Pasxa bayramı münasibətilə respublikanın pravoslav xristianlarına təbrik - 15 aprel 1996-cı il

Əziz həmvətənlər!

Sizi müqəddəs dini bayram - Pasxa münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik, şəxsi həyatınızda nailiyyətlər arzulayıram.

Tarixən Azərbaycanda dünya dinləri dinc yanaşı və qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərmişlər. Azərbaycan dövləti bu gün də öz ənənələrinə sadiqdir. Vicdan azadlığı, dini etiqad sərbəstliyi cəmiyyətimizin mənəvi sərvətlərindəndir. Müstəqil, demokratik respublikamızda bütün konfessiyalar cəmiyyətdə əxlaqi dəyərlərin, əmin-amanlığın, dostluğun və vətəndaş həmrəyliyinin bərqərar olması, insanların ilahi kəlama tapınması üçün öz nəcib vəzifələrini həyata keçirirlər. Bu işdə rus pravoslav kilsəsinin də layiqli xidməti vardır.

Qoy bu bayram Azərbaycanda yaşayan bütün xalqları bir-birinə daha da yaxınlaşdırsın, hər birinizin evinə sevinc, şadlıq və bərəkət gətirsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti