Əziz dostlar!
Əziz müsabiqə iştirakçıları, müsabiqənin qalibləri!
Mən sizi Azərbaycanda son aylarda keçirilmiş müsabiqə münasibətilə və müsabiqədə əldə etdiyiniz dəyərli nailiyyətlər münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanda əlillər dövlətin, cəmiyyətin daim qayğısı ilə əhatə olunublar. Bugünkü qeyri-adi gözəl mərasim də məhz bunu əyani surətdə sübut edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda son aylar əlillərin istedadlarını araşdırmaq və yüksək istedadlıları cəmiyyətə təqdim etmək üçün keçirilmiş müsabiqəni, festivalı mən ölkəmizdə baş vermiş əlamətdar bir hadisə kimi qiymətləndirirəm. Bu təşəbbüs həqiqətən çox təqdirəlayiq təşəbbüsdür və bunların nəticəsində biz, Azərbaycan ictimaiyyəti bir daha görürük ki, əlillərə nə qədər böyük qayğı vardır və onların bu problemləri ilə məşğul olaraq, eyni zamanda onların istedadlarının inkişaf etməsi üçün də imkanlar yaradılır.
Bu gün bizə təqdim olunan incəsənət nümunələri bizi həddindən artıq sevindirdi, heyran etdi, həyəcanlandırdı. Bu gün bu səhnədən çıxış edənlər özlərinin yüksək istedadlarını nümayiş etdirdilər. Eyni zamanda onlar böyük iradəyə malik olduqlarını nümayiş etdirdilər. Bugünkü tamaşa insanın nə qədər böyük imkanlara malik olduğunu bir daha bizə göstərdi. Bizi sevindirən odur ki, fiziki cəhətdən qüsuru, çatışmazlığı olan insanlar nikbin yaşayırlar və öz iradələrinə söykənərək istedadlarını inkişaf etdirirlər və hətta ölkənin festivallarında, müsabiqələrdə çıxış edərək onları ictimaiyyətə nümayiş etdirirlər. Bu, insanın ən gözəl xüsusiyyətlərindən biridir. Bu, insanın nə qədər yüksək mənəviyyata, nə qədər yüksək gücə, nə qədər yüksək iradəyə malik olduğunu bir daha göstərir. Biz bu halları qiymətləndirməliyik və hər bir insanın cəmiyyətdə özünün daxilində olan imkanlardan istifadə etməsi üçün, öz istedadını nümayiş etdirməsi üçün ona şərait yaratmalıyıq.
Mən məmnuniyyətlə deyə bilərəm ki, son illər Azərbaycanda bu işlər dövlət orqanları tərəfindən, cəmiyyət tərəfindən görülür və bunların hamısı bir daha onu göstərir ki, Azərbaycanda hər bir insana qayğı vardır. Xüsusən, vətənini, torpağını, ölkəsinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qoruyarkən əlil olmuş, şikəst olmuş insanlara qayğı daha da çoxdur. Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycanın dövləti, Azərbaycanın hökuməti, Azərbaycanın bütün dövlət xidmət orqanları əlillərə, şikəstlərə və xüsusən döyüşlərdə əlil olmuş insanlara bundan sonra da bütün qayğıları göstərəcəklər, əllərindən gələni əsirgəməyəcəklər.
Bugünkü mərasim çox böyük əhəmiyyət kəsb edir. Güman edirəm ki, bu, bizim cəmiyyətdə olan insanların hamısına müsbət təsir göstərəcək və insanlarda daha da yaşamaq eşqi, yaratmaq eşqi nümayiş etdirəcəkdir.
Bəli, insan çox şeyə qadirdir. İnsan nikbin olmalıdır. İnsan nə qədər çətinliklərlə rastlaşsa da, öz istedadını, öz biliyini, öz bacarığını cəmiyyətə təqdim etməlidir, cəmiyyətə, ölkəsinə həsr etməlidir. Bu gün möhtəşəm salonda, bu teatr səhnəsində böyük məharətlə öz istedadlarını nümayiş etdirən insanlar məhz belə insanlardır. Mən onları ürəkdən təbrik edirəm və onlara, bütün müsabiqədə iştirak edənlərə cansağlığı, səadət arzulayıram. Qarşıdan gələn beynəlxalq əlillər günü münasibətilə bütün əlilləri təbrik edirəm. Bir daha bəyan edirəm ki, Azərbaycanda hər bir vətəndaş dövlətin qayğısı altındadır və xüsusən əlillik ömrü keçirən, yaşayan vətəndaş dövlətin qayğısı altındadır.
Hamınıza cansağlığı arzu edirəm və bütün Azərbaycan vətəndaşlarını yanında olan insana, qonşusuna, dostuna və xüsusən çətinlik içərisində yaşayan insana, fiziki məhrumiyyətlərə məruz qalmış insana əl uzatmağa dəvət edirəm. kömək etməyə dəvət edirəm. Bizim dövlətimiz bu prinsiplər əsasında yaşayır, işləyir və bu prinsiplər əsasında işləyəcəkdir. Bu mənim şəxsi həyatımın və həyat fəaliyyətimin ən əsas xüsusiyyətlərindən biridir.
Ona görə də mən bu dəvəti məmnuniyyətlə qəbul etdim və güman edirəm, sizin hamınızın fikrini ifadə edərək deyə bilərəm ki, biz hamımız bugünkü konsertdən, bu mərasimdən yüksək zövq aldıq. Burada çıxış edən insanlar həqiqətən gözəl incəsənət nümunələri göstərdilər, özlərinin gözəl qabiliyyətlərini nümayiş etdirdilər, gözəl istedadlarını nümayiş etdirdilər. Mən bundan çox məmnunam və bu hissiyyatlarla, bu arzularla da sizin hamınızı, xüsusən bu gün bizi sevindirənləri ürəkdən bir daha təbrik edirəm. Çox sağ olun.