Azərbaycan kinematoqrafçilarinin VIII qurultayina- 15 dekabr 1995-ci il

Hörmətli qurultay nümayəndələri!

Azərbaycan kinematoqrafiyası tarixində əlamətdar gün – VIII qurultayın açılışı münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm. Dünya şöhrətli Azərbaycan kinosu bu gün ağır çağlarını yaşayır. Ermənistanın hərbi təcavüzünə məruz qalan ölkəmizin mədəniyyət və incəsənət işçiləri, eləcə də kinematoqrafçılarımız çətin iqtisadi şəraitdə yaşayıb-yaradırlar. Lakin taleyin bu sınaqlarına mətanətlə dözən sənət fədailəri var qüvvələrini əsirgəmir, yeni əsərlər yaradaraq mədəniyyətimizi inkişaf etdirirlər. Bu yaxınlarda kinematoqrafiyanın vətəni sayılan Fransanın Nant şəhərində Azərbaycan kinosuna retrospektiv baxışın keçirilməsi və bu beynəlxalq kinofestivalda əldə edilən nailiyyət bunu bir daha sübut edir.

Möhtərəm kinematoqrafçılar! Əmin olmaq istəyirəm ki, sizin tükənməz ilhamınız və gərgin əməyiniz sayəsində Azərbaycan kinematoqrafiyasının sabahı daha işıqlı və parlaq olacaq, milli ənənələrimizdən bəhrələnən kino sənətimiz dünya mədəniyyətində özünəlayiq yer tutacaqdır.

Bu yolda sizə yeni-yeni uğurlar arzulayıram 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti