\"Gəncə Gil-Torpaq İstehsalat Birliyində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi\" (Gəncə, 26 may 2000-ci il) sənədinə tarixi arayış

26 may 2000-ci ildə Gəncəyə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün burada şəhərin ən iri sənaye müəssisələrindən olan Gəncə Gil-Torpaq İstehsalat Birliyində olub, zavodun kollektivi ilə görüşüb.

1955-ci ildə keçmiş SSRİ Nazirlər Kabinetinin qərarı ilə tikilməsinə başlanılan Gəncə Gil-Torpaq İstehsalat Birliyinin tikintisi 1970-ci illərin əvvəllərinə qədər davam edib. Müəssisənin istifadəyə verilməsinə əsas səbəb Daşkəsəndə keçən əsrin 50-ci illərinin əvvəllərində zəngin alunit yataqlarının tapılması olub. Mütəxəssislərin hesablamalarına görə burada 130 milyon tondan çox alunit ehtiyatı var. 1976-cı ildə Gəncə Alüminium zavodu kimi istifadəyə verilən müəssisə kükürd, sulfat turşusu, tikinti materialları və kənd təsərrüfatında istifadə olunan kalium gübrələrinin istehsalı ilə məşğul olub. 1986-cı ildə boksit istehsalı sahəsinin istismara verilməsi ilə istehsal müəssisəsinin potensial imkanları daha da genişləndirilib. (http://www.ganca.net/)

Qeyd etmək lazımdır ki, alunit istehsalı üzrə ilk texnologiya keçmiş SSRİ məkanında Azərbaycanda tətbiq edilməyə başlayıb.

Müəssisə Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə təsərrüfat əlaqələrinin qırılması ilə bir neçə il fəaliyyətsiz qalıb. 1996-cı ildən başlayaraq Azərbaycan iqtisadiyyatında baş verən canlanma nəticəsində uzun illər köhnə texnologiya əsasında fəaliyyət göstərdiyinə görə ətraf mühiti normadan artıq çirkləndirən müəssisə yeni dövrün tələblərinə uyğunlaşdırılaraq yenidən fəaliyyətə başlayıb.

26 may 2000-ci ildə Birliyə gələn Azərbaycan Prezidentinə məlumat verilib ki, burada 2600 ixtisaslı fəhlə və qulluqçu, mütəxəssis çalışır. Müəssisə gündə 500 ton gil-torpaq istehsal edərək ayda 30 min ton boksit emal etmək imkanına malikdir. İldə 25-30 min zəy istehsal edən Birliyin məhsulları nəinki daxili, eyni zamanda xarici bazarda, xüsusən Rusiyada satılır. (http://www.azerbaijan.news.az/)

Keçən əsrin 80-ci illərinin sonlarında müəssisə ildə 450 min ton alüminium oksidantları, o cümlədən, 300 min ton boksit və 150 min ton alunit istehsalı gücünə malik olub. Həmçinin həmin illərdə müəssisə bu məhsullardan 390 min ton sulfat turşusu və 103 min ton kalium sulfat istehsal edib. Müxtəlif zamanlarda 2000-dən 3000-dək işçi işləyən bu müəssisə indiki dövrdə öz tədarükçüləri və istehlakçıları ilə əlaqələrini itirdiyindən istehsal gücünü yalnız 5-10% istifadə edir. (http://www.ganca.net/)

Gəncə Gil-Torpaq İstehsalat Birliyi 2007-2009-cu illərdə atmosferə atılan tozların və qazların miqdarının azaldılması istiqamətində çalışmağa başlayıb. Sözügedən tədbirlər ötən il ölkə başçısı İlham Əliyevin Azərbaycanda ətraf mühitə vurulan zərərlərin aradan qaldırılması istiqamətində 2006-2010-cu illərdə tədbirlər planı ilə bağlı sərəncamına əsasən həyata keçirilir. (http://www.apa.az/)

Gəncə Gil-Torpaq İstehsalat Birliyinin kollektivi qarşısında nitq söyləyən Azərbaycan Prezidenti yaxın illərdə bütün Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksələcəyinə əmin olduğunu qeyd edib. O, öz çıxışında istehsal müəssisəsinin ətraf mühitə vura biləcəyi ziyanın vaxtında qarşısının alınmasının yeni texnologiyalardan istifadəyə söykəndiyini bildirərək deyib: \"Ekologiya məsələləri bir daha ciddi qoyulmalıdır. Bu da birinci növbədə burada işləyən insanların sağlamlığı, sizin sağlamlığınız üçündür. Ekologiya tələbləri nə qədər yüksək olsa, siz - burada işləyən adamlar da sağlamlığınızı bir o qədər qoruya biləcəksiniz. Ona görə də biz bu məsələlərlə məşğul oluruq və olacağıq\". 

Tarixi arayış 5 mart 2008-ci ildə yeniləşdirilib.