Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli Azərbaycan şairi Əliağa Vahidin anadan olmasının 100 illik yubiley gecəsi başa çatdıqdan sonra mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxışı - Respublika sarayı, 30 avqust 1996-cı il

Axşamınız xeyir olsun, sizi təbrik edirəm. Bu gün siz Vahidin ruhunu şad etdiniz. Belə hesab edirəm ki, bu yubiley gecəsi Vahidə layiqdir. Buradakı çıxışlarınızda siz dediniz ki, keçmişdə Vahidə lazımi qiymət verilməyib. Bəzən belə olur. Tarixdə belə hallar çox olubdur ki, dahi, böyük insanlar zaman, vaxt keçdikdən sonra, uzaq məsafədən daha düzgün qiymətləndiriliblər.

İndiyədək Əliağa Vahidin heç bir yubileyi keçirilməmişdir. Bu il, bu günlər keçirilən tədbirlər, xüsusən bu gecənin - şairin 100 illik yubileyinin bu qədər təntənəli, çox məzmunlu, mənalı olması, mən hesab edirəm, onun indiyədək yubileylərinin keçirilməməsini əvəz etdi.

Mən səmimi deyirəm, bu gün salonda oturarkən hislərim həddindən çox canlandı, həyəcanlandım. Xalqımızın, millətimizin, ədəbiyyatımızın, serimizin, incəsənətimizin nə qədər böyük olduğuna görə sizinlə bərabər böyük iftixar hissi keçirdim.

Vahid böyük bir xəzinədir. Bu gün siz bu xəzinənin ola bi­lər, bir neçə laylarını millətimizə göstərdiniz. Vahidin yaradıcılığı indiyədək həm ədəbi, həm də musiqili şəkildə bu qədər nümayiş etdirilməmişdi. Xalqımız Vahidi həmişə sevibdir. Onun sağlığında da, o, həyatdan gedəndən sonra da Vahidin qəzəllərinə çox gözəl mahnılar bəstələnibdir. Xalqımız Vahidi heç vaxt unutmayıbdır.

Burada siz də dediniz ki, Vahid dövlətlə təmasda olmasa da, xalqla bərabər, xalqın içində olubdur. Xalq onu sevibdir. Ancaq Vahidin yaradıcılığı belə yığcam toplu şəklində nümayiş etdirilməmişdı. Mən bilmirəm, bəlkə olub, hər halda mən sizin bu tamaşanıza, çıxışlarınıza baxarkən yaşadığım dövrü bir daha nəzərdən keçirdim. Görkəmli şairin yaradıcılığı xalqımıza, millətimizə heç vaxt belə təqdim olunmamışdı. Bu, həddindən artıq gözəl bir hadisədir.

Biz yubileylər keçiririk, böyük şəxsiyyətlərimizi yad edirik, gecələr keçiririk. Allaha şükürlər olsun ki, bu əmin-amanlıq dövründə, atəşin olmadığı vaxtda belə tədbirlərin keçirilməsı mümkün olmuşdur. Hər bir yubileyin öz yeri var. Şübhəsiz ki, heç biri o birisini nə əvəz edə bilər, nə də onun bərabəri ola bilər. Amma hər birinin öz xüsusiyyəti, gözəlliyi var. Bugünkü Vahid gecəsinin gözəlliyi məni həddindən artıq sevindirdi, həyəcanlandırdı.

Vahidin nə qədər gözəl qəzəlləri, şerləri, sözləri varmış. Yenə də deyirəm, Vahidin əsərlərini hər birimiz oxumuşuq. Birimiz bir dəfə bir qəzəlini oxumuşuq, bir muğamı eşitmişik. Amma bu gün siz bunları bir yerə yığdınız. Həm ifa etdiyiniz musiqi, həm də oxuduğunuz şerlərlə, mən hesab edirəm ki, hamını, o cümlədən də məni həyəcanlandırdınız. Bu yubiley gecəsi televiziya vasitəsilə respublikanın hər yerinə yayıldı. Ola bilər, gələcəkdə bunu təkrar etmək lazımdır. Çünkı bu, çox məzmunlu, gözəl gecə oldu.

Bu gün Elçin də burada dedi ki, "Vahid xoşbəxt adam olmayıb, amma çox xoşbəxt sənətkar olub". Ola bilər, onun həyatı doğrudan da ağır keçib. Sizlərdən biriniz də dediniz ki, Vahid həm maddi, həm də mənəvi çətinliklər içərisində yaşayıb. Bəli, belə olubdur. Bu, həqiqətdir. Vahid doğrudan da ağır vəziyyətdə yaşayıb. Mən bunu bilirəm. O, xəstə olduğu son illərdə, vəfatından əvvəl çox ağır bir həyat tərzi keçirıb. Bunların hamısı Vahidin qəzəllərində, şerlərində, digər əsərlərində öz əksini tapıbdır.

Mən bu gün sizi dinləyərkən özüm üçün bir nəticə çıxardım ki, Vahid nə qədər çətin həyat tərzi keçiribsə, ağır yaşayıbsa, ona nə qədər diqqətsizlik olubsa, qayğı göstərilməyibsə də, o, çox nikbin adam olubdur. Vahid xalqımızın, respublikamızın xoşbəxt gələcəyini nə qədər gözəl tərənnüm edib, bunları açıqca deyib. Deyəsən sən oxuyurdun ki, ölkəmiz laləzar olacaq, bunu bir də təkrar et.

Aktyor Ramiz Əzizbəyli:

Könül, həmişə səadət

bizimlə yar olacaq,

Xəzan qəmi itəcəkdir,

ölkəmiz bahar olacaq!

Tərənnüm eyləyəcək hər

çəməndə bülbüllər,

Bu odlar ölkəsi bir

başqa laləzar olacaq!

Şərəflə ömr eyləyir

hər kəs öz diyarında,

Sevimli ölkəmiz hər

fitnədən kənar olacaq.

Cahan işıqlanacaq sülh

ilə, ədalət ilə,

Bizim üfüqdə zəfər

nuru payidar olacaq!

Vətən diyarında, Vahid,

nə xidmət eylərsək,

Bu şanlı iş gələcək

nəslə yadigar olacaq!

Heydər Ə1iyev: Vahid bu sözləri həm bu gün üçün, həm də bu gün yaşayanların gələcəyə nikbin baxmaları üçün deyib. Bunlar nə qədər dəyərli sözlərdir!

Yenə də deyirəm, o qədər ağır vəziyyətdə yaşayan, o qədər çətinliklər keçirmiş, qayğısız, diqqətsiz qalmış insan gərək dünyadan küsəydi, nə gələcək, nə də başqa şey haqqında düşünməyəydi. Amma görün nə qədər gözəl sözlər deyib! Bu sözlər məni həddindən artıq heyran elədi...

Bu tədbir mənə elə təsir bağışlayıb ki, heç getmək istəmirəm. Bu gecə çox gözəl idi. Mən hiss etdim ki, bu gecə hər bir şəxs nə qədər ürəkdən, candan, dərin hissiyyatlarla çıxış edirdi.

Bilirsiniz, biz belə şeyləri həyatımızda çox görmüşük, indi də görürük. Şer, söz deyən, yaxud mahnı oxuyan insan bir var onu ifa edir, bir də var, hiss edirsən ki, bu, onun qəlbindən gəlir, o, bununla yaşayır. Mən hiss etdim ki, bu gün siz hamınız elə bil bu sözlərlə, bu mahnılarla yaşayırdınız. Bu da məni çox sevindirdi. Mən hesab edirəm ki, Vahid çox xoşbəxt adam olub. Xoşbəxt adam olubdur ki, bizə bu cür miras qoyub gedib.

İnsanın xoşbəxtliyi nədir? Xoşbəxtlik təkcə o demək deyil ki, o necə yaşayıb. Xoşbəxtlik odur ki, insan 70 yaşında vəfat edib, amma 30 il də ondan sonra yaşayır. Özü də necə yasayır! O, xalqına necə gözəl xidmət edib. Xalqını bu ağır vəziyyətdən çıxarmaq üçün görün nə qədər gözəl töhfələr, irs qoyub gedib...

Bilirsiniz, bu gün hər biriniz burada öz borcunuzu verdiniz. Bu gün mən heç kəsi bir-birindən seçə bilmərəm. Sizin bu ansamblınız bir-biri ilə o qədər ahəngdar, bağlı idi ki, yenə də deyirəm, mən onun təsiri altındayam.

Mən foyedə rəssam Adil Rüstəmovun xalqımızın sevimli sənətkarına həsr olunmuş qrafika əsərləri sərgisi ilə tanış olanda da dedim, Vahidin əsərləri başdan-başa fəlsəfədir. Bax, bu axşamkı yubiley tədbiri də bir fəlsəfə gecəsidir. Mən bunu belə qəbul etdim. Sizin oxuduğunuz o şerlər, dediyiniz sözlər, səslənən musiqi də fəlsəfədir. Bax, rəssam da bunu belə dərk edib. Onun çəkdiyi əsərlər çox gözəl rəsm əsərləridir və orada da fəlsəfə var. Siz şerləri oxudunuz, rəssam da o rəsmləri çəkib, Vahidin surətini müxtəlif kompozisiyalarda yaradıb, bu rəsmlərin hər birində də Vahidin şerlərindən misralar yazıb. Hətta o özü də Vahidin şerlərini yaxşı oxuyur. Mən sərgiyə baxarkən o, Vahiddən bir neçə şer oxudu. İstəyirsiniz desin.

Rəssam Adil Rüstəmov:

Gülşəndə idim seyrdə bir

yar idi, bir mən.

Bir bülbül idi, bir də

çəmənzar idi, bir mən.

Bülbül gülə, gül bülbülə

min naz eləyirdi,

Bir kəs yox idi, ol

güli-bixar idi, bir mən.

...Mən gecədə iştirak edən meyxanaçıların çıxışlarını yliksək qiymətləndirirəm. Meyxana xalqımızın, millətimizin folklorunun çox gözəl janrlarından biridır. Ruslar öz çastuşkalarını sevirlər, meyxana da bizim üçün belə sevimli janrdır. Amma bəzən nədənsə meyxanaya xor baxırdılar. Halbuki meyxana xalqın özünəməxsus bir folklorudur. Ona görə də mən meyxana deyənlərin ustalığını xüsusi qeyd edirəm. Onlar indiyədək belə məclisə çıxmamışdılar. Onlara da Vahid kömək edib və bu gün belə bir gecədə çıxış ediblər.