Xalq artisti Nəsibə xanım Zeynalovaya - Bakı şəhəri, 20 aprel 1997-ci il

Hörmətli Nəsibə xanım!

Sizi - Azərbaycanın görkəmli səhnə ustasını anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Siz Milli Teatrımızın inkişafında böyük xidmətləri ilə seçilən nadir sənətkarlardansınız. Azərbaycanda aktyor sənətinin zəngin ənənələrini ləyaqətlə davam etdirən, teatr mədəniyyətimizdə yeni bir mərhələ olan yaradıcılığınız, səhnədə və kinoda bizə bəxş etdiyiniz rəngarəng, parlaq obrazlar Azərbaycanın komediya teatrı tarixinə əbədi daxil olmuşdur. Yüksək ifaçılıq məharəti ilə yaratdığınız müxtəlif xarakterli rollar öz səmimiliyi, xəlqiliyi və həyatiliyi ilə ürəkləri fəth edir, hər bir tamaşaçıda doğmalıq hissləri oyadır. İnsanın daxili aləmini ən xırda incəliklərinə qədər açmaq bacarığı, milli kolorit və zəngin səhnə təcrübəsi ilə səciyyələnən sənətiniz Sizə xalq arasında geniş şöhrət gətirmişdir. 60 illik səhnə həyatınız yeni nəsillər üçün sənətə sonsuz sədaqət və əsl fədakarlıq nümunəsidir. Sizin təmənnasız xidmətləriniz ayrı-ayrı dövrlərdə yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Ən qiymətli mükafatınız isə yaratdığınız duzlu, məzəli obrazlara vurğun olan milyonlarla tamaşaçının, bütün xalqımızın Sizə bəslədiyi dərin məhəbbət olmuşdur.

Azərbaycan komediya teatrını zənginləşdirmiş gərgin əməyinizə, fitri istedadınıza və sənətə vurğunluğunuza görə qədirbilən xalqımız adından Sizə böyük minnətdarlığımı bildirir, cansağlığı, xoşbəxtlik və işinizdə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.