Azərbaycan Respublikasının Xalq artisti Yuli Solomonoviç Qusmana - 4 avqust 2003-cü il

Hörmətli Yuli Solomonoviç!

Sizi – tanınmış mədəniyyət xadimi, Bakının əfsanəvi Şən və Hazırcavablar Klubu komandasının kapitanını 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram. Əminəm ki, yubileyiniz günü Bakıda keçən gəncliyinizi, yetkinləşdiyiniz illəri, Azərbaycanda təhsilin və səhiyyənin inkişafına layiqli töhfə vermiş gözəl valideynlərinizi xatırlayacaqsınız. Siz Bakıdan getsəniz də, qəlbən həmişə bu bənzərsiz şəhərlə min tellərlə bağlanmış bakılı olaraq qalmısınız.

Sizin geniş ictimai şöhrət tapmış fəaliyyətiniz zəmanəmizin, eləcə də şəxsiyyətinizin və istedadınızın bir çox cəhətlərini özündə əks etdirir. Azərbaycan xalqının nadir tarixi irsi, mədəniyyətlərin dialoquna sövq edən mənəvi mühit, cəmiyyətimizin çox yüksək səviyyədə olan tolerantlığı yaradıcılığınıza, şübhəsiz, təsir göstərmiş, ona xüsusi kolorit və cazibədarlıq vermişdir. Özünüzə xas tükənməz enerji Sizə çətin zəmanəmizdə də yeni-yeni layihələri müvəffəqiyyətlə həyata keçirməyə imkan verir. Sizə uğurlar diləyirəm.

 

Ən xoş arzularla, 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

“Azərbaycan” qəzeti, 9 avqust 2003-cü il