaz. Biz buna etiraz etmişik. Mən Boris Yeltsinə bu barədə xüsusi məktub göndərmişəm və həmin silahların Ermənistandan geri qaytarılmasını tələb etmişəm.

Yaxud da ki, keçən ilin avqust ayında Rusiya ilə Ermənistan arasında hərbi ittifaq müqaviləsi bağlanıbdır. Biz buna etiraz edirik. Rusiyanın Ermənistanda hərbi bazaları vardır. Biz buna da etiraz edirik. Ona görə də bizim Rusiya ilə belə problemlərimiz vardır. Siz bəlkə bunlara görə deyirsiniz ki, Rusiya ilə bizim münasibətlərimizdə bir az soyuqluq vardır.

Biz öz fikrimizi Rusiyaya açıq şəkildə bildiririk. Biz bildirmişik ki, Rusiyanın Qafqazda hərbi bazalar saxlamasına ehtiyac yoxdur. Rusiyanın Ermənistana gizli yolla bir milyard dollar dəyərində qanunsuz silah-sursat verməsi şübhəsiz ki, bizim münasibətlərimizə mənfi təsir göstərir.

Sual: Lakin siz Rusiya ilə yaxşı münasibətlər saxlamaq əzmindəsiniz?

Cavab: Bəli. Biz istəyirik ki, Rusiya ilə yaxşı münasibətimiz olsun. Amma biz eyni zamanda, Rusiyanın Qafqazda apardığı siyasətin bəzi tərəflərini tənqid edirik və bu siyasətlə razı deyilik.

Sual: Müstəqil Dövlətlər Birliyinə qarşı son zamanlar çoxlu tənqid eşidilməkdədir. Sizin ölkə gələcəkdə Müstəqil Dövlətlər Birliyindən çıxmaq fikrindədirmi?

Cavab: Yox, biz Müstəqil Dövlətlər Birliyindən çıxmaq fikrində deyilik. Ancaq Müstəqil Dövlətlər Birliyinin işini biz də tənqid edirik. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçıları keçən ilin oktyabr ayında Moldovada, Kişinyovda görüşmüşdülər. Orada bir çox dövlət başçıları Müstəqil Dövlətlər Birliyinin işini tənqid etmişdilər. Tənqidin çoxu da Rusiyaya aid idi. Çünki Müstəqil Dövlətlər Birliyində Rusiya liderlik edir. Bir halda ki, liderlik edir, demək, o, həm də cavabdehdir.

Sual: Müstəqil Dövlətlər Birliyinin tərkibindən niyə çıxmaq istəmirsiniz? Ona görə ki, mümkün deyil, yoxsa?

Cavab: Yox. Çıxmağa ehtiyac yoxdur. Yəni biz istəmirik ki, Müstəqil Dövlətlər Birliyi dağılsın. Şəxsən mən istəyirəm ki, Müstəqil Dövlətlər Birliyi beynəlxalq normalara uyğun bir beynəlxalq təşkilat olsun, səmərəli fəaliyyət göstərsin və bütün dövlətlər də eyni hüquqa malik olsunlar. Bu hüquqlar formal yox, faktiki olmalıdır. Müstəqil Dövlətlər Birliyinin içində gərək bir dövlət o biri dövlətə təzyiq etməsin. Məsələn, mən hesab edirəm ki, Müstəqil Dövlətlər Birliyində olan ölkələrdən ikisi bir-biri ilə hərbi ittifaq bağlaya bilməzlər. Bu özü Müstəqil Dövlətlər Birliyinə zərbə vurur. Amma Rusiya Ermənistanla belə bir ittifaq bağlayıbdır. Bunlar bizi narahat edir.

Sual: Məlumdur ki, Ermənistan prezidenti öz vəzifəsini tərk etmişdir. Şübhəsiz ki, bu, Dağlıq Qarabağ probleminin həll olunmasını çətinləşdirəcəkdir. Bu məsələyə sizin münasibətiniz necədir?

Cavab: Şübhəsiz ki, bu, problemi müəyyən qədər çətinləşdirəcəkdir. Çünki prezident Ter-Petrosyanla biz bir neçə ildir ki, bu barədə bilavasitə danışıqlar aparırdıq, bir-birinə müəyyən qədər inam yaranmışdı. Yəni seçilən prezidentlə bizim aramızda danışıqlar başlanmalıdır və ondan sonra biz baxmalıyıq ki, bu danışıqlar necə gedir. Amma güman edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına alternativ yoxdur. Ona görə də mən hesab edirəm ki, bu danışıqlar davam edəcəkdir. Sadəcə lazımdır ki, indi Ermənistanda yeni prezident seçilsin və biz bundan sonra danışıqları davam etdirəcəyik. Şübhəsiz ki, belə vəziyyət bizim işimizi ləngidir.

Sual: İcazə verirsinizsə, bir sualım da vardır. Məlumdur ki, imzalanmış sənədlərdən sonra Yaponiya şirkətləri Azərbaycanda neft istehsalında iştirak edəcəklər. Onlar bundan böyük mənfəət, xeyir götürmək fikrindədirlər. Sizin fikrinizcə, bu, hər iki tərəf üçün mənfəətli olacaqmı? Yaponiya şirkətlərinin gələcəkdə Azərbaycandakı işini necə görmək istəyirsiniz?

Cavab: Birincisi, əgər hansısa bir iqtisadi müqavilə imzalanırsa, o, hər iki tərəf üçün eyni dərəcədə faydalı olmalıdır. Biz xarici ölkələrin şirkətləri ilə neft istehsalı sahəsində imzaladığımız müqavilədə şübhəsiz ki, Azərbaycanın mənfəətini üstün tuturuq. Bizimlə müqavilə imzalayan şirkətin də mənfəəti olmasa gəlib müqavilə imzalamaz. Demək, bu, ikitərəfli mənfəətdir. Yaponiyanın hansı şirkəti əgər mənfəət götürməsə Azərbaycana gələr? Heç birisi. Əgər bizim də mənfəətimiz olmasa heç bir şirkətə imkan vermərik ki, gəlib bizimlə işləsin. O ki qaldı bizim əməkdaşlığımızın gələcəyi, biz istəyirik ki, bu əməkdaşlıq sağlam prinsiplər əsasında qurulsun və mən bunun gələcəyini çox yaxşı görürəm.

Bizim indiyə qədər qurduğumuz əlaqələr və mənim burada olduğum zaman imzalanmış müqavilələr gələcəkdə Yaponiya şirkətləri ilə Azərbaycan arasında geniş əməkdaşlıq etmək üçün əsas yaradıbdır. İndiyədək Yaponiyanın 6 şirkəti Azərbaycanda öz ofisini açıbdır.

Sual: Güman edirəm ki, yalnız neft sahəsində işləyən şirkətlər deyildir?

Cavab: Bəli. Məsələn, dünən \"Niçimen\" Şirkəti ilə Azərbaycanda kimya kompleksi sahəsində etilen istehsalı üzrə böyük müqavilənin imzalanmasına razılıq verdik. Biz bunun üçün Yaponiyanın İxrac- İdxal Bankı ilə dövlət zəmanəti verən bir müqavilə imzaladıq. Təkcə neft sahəsi deyil. Kimya da, sənayenin başqa sahələri də vardır. Mənim dünən və əvvəlki üç gündə bu şirkətlərlə apardığım görüşlərdən görünür ki, Yaponiya şirkətləri təkcə neft sahəsinə yox, iqtisadiyyatın bir çox başqa sahələrinə də maraq göstərirlər.

Jurnalist: Cənab prezident, çox sağ olun.