Azərbaycan Prezidenti Heydər Əliyevin İsveçrədən Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarına cavabı - 30 yanvar 2000-ci il

Sual: Cənab prezident, səfərinizin yekunları haqqında məlumat verməyinizi xahiş edirik.

Cavab:  Bu səfərim o qədər zəngin olubdur ki, onun haqqında qısa bir zamanda məlumat vermək mümkün deyildir. Yəqin ki, televiziya, radio, mətbuat vasitəsilə hər şeyi biləcəksiniz.

Bilirsiniz ki, mənim bütün səfərlərim haqqında məlumatın hamısı açıq-aydın mətbuatda verilir. Onu deyə bilərəm ki, çox səmərəli bir səfərdir. Davos forumu beynəlxalq iqtisadi forumdur. 30 ildir ki, bu forum davam edir, ildə bir dəfə keçirilir. Həm çox ölkələrin dövlət başçıları, hökumət başçıları, həm də çox iş adamları gəlirlər. Orada həm cari iqtisadi məsələlər, gələcək məsələlər müzakirə olunur, həm də ki, təbiidir, insanlar bir-biri ilə görüşürlər. Bu, böyük imkandır. Yəni dövlət, hökumət başçıları, yaxud xarici işlər nazirləri müəyyən görüşlər keçirib öz məsələlərini müzakirə edirlər. Bir də ki, dünyanın çoxlu iş adamları, məsələn, Yaponiyadan tutmuş Amerikaya qədər, hətta Latın Amerikasından, Cənubi Amerikasından adamlar var idi. Forum bizim üçün də səmərəli, əhəmiyyətlidir. Çünki orada xüsusi bir bölmə var idi, adını bir az qəribə qoymuşdular: \"Böyük İpək yolu - böyük oyundur\". Amma əsas məsələ ondan ibarət idi ki, bu İpək yolu doğrudan da realdır, nə cürdür, nə təhərdir.

Orada Qafqaz respublikalarından ikisinin - Azərbaycanın, Ermənistanın prezidentləri, habelə Qırğızıstanın prezidenti var idi. Türkiyə xarici işlər naziri ilə təmsil olunurdu. Qazaxıstandan Baş nazir gəlmişdi, prezident yox idi. İrandan da xarici işlər naziri gəlmişdi.

Çox səmərəli görüş keçdi. Bu, həm İpək yolu haqqında, həm Xəzər hövzəsi haqqında, həm də Bakı-Ceyhan boru kəməri barədə Azərbaycanın mövqelərini bildirməyə imkan yaratdı. Eyni zamanda suallara cavab verərək imkan oldu ki, Ermənistan-Azərbaycan münaqişəsi haqqında fikirlərimizi, vəziyyəti geniş kütləyə çatdıraq. Mən bunu çox uğurlu hesab edirəm.

Ən böyük, maraqlı tədbir dünən Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonun gəlməsi, orada böyük bir salonda onun çıxışı idi. Çıxış çox məzmunlu idi: dünyanın bu günü və gələcəyi haqqında. Ümumiyyətlə, bu forumun ən əsas məzmunu, yəni onun ana xətti dünyanın qloballaşması barədə idi. Klintonun da çıxışı əsasən buna həsr olunmuşdu. Mən hesab edirəm ki, çox dəyərli fikirlər irəli sürdü. Həm məzmunca, həm mənaca, həm də formaca çox cəlbedici bir çıxış oldu. Televiziya ilə də birbaşa translyasiya gedirdi - Si-En-En, başqaları verirdi.

Ola bilər, sizlərdən də kimsə görübdür. İndi onun çıxışının məzmununu danışmaq mümkün deyil. Hər halda, bizim mətbuatda da onun müəyyən bir hissəsi veriləcək. Yəqin ki, hamısını vermək çətindir, amma müəyyən bir hissəsi veriləcəkdir. Gələcəkdə, kimin imkanı varsa, hər halda, tanış olsa yaxşı olar - dünyanın problemlərinə aiddir.

İkitərəfli görüşlər çox oldu. Ermənistan prezidenti Koçaryanla növbəti dəfə görüşdüm, danışıqları davam etdirdik. Danışıqlar hələ gedir. Hər iki tərəf kompromislər haqqında danışıqlar aparırdı. Ancaq belə qərara gəldik ki, danışıq prosesi davam etməlidir və məsələnin hər iki tərəf üçün məqbul, sülh yolu ilə həllinə nail olmalıyıq.

Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri xanım Olbrayt öz nümayəndə heyəti ilə, mən də xarici işlər naziri və nümayəndə heyətinə daxil olan başqa adamlarla birgə görüşdük. Bu görüşdə birinci yerdə yenə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması məsələsi dururdu. Hesab edirəm, çox əhəmiyyətli, maraqlı görüş idi. Bəli, Amerika Birləşmiş Ştatlarının hökuməti çox həvəslidir ki, məsələni sülh yolu ilə tezliklə həll edək.

Bir çox başqa dövlət, hökumət başçıları ilə görüşlərim oldu. Onların hamısını burada sadalamaq istəmirəm, mətbuatda veriləcəkdir. Bütün görüşlərdə hamı, hətta, məsələn, İsveçrə Konfederasiyasının prezidenti, yaxud da İordaniyanın kralı bu məsələ barəsində məlumat almaq istəyirdi. Bəzən görürsən ki, məsələn, məlumat qıtlığı var, məlumatı yoxdur, ona görə də verilən məlumat maraq doğurur. Mən ikitərəfli çox görüşlər keçirmişəm, hamı belə fikirdədir ki, məsələ sülh yolu ilə həll olunmalıdır. Hamı da arzu edir ki, tezliklə həll olunsun, çünki bunun həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Çünki Qafqaz, Mərkəzi Asiya indi dünyada çox böyük maraq dairəsi olduğu üçün Qafqazda, xüsusən Cənubi Qafqazda sülh yaranmasında hamı maraqlıdır.

Bir neçə iş adamları, xüsusən bizimlə əməkdaşlıq edən neft şirkətlərinin prezidentləri ilə görüşlər oldu. Onlarla bugünkü və gələcək işlərimiz haqqında danışdıq. Mən bu görüşlərdən çox məmnunam. Ümumiyyətlə, bu forumda Azərbaycanın iştirak etməsindən çox məmnunam. Beş il bundan öncə, 1995-ci ildə bir dəfə bu forumda olmuşdum. Bu, ikinci dəfədir. Amma bəziləri hər il gəlir, ya da bir il gəlir, bir il gəlmirlər. Ancaq deyə bilərəm ki, bu, indiyə qədər keçirilən forumlardan məzmunca və səviyyəcə daha da yüksək idi. Ona görə də bu səfəri uğurlu hesab edirəm.

Sual: Cənab prezident, İsveçrənin \"Frank müller\" və \"Andre qrup\" şirkətləri Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində iqtisadi layihə həyata keçirmək fikrindədir. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi İsveçrənin Xarici İşlər Nazirliyinə nota göndərilibdir. İsveçrə nümayəndələri ilə görüşünüzdə bu məsələyə toxunuldumu?

Cavab:  Bəli, biz bu məlumatı almışıq və bizim Xarici İşlər Nazirliyi nota göndəribdir. Mən bu barədə İsveçrənin prezidenti ilə ətraflı danışdım. O dedi ki, mən bunu bilmirdim. Çox da mütəəssir oldu. Eyni zamanda İsveçrənin maliyyə naziri mənimlə ayrıca görüşdü. O, mənimlə görüşməyi xahiş etmişdi, müəyyən məsələləri var idi. Ona da dedim, çox qəti dedim ki, bunların qarşısı alınmalıdır. Çünki ikisi də həmin problemlə çox maraqlanırdı və mən onlara geniş məlumat verəndən sonra, xəritədə hər şeyi göstərəndən sonra axırda dedim ki, görürsünüz, siz maraqlanırsınız, istəyirsiniz ki, məsələ həll olunsun.

Məsələn, 1996-cı ildə Lissabon sammitində - o zaman İsveçrə ATƏT-in sədri idi - İsveçrənin xarici İşlər naziri Flavio Kotti çox dəyərli iş gördü, biz Lissabon sammitinin sənədini əldə edə bildik. Mən dedim ki, o vaxt siz bizə kömək etmisiniz və onlara təşəkkür etdim. Amma indi belə bir hal var. Onlar - həm prezident, həm də maliyyə naziri dedilər ki, biz bunu bilmirik, ancaq lazımi tədbir görüləcəkdir.

Sual: Cənab prezident, Amerika hökuməti dəfələrlə öz narahatlığını bildirib ki, Çeçenistandakı münaqişə Azərbaycana və Gürcüstana keçə bilər. Prezident Klintonla Sizin görüşünüz olub, bu barədə nə deyə bilərsiniz?

Cavab:  Prezident Klintonla görüşlərim oldu, bu barədə danışıqlar olmadı. Amma bu məsələ ilə maraqlananlar çoxdur. Xanım Olbraytla bu barədə ətraflı danışdıq. Çünki Klintonla bu barədə danışmağa ehtiyac olmadı. Ancaq Klinton orada öz çıxışında ümumiyyətlə, Çeçenistandakı işlər haqqında Rusiyadan narazılığını bildirdi.

Amma Rusiya Azərbaycanı Çeçenistana yardım etməkdə günahlandırır, bunun əsasında indi Rusiya mətbuatında anti-Azərbaycan təbliğatı gedir - mən bunu keçən dəfə demişdim, Moskvada kəskin qoymuşdum. Rusiyada prezident səlahiyyətlərini həyata keçirən Putinlə çox ciddi danışığımız oldu. Amma o, mənə dəfələrlə dedi ki, bu, bizim dövlətimizin siyasəti deyildir. Azərbaycanın müdafiə naziri Rusiyanın müdafiə nazirinin məktubuna rəsmi, kəskin cavab vermişdir.

Bildirmişik ki, bunlar hamısı yalandır. Mən Moskvada olanda Putinə də dedim ki, göndərin, istəyirsiniz nümayəndə heyətiniz 10 nəfər olsun, 20 nəfər olsun, 50 nəfər olsun - gəlin, Azərbaycanın hər yerinə baxın. Biz heç bir yardım filan etmirik. Hər halda sizə məlumdur ki, Amerika hökuməti Rusiyaya bu barədə - Azərbaycan və Gürcüstan haqqında xəbərdarlıq edibdir. Ona görə artıq bu barədə danışmağa ehtiyac yoxdur.

Sual: Cənab prezident, Qafqazda təhlükəsizlik paktı ilə bağlı müzakirələriniz oldumu? Digər ölkələr buna necə münasibət bəsləyirlər?

Cavab:  Bilirsiniz, indi bu mövzu çox aktual, loru dillə desək, çox dəbdə olan mövzu olubdur. Bununla çox maraqlandılar, hamı buna həvəs göstərir. Yəni indi bütün mövzular içərisində bu mövzu - bilirsiniz ki, mən Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktı yaranması haqqında İstanbulda təklif vermişdim - barədə çox danışır, çox böyük maraq göstərir və çox da istəyirlər. Aparılan ikitərəfli danışıqlarda da bu barədə çox deyildi. Onların hamısına deyirəm ki, mən İstanbulda bu təklifi irəli sürmüşəm, ancaq eyni zamanda o vaxt da demişəm və indi də deyirəm: əgər Ermənistanla Azərbaycan arasında münaqişə həll olunmasa, Ermənistanla Azərbaycan arasında sülh yaranmasa, təhlükəsizlik paktından heç də söhbət gedə bilməz.

Sual: Cənab prezident, Türkiyənin Baş naziri ilə görüşünüzdə hansı məsələlər müzakirə olunmuşdur?

Cavab: Bəli, Bülənd Ecevitlə görüş keçirdik. Elə bu məsələlər, dediyim məsələlər müzakirə edildi. Türkiyə ilə bizim aramızda elə bir problem yoxdur. Bilirsiniz ki, bundan öncə mən Türkiyədə olmuş, hamı ilə danışıqlar aparmışdım. Amma indi, bu dəqiqə bizim üçün ən aktual məsələ Ermənistan-Azərbaycan münaqişəsini həll etməkdir. Burada Türkiyə amili də var. Çünki Türkiyə bu işdə bilavasitə iştirak edir. Türkiyənin iştirakı olmadan... Məsələ, Ermənistan dəfələrlə deyib ki, məsələ həll olunarsa, Türkiyə sərhədləri açmalı və ticarət əlaqələrini, diplomatik əlaqələri qurmalıdır. Türkiyə də bəyan edir ki, əgər münaqişə sülh yolu ilə həll olunsa, Azərbaycanı işğal edilmiş torpaqları azad olsa, qaçqınlar yerinə qayıtsa, onda sərhədləri də, yolları da açacaqlar. Yəni Türkiyə bu prosesin iştirakçısıdır. Ona görə də hörmətli Bülənd Ecevitlə bizim danışıqlarımız əsasən bu məzmunda olubdur.

Sual: Cənab prezident, Siz İranın xarici işlər naziri Kamal Xərrazi ilə də görüşmüsünüz. Sizin İrana qarşıdakı səfəriniz barədə söhbət oldumu?

Cavab: Bəli, onlar çox istəyirlər ki, mən İrana gedim. Mən söz vermişəm. Mən onlara dedim ki, əvvəl bizim xarici işlər naziri oraya səfər etsin, ondan sonra mən. Hər halda, yaxın zamanda vaxtını təyin edəcəyik. Onlar da çox istəyirlər, mən də buna razılıq vermişəm. Mən İrana gedəcəyəm.

Sual: Cənab prezident, Siz dediniz ki, Dağlıq Qarabağ münaqişəsi barədə bəzi ölkələrin ətraflı məlumatı yox idi. Davos forumunda iş adamları da iştirak edirdilər. Bu söhbətlərdən sonra hiss etdinizmi ki, onların Azərbaycana marağı artdı?

Cavab: Bilirsiniz, bu söhbətlər təkbətək gedir. İş adamı nə bilir ki, mən Baş nazirlə hansı söhbəti aparıram? Amma iş adamları Azərbaycana çox böyük maraq göstərirlər, çox investisiya qoymaq istəyirlər. Ona görə mən orada iş adamlarının əlindən qaçırdım, - hamı mənimlə görüşmək istəyirdi, amma vaxtım yox idi. Ancaq kiminlə ki, lazım idi, onlarla görüşdüm.

Sağ olun.