"Qafqazda sülh naminə əməkdaşlıq" mövzusunda beynəlxalq konfransa - 17 iyul 2002-ci il

Hörmətli konfrans iştirakçıları!

Sizi - qardaş Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi salamlayır, hamınıza sülh, cansağlığı, səadət və xoşbəxtlik arzulayıram.

Gürcü Pravoslav Kilsəsi, Qafqaz Müsəlmanları İdarəsi və Gürcüstanın Etnik və Konfessional Əlaqələr Mərkəzi tərəfindən Tbilisi Dövlət Universiteti ilə birlikdə belə bir konfransın keçirilməsi faktı öz-özlüyündə çox yüksək qiymətə layiqdir. Din və elm xadimlərinin, müxtəlif konfessiya və xalqların nümayəndələrinin belə səmərəli əməkdaşlığı, şübhəsiz ki, dinlərin və mədəniyyətlərin dialoqunda yeni uğurların qazanılmasına xidmət edəcəkdir.

Məlumdur ki, Qafqaz öz coğrafi-siyasi mövqeyinə, dini, etnik və dil mənzərəsinin rəngarəngliyinə görə dünyanın nadir guşələrindən biridir. Məhz burada, Avropa ilə Asiyanın qovuşuğunda uzun əsrlər boyu təşəkkül tapmış dialoq və qarşılıqlı anlaşma mühiti dini və mənəvi dəyərlərin nadir sisteminin yaranmasına gətirib çıxarmış, tarixə Qafqaz mədəniyyəti kimi daxil olmuş belə nadir bir fenomeni formalaşdırmışdır. Bu, fenomeni səciyyələndirən yüksək etnik və dini tolerantlıq, qarşılıqlı ehtiram və mehriban qonşuluq ənənələri, milli və ümumbəşəri dəyərlərin ahəngdar birləşməsi, sözsüz ki, konfransınızın uğurlu işini şərtləndirən amillərdəndir.

Bu gün dövlətlərimiz keçid dövründə bütün postsovet respublikalarına xas olan bir çox siyasi, sosial, iqtisadi və mədəni problemlərlə üzləşirlər. Təəssüflə qeyd etmək lazımdır ki, bu problemlərin həll olunması burada mürəkkəb münaqişələrin mövcud olması ilə daha da çətinləşir. Bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasında maraqlı olmayan müxtəlif dağıdıcı qüvvələr milli və dini ədavət toxumları səpir, qarşıdurma ocaqlarının saxlanılması üçün hər cür çirkin vasitələrə əl atırlar. Qafqazda sülhə və əmin-amanlığa təhlükə törədən bütün əməllərin qarşısının alınması hamımızdan sülh naminə daha sıx əməkdaşlıq tələb edir. İnanıram ki, konfransınız Ümumqafqaz evimizdə sülhün, sabitliyin və inkişafın əldə edilməsi yolunda mühüm bir addım olacaqdır.

Qoy Ulu Tanrı bölgəmizdə sülhün və əmin-amanlığın bərqərar olmasına, bütün Qafqaz xalqları üçün layiqli həyatın təmin olunmasına yönəldilmiş nəcib fəaliyyətinizdə sizə kömək etsin.

Sizə uğurlar diləyirəm.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.