Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məşhur rəssam və müğənni, Respublikanın xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun yaradıcılıq gecəsindən sonra konsertin ifaçıları ilə görüşdə çıxışı - Azərbaycan Dövlət Opera və Balet Teatrı, 12 may 1998-ci il

Mən sənin yaradıcılıq gecənin böyük müvəffəqiyyətlə keçməsini təbrik edirəm. Konsertindən çox məmnun oldum. Sənin ifanda tanınmış xarici ölkə və Azərbaycan bəstəkarlarının ariya və romansları səsləndi. Eyni zamanda həm istedadlı rəssam, həm də istedadlı müğənni olmaq fitri vergiyə malik insana xas cəhətdir. Sən bu gün gözəl oxudun, səni səmimi qəlbdən təbrik edirəm. Səni qırx ildir tanıyıram və sən hələ gənclik illərində özünü vokal sənətində də sınamısan.

Azərbaycan dövlət kamera orkestri çox xoşuma gəldi. Orkestr görkəmli Azərbaycan bəstəkarları Qara Qarayevin \"Yeddi gözəl\" baletindən valsı, Fikrət Əmirovun \"Nizami\" simfoniyasının ikinci hissəsini və \"Min bir gecə\" baletindən Mərcanın rəqsini ifa etdi. Mən bütün musiqiçilərdən razıyam və onlara təşəkkür edirəm. Sənə məşhur rəssam və müğənni kimi yeni yaradıcılıq uğurları arzulayıram. Sağ olun.

Böyük uğurla keçən gecənin sonunda sənin çox yüksək səviyyədə ifa etdiyin görkəmli bəstəkar Tofiq Quliyevin \"Sənə də qalmaz\" mahnısı məndə xoş təəssürat oyatdı.