Azərbaycan Respublikasının Prezidendi Heydər Əliyevin Türkiyənin İsparta şəhərinə səfəri - 28 noyabr 1999-cu il

Azərbaycan prezidenti Heydər Əliyev və Türkiyə Prezidenti Süleyman Dəmirəl noyabrın 28-də səhər dost ölkənin dövlət başçısının şəxsi təyyarəsi ilə qədim İsparta şəhərinə gəldilər. İspartanın Süleyman Dəmirəl adına Hava Limanında Azərbaycan və Türkiyə prezidentlərini şəhərin valisi Xəlil İbrahim Daşöz, dövlət və hökumət nümayəndələri, ətraf şəhərlərin valiləri, bələdiyyə başçıları, ictimaiyyətin nümayəndələri hərarətlə, mehribanlıqla qarşıladılar.

Dövlət başçıları hava limanında İspartanın mərkəzində yerləşən Şövkət Dəmirəl adına kardioloji mərkəzə gəldilər. Heydər Əliyev mərkəzin qurucusu, tanınmış iş adamı Şövkət Dəmirələ xatirə hədiyyələri təqdim etdi və dedi: Azərbaycan rəssamının bu əsərini sizin tibb mərkəzinə hədiyyə edirəm. Bu, Azərbaycanın Şahdağıdır. Bu da onun ətəyində bitən gözəl ağaclardır. Qoy bu, məndən hədiyyə olaraq burada qalsın. Bu da onun pasportudur. Yəni bu əsərin rəssamının adı və s. burada vardır.

Mən bu kitabı da sizə təqdim edirəm. Bu kitab \"Süleyman Dəmirəl: İslamköydən Çankaya köşkünə qədər\" adlanır. Bunu mən yaratmışam. Əziz dostum Süleyman Dəmirəlin 75 illik yubileyinə, doğum gününə həsr olunubdur. Türk dilində yazılıbdır, amma bu, Azərbaycanın, mənim yaratdığım əsərdir. Bunları sizə hədiyyə verirəm, Şövkət Dəmirəl prezident Heydər

Əliyevə dərin minnətdarlığını bildirərək dedi: Cənab prezident, çox təşəkkür edirəm. Bunların hamısı bizim muzeyimiz üçün çox qiymətli əsərlərdir.

Sonra Azərbaycan prezidenti Heydər Əliyev və Türkiyə prezidenti Süleyman Dəmirəl \"Ülkü\" orta məktəbinin təntənəli açılışı mərasimində iştirak etdilər.

Heydər Əliyev məktəbin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Respublikamızın rəhbəri məktəbə xatirə hədiyyəsi təqdim etdi və dedi:

\"Əziz uşaqlar, bu məktəbin sahibləri! Mən Azərbaycan rəssamının bu əsərini - Azərbaycanın mənzərəsini əks etdirən bu əsəri sizin məktəbə hədiyyə edirəm. İnanıram ki, Azərbaycanla olan əlaqələr daha da artacaqdır. Uğurlu olsun! \"

Həmin gün Azərbaycanın və Türkiyənin dövlət başçıları Süleyman Dəmirəl adına \"Mədəniyyət və konqres mərkəzi\" nin açılışımünasibətilə keçirilən təntənəli mərasimdə də iştirak etdilər. Azərbaycan prezidenti Heydər Əliyevin və Türkiyə prezidenti Süleyman Dəmirəlin gəlişi buraya toplaşan on minlərlə insan tərəfindən gurultulu, sürəkli alqışlarla qarşılandı. Dövlətimizin başçısına gül-çiçək dəstələri təqdim olundu. Təntənəli mərasimi İspartanın valisi Xəlil İbrahim Daşöz açdı. Türkiyə prezidenti Süleyman Dəmirəl mərasimdə çıxış etdi. Hər iki dost ölkənin prezidentlərinə xatirə hədiyyələri təqdim olundu.

Sonra Azərbaycan prezidenti Heydər Əliyev və Türkiyə prezidenti Süleyman Dəmirəl mərkəzin açılışını bildirən lenti kəsdilər, mərkəzlə yaxından tanış oldular və xatirə şəkli çəkdirdilər.

* * *

Noyabrın 28-də Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət başçıları Süleyman Dəmirəl adına Universitetə gəldilər. Ali təhsil ocağının professor-müəllim heyəti, tələbələri prezıdentləri gurultulu, sürəkli alqışlarla qarşıladılar, onlara gül-çiçək dəstələri təqdim etdilər.

Sonra universitetin Araşdırma və Tədqiqat xəstəxanasının təməlinin qoyulması mərasimi oldu.

* * *

Sonra Süleyman Dəmirəl adına Universitetin mədəniyyət mərkəzində Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Rauf Denktaşa bu ali təhsil ocağının fəxri doktoru adının verilməsinə həsr edilmiş təntənəli mərasim oldu. Dövlətimizin başçısının tərcümeyi-halı və ona fəxri doktor adının verilməsinə dair qərarın mətni oxundu. Prezident Heydər Əliyevə fəxri doktorluq haqqında diplom və Mustafa Kamal Atatürkün portreti təqdim olundu. Dövlətimizin başçısı fəxri doktora məxsus mantonu geyindi. Azərbaycan prezidenti Heydər Əliyev təntənəli mərasimdə nitq söylədi. Türkiyə prezidenti Süleyman Dəmirəl mərasimdə nitq söylədi və xəstəxananın təməlinin qoyulmasına xeyir-duasını verdi

Respublikamızın rəhbəri universitetin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:

\"Süleyman Dəmirəl Universitetinə yeni uğurlar arzulayıram.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev,

28 noyabr 1999-cu il\"