Azərbaycan Müəllimləri Qurultayına - Bakı şəhəri, 24 sentyabr 1998-ci il

Hörmətli qurultay nümayəndələri!

Sizi, bütün Azərbaycan müəllimlərini müstəqil respublikamızın ilk müəllimlər qurultayının açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan müəllimlərinin cəmiyyətimizin həyatında oynadığı rol müstəsna əhəmiyyətə malikdir. Müəllimlik xalqımızın ən çox hörmət etdiyi, ən çox əziz tutduğu bir peşədir. Təsadüfi deyil ki, cəmiyyətimizin ən layiqli nümayəndələri sənətindən, işindən asılı olmayaraq müəllim adlandırılır. Tariximizin bütün dövrlərində bu ada məhəbbətlə yanaşılmış və onun daşıyıcılarına xüsusi ehtiram bəslənmiş, diqqət göstərilmişdir.

Azərbaycanda tərbiyə və təhsil sisteminin qədim zəngin tarixi vardır. Hələ atəşpərəstliyə sitayiş edən azərbaycanlılar "Avesta"dan uşaqların dini-mənəvi və fiziki tərbiyəsi üçün, onlara oxu və yazı vərdişləri aşılamaq məqsədi ilə istifadə edirdilər. III-V əsrlərdə Sasanilərin hökmranlığı altında olan Azərbaycanda "dəbiristanlar" - ibtidai təhsil verən məktəblər geniş yayılmışdı. Bəzi tarixi mənbələr V-VII əsrlərdə Azərbaycanda ana dilində təhsil verən məktəblərin fəaliyyət göstərdiyini bildirir.

VII əsrin ortalarından etibarən islam dininin yayılmağa başlaması ilə Azərbaycanda da məktəblərin məscidlər nəzdində dini təhsil ocaqlarına çevrilməsi prosesi getdi. X əsrdə təhsil müəssisələrinin yeni növü - orta və bəzən də ali təhsil verən mədrəsələr meydana gəldi. Əsasən dini təhsil ocağı kimi fəaliyyət göstərən mədrəsələrdə islam dininin müddəalarını dərk etmək üçün dünyəvi elmlərin də tədrisinə xüsusi diqqət yetirilirdi. Azərbaycan mədəniyyətinin və elminin intibah dövrü sayılan XI-XII əsrlərdə Gəncə, Təbriz, Şamaxı, Naxçıvan, Həmədan və başqa iri mədəniyyət və ticarət mərkəzlərində zəmanəsi üçün mütərəqqi olan böyük mədrəsələr fəaliyyət göstərirdi. Azərbaycanın dünya şöhrəti qazanmış dahi mütəfəkkirləri Əbülhəsən Bəhmənyar, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və başqalarının yetişməsində mədrəsə təhsilinin müstəsna rolu olmuşdur. Azərbaycanda elmin və mədəniyyətin inkişafında mədrəsələrin böyük təsiri XX əsrə qədər davam etmişdir.

XIX əsrdə dünyada cərəyan edən güclü maarifçilik prosesləri Azərbaycanda yeni tipli təhsil ocaqlarının yaranmasına təkan vermişdir. Azərbaycanın Rusiyanın tərkibinə daxil edilməsi bu prosesləri daha da sürətləndirmiş və beləliklə, uzun əsrlər boyu fəaliyyət göstərmiş mədrəsələr öz yerini müasir tələblərə cavab verən tədris ocaqlarına verməyə başlamışdır. Bu tədris müəssisələrinin yaranması və inkişafında görkəmli maarifçilər Seyid Əzim Şirvaninin, Abbasqulu Ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun və başqalarının xidmətləri əvəzsizdir.

İyirmi üç ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə qayğısı xüsusilə diqqətə layiqdir. Məhz bu dövrdə Şərqdə ilk dünyəvi ali məktəbin - Bakı Dövlət Universitetinin əsası qoyulmuşdur. Sovet dövründə rejimin siyasi-ideoloji prinsiplərindən doğan nöqsan və çatışmazlıqlara baxmayaraq, Azərbaycanda təhsil sahəsində böyük irəliləyiş əldə olunmuşdur. Savadsızlığın ləğvi kurslarının fəaliyyəti, ümumtəhsil, peşə, orta ixtisas, ali məktəblər şəbəkəsinin daim genişləndirilməsi, ümumi təhsilin icbari və pulsuz olması, dövlətin təhsil sisteminə diqqət və yardımının get-gedə artması, şagirdlərin bir qisminin dövlət hesabına təmin edilib saxlanılması, orta ixtisas və ali məktəblərdə oxuyanlara müvafiq qaydada dövlət təqaüdünün verilməsi ölkəmizdə əhalinin təhsil səviyyəsinin yüksəlməsini şərtləndirən amillərdən idi. Müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda təhsilin bütün pillələrində öz ana dilində oxumaq hüququ da bu dövrün müsbət cəhəti kimi qeyd olunmalıdır. Bütün bunların sayəsində Azərbaycan qısa müddətdə vətəndaşlarının təhsil və elmi səviyyəsinə görə nəinki Şərqin, eləcə də dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir.

Azərbaycanın öz müstəqilliyini bərpa etməsi digər sahələrdə olduğu kimi, təhsil sistemi qarşısında da böyük vəzifələr qoymuşdur. Müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin yaradılması üçün köklü islahatların həyata keçirilməsi zəruri və təxirəsalınmazdır. Bu yolda çətinliklər də az deyildir. Sevindirici haldır ki, zəngin təcrübəyə və qədim ənənələrə malik Azərbaycan məktəbi bu gün də qarşıya çıxan bütün çətinliklərə və keçid dövrünün yaratdığı sıxıntılara baxmayaraq məhz Azərbaycan müəlliminin təlim-tərbiyəyə olan sönməz həvəsi, xalqımızın və respublikamızın parlaq gələcəyinə olan qırılmaz ümidi sayəsində öz işini uğurla davam etdirir.

Müstəqillik dövründə üzləşdiyimiz ağır bəla - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazimizin 20 faizinin işğal edilməsi ilə yaranmış sosial-iqtisadi çətinliklər nəticəsində ən çox zərər dəymiş sahələrdən biri də təhsildir. İşğal olunmuş ərazilərlə yüzlərlə təlim-tərbiyə ocağı yerlə yeksan edilmiş, onun illərlə yaradılmış maddi bazası qarət edilmiş, Öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımız min bir əzab-əziyyətə dözərək çadırlarda, təlim-tərbiyə üçün yararsız olan yerlərdə təhsil almaq məcburiyyətində qalmışlar. Bütün bu məşəqqətlərə sinə gərən Azərbaycan müəllimi bir daha şərəfli müəllim adını daşımağa layiq olduğunu sübut etmişdir.

Sizin bu qurultayınız müstəqil respublikamızın ilk müəllimlər qurultayı olsa da, Azərbaycanda müəllimlər qurultaylarının ictimai-siyasi hadisə kimi tarixi qədim, əhəmiyyəti danılmazdır. Müəllimlərimizin vaxtaşırı yığışaraq təhsilin qarşısında duran problemlərin həlli üçün yollar aramaları təqdirəlayiqdir. Hələ 1893-cü ildə Nuxa qəza müəllimlərinin qurultayı, Cavanşir, Şuşa, Cəbrayıl qəzalarında çağırılmış sahə qurultayları 1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin birinci qurultayının çağırılmasına zəmin yaratmışdır. Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Abdulla Şaiq, Üzeyir Hacıbəyov və başqa görkəmli maarifçilərin fəal iştirakı ilə keçirilən həmin qurultay Azərbaycanın ictimai-pedaqoji fikir tarixində mühüm hadisə olmuşdur. Sonralar Azərbaycan müəllimlərinin qurultayları müntəzəm olaraq keçirilməyə başlamışdır. Lakin sizin qurultaynız əvvəlkilərdən qarşısında qoyduğu məsələlərin daha vacib, daha aktual olması ilə səciyyələnir. Çünki dövr cəmiyyətimiz qarşısında çox məsul, qlobal tələblər qoyur və onların həlli bu gün sizin tərbiyə etdiyiniz gələcək nəsillərin öhdəsinə düşür.

Bu gün ölkəmizin qarşısında duran problemlərin həllində müəllimlərin fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır: Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək.

Ümidvaram ki, müstəqil Azərbaycan müəllimlərinin ən mötəbər məclisi olan bu qurultay təhsilimizin qarşısında duran məsələlərin həlli yolunda mühüm addım olacaq və pedaqoji fikir tariximizdə əhəmiyyətli yer tutacaqdır.

Hamınıza cansağlığı və xoşbəxtlik, qurultayınıza müvəffəqiyyət diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.