Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Salyan və Biləsuvar rayonlarının sakinləri ilə, qaçqınlar və məcburi köçkünlərlə görüşdə mərasim iştirakçıları qarşısında çıxışı - 19 mart 1999-cu il

Əziz dostlar, bacılar, qardaşlar!

Mən çox şadam ki, bu gün bizim hamımıza, xüsusən mənə belə bir toy mərasimində iştirak etmək qismət oldu. Təbiidir ki, bu toy gənclərin yeni həyata başlaması ilə baglıdır. Eyni zamanda bu toy salonda oturanların, düşünürəm ki, təkcə onların yox, bütün bu çadır şəhərciyində olanların hamısının bayramına, şadlığına çevrildi. Belə bir xoş günə görə sizə və bizim gənclərə təşəkkürümü bildirirəm.

Gənclər yeni həyat yoluna başlayırlar. Bir daha onlara xoşbəxt həyat, ailə səadəti, uğurlu yol arzulayıram. Gənclərin valideynlərini, qohum-əqrəbalarını bu şad gün münasibətilə təbrik edirəm. Sizin hamınızı təbrik edirəm. Bu gün Füzuli və Cəbrayıl rayonlarının bu gənclərinin ailə qurması, güman edirəm ki, hamı üçün böyük sevinc gətirir.

Eyni zamanda toy mərasimi bu şəhərcikdə yeni bir xoş əhval-ruhiyyə yaradır. Arzu edirəm ki, belə şad günlər burada çox olsun, qəm-qüssə az olsun.

Bu son beş ay müddətində, oktyabr ayından indiyə qədər biz burada və başqa çadır şəhərciklərində əlavə tədbirlər görmüsük. Bundan sonra da görəcəyik. Bilirsiniz, biz burada və başqa yerlərdə böyük evlər sala bilərik ki, siz bu evlərdə yaşayasınız, daha da rahat olasınız. Amma bu sizə də lazım deyil, bizə də. Çünki hamımızın vəzifəsi sizin öz torpaqlarınıza qayıtmağınızdır. Bunun üçün də hamımızın birlikdə vəzifəsi işğal olunmuş torpaqların hamısının azad edilməsidir. Ona görə də siz belə əzab-əziyyətə dözürsünüz. Biz də dözürük, hamımız bir yerdə dözürük. Bu dərd, əzab-əziyyət, yerindən-yurdundan didərgin düşmək aqibəti təkcə sizin üçün deyil, bütün Azərbaycan xalqı üçündür, bizim üçündür, mənim üçündür. Ona görə də biz hamımız bir tərəfdən daha da dözümlü olmalıyıq. Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi üçün daha da gərgin iş aparmalıyıq.

Əmin ola bilərsiniz ki, biz bu işlərlə məşğuluq. Mən burada bir daha bəyan edirəm ki, iş günümün əksər hissəsi Ermənistan-Azərbaycan münaqişəsinin, yəni Ermənistanın Azərbaycana təcavüzünün ləğv olunmasına yönəldilibdir. Bu barədə çox iş görürük. Görülən hər işi, tədbiri elan etmayə ehtiyac yoxdur. Ancaq çox iş görülür, bütün imkanlardan istifadə edilir.

İki ay öncə mən Minsk qrupunun həmsədləri olan Rusiya prezidentinə, Amerika Birləşmiş Ştatları prezidentinə, Fransa prezidentinə çox geniş məktub göndərmişəm, məsələnin indiyə qədər həll olunmamasını bir daha bilidirmişəm. Bugünkü vəziyyəti ətraflı təhlil edib müraciət etmişəm ki, onlar öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Yəni onlar, ATƏT tərəfindən Minsk qrupunun həmsədrləri kimi üç böyük ölkə bu münaqişəni, məsələni həll etməlidirlər. Bunun da birinci nəticəsi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası olmalıdır.

Başqa tədbirlər də görmüşük və görürük. Bu gün də, gələcəkdə də bu barədə ciddi addımlar atacağıq. Yəni bildirmək istəyirəm ki, bu məsələni həll etməyənə qədər biz öz vəzifəmizi bitmiş hesab edə bilmərik. Ona görə siz də, biz də dözməliyik ki, məsələni həll edə bilək. Ancaq mən əminəm, inanıram, - çünki bu işin içindəyəm, - biz məsələni sülh yolu ilə mütləq həll edəcəyik. Başqa yollar da var, onlar da məlumdur. Onların heç birisi bizim üçün mümkünsüz deyil, hər bir yoldan istifadə edib məsələni həll edə bilərik. Ancaq indi səylərimizi məsələnin sülh yolu ilə həll olunmasına yönəltmişik və mən bunun müsbət nəticəsinə inanıram.

Beləliklə, siz dözməlisiniz, biz sizə daha çox qayğı, diqqət göstərməli, daha çox yardım etməliyik. Beləliklə, hamımız birlikdə bu vəziyyətdən çıxacağıq.

Mən yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşlarına, soydaşlarımıza təşəkkür edirəm, minnətdaram. Çünki siz hamınız böyük çətinliklər içərisində yaşayaraq çox təmkin göstərirsiniz. Belə bir çətin şəraitdə yaşayaraq daim Azərbaycan dovlətinə, onun siyasətinə, Azərbaycanın prezidentinə etimadınızı, inamınızı göstərirsiniz. Mən bunlara görə təşəkkür edirəm və daim minnətdaram.

İşğal olunmuş torpaqlardan didərgin düşmüş soydaşlarımız keçən ilin oktyabr ayında Azərbaycanda prezident seçkilərində də özlərinin qətiyyətliliyi, mütəşəkkilliyi ilə bu seçkilərin uğurla keçirilməsini təmin etdilər və Heydər Əliyevə səs verib onu prezident seçdilər. Mənim üçün, yəni prezident seçilməyim üçün hər bir seçicinin səsi qiymətlidir. Ancaq sizin səsiniz, bu ağır şəraitdə, çadırlarda yaşayan insanların səsi mənim üçün hədsiz qiymətlidir. Mən sizə olan məhəbbətimi daim bildirirəm və məmnunam ki, siz də bu hislərimi anlayır, duyursunuz və həmişə məni dəstəkləyirsiniz, mənə etimad göstərirsiniz. Mən həmişə sizinləyəm. Bu gün də sizinləyəm, sabah da, gələcəkdə də sizinlə olacağam. İnanıram ki, işğal edilmiş torpaqlar azad olan zaman biz sizinlə Cəbrayılda da, Füzulidə də, Zəngilanda da, Qubadlıda da, Ağdamda da, Kəlbəcərdə də, Laçında da, Şuşada da, bütün rayonlarda, Azərbaycan torpağı olan Dağlıq Qarabağda da görüşəcəyik.

Mən sizə bir daha cansağlığı arzulayıram. Novruz bayramı münasibətilə sizi bir daha təbrik edir, hər birinizə səadət, işlərinizdə uğur arzulayıram.

İndi isə musiqiçilər yaxşı, ürəyəyatan bir hava çalsınlar, mən yeni ailə quran gənclərlə və onların ailə üzvləri ilə rəqs edib sizi tərk edəcəyəm.